Hamı kənddən qaçır... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
157 | 2025-06-08 09:01

Dünyanın çox gözəl yerləri var, amma mənə görə dünyanın ən gözəl yeri kənddir. Məsələn mən kəndimizi- Bəhmənlini  dünyanın ən gözəl şəhərlərindən biri olan Parisə belə  dəyişmərəm.

Soruşa bilərsiniz ki, niyə? Niyəsi də bundan ibarətdir ki, kəndimiz dədə- baba yurdudur, heç harada, hətta İstanbulda o rahatlığı tapa bilmirəm, amma Bəhmənlidə tapıram! Mənə görə dünyanın  ən gözəl yeri elə öz kəndimizdir. Bir qədər tərifdən sonra keçirəm əsas mətləbə. Bu yaxınlarda bir gədəbəyli dostumla görüşdüm və gördüm ki qanı, lap qaradır. Soruşdum ki, qardaş, qanın niyə belə qaradır? Dostumun dərdi açıldı, nə açıldı. Dedi ki, bilirsən, qardaş 30 il bundan əvvəl bizim camaat kef edirdi.

Kənddə hamı  əkirdi, biçirdi,bəy kimi dolanırdı. Mal- qoyun saxlayırdıq, kartof əkirdik, işlərimiz çox rəvan gedirdi. Kartofu ilboyu dərin quyuda, qaranlıq yerdə saxlaya bilirdik. Hər ailə ildə 10 tona yaxın kartof götürərdi.Və bazara da bizə sərf eləyən qiymətə sata bilirdik. Onun pulu ilə taxıl və digər zəruri məhsullar alıb ilboyu bütün yeyib-içmək problemimizi həll edirdik. Amma sonradan hər şey dəyişdi. Bakı bazarlarına bizi buraxmadılar.

Kiloqramı bir manata satdığımız kartofa  səhər saat 4-5 radələrində alverçilər məcburən bizdən 30- 40 qəpiyə alırdılar. Əgər o qiymətə verməsək, mallarımız xarab olur və geri də qaytara bilmirdik. Bax beləcə camaatın əl- qolu işdən soyudu.Ona görə də kəndimiz yavaş- yavaş boşaldı.Yaşlı insanlar evlərin qapısını bağlayıb Bakıya qohumlarıgilə gəldi, gənclər isə Rusiyaya üz tutdular. İndi kənddə bir- iki ailə qalıb ki, onlar da yaşlı nəslin nümayəndələridir. Nə kartof əkən var, nə də mal- qoyun.

Ona görə baza- dükanları İranın, Rusiyanın, Misirin və digər ölkələrin kartofu ağzına götürüb. Amma Gədəbəy kartofunun özgə bir dadı var. Onu da satmağa imkan vermədilər. Çox təəssüf ki, yerli məhsulun istehsalına  ölkəmizdə maraq göstərilmir.Ona görə də xarici  məhsullar bazarlara doldurulub. Bəs bunun qarşısın kim almalıdır? Bax bunu bilmirik. Bildiyimiz odur ki, bizim əlimizi, qolumuzu bağladılar.

Mənim ata yurdmda bir hektar yerimiz var,amma əkib- becərmirik, oranı ot basıb və iki ildir ki, kəndə də getmirik. Amma şərait yaratsalar kartof da əkərik, mal- qoyun da saxlayarıq. Amma çox təəssüf ki, adiyyatı qurumlar bu şəraiti yaratmır, ona görə də kəndimiz boşalıb və ora qayıtmaq istəyənlər  yoxdur, olsa da çox azdır!!!

  • Iyun:
  • 6

TƏQVİM / ARXİV