Çörçill və Rey: gələcəyə yatırılan sərmayələr - İlqar Rəsul yazır

İLQAR RƏSUL
23506 | 2021-12-02 12:07

İnsanı məhvə aparan da, xilas edən də, ilk növbədə, onun əməlləridir. Əməllərimizdən yaxşı heç nəyimiz olmamalıdır.

ÖTƏN ƏSRİN İLK YARISI

Maraqlı əhvalat: XX əsrin əvvəllərində Uinston Çörçillin atası minnətdarlıq jesti kimi Aleksandr Fleminq adlı britaniyalı bir gəncin təhsil haqqını ödəyir. Fleminq oxuyub dünyanın məşhur mikrobioloqu olur, bəşəriyyətin taleyində ciddi rol oynamış penisilini kəşv edir. Və ikinci dünya müharibəsi  zamanı – 1943-cü ildə Uinston Çörçill Tunisin Karfagen şəhərində ağır xəstələnəndə penisilin onun həyatını xilas edir.

UYDURMA

21 dekabr 1943-cü ildə Daily Telegraph qəzeti Çörçillin penisilinlə sağaldığını bildirsə də, əslində onu May and Baker Ltd (Dagenham) tərəfindən kəşf edilmiş sulfanamid qrupunun yeni dərmanı – sulfapiridin xilas etmişdi. Bu qrupun ilk dərmanı olan prontosil isə Almaniyada kəşf edilmişdi. Görünür, həmin vaxt Böyük Britaniya Almaniya ilə müharibədə olduğundan ingilis qəzetləri Çörçilli penisilinin (yəni öz dərmanlarının) sağaltdığı hekayəsini uydurmuşdular.  

MAHİYYƏT

Bunları danışmaqda məqsədim, əlbəttə, Çörçilli o vaxt hansı dərmanın xilas etdiyini araşdırmaq deyil. Mənim bu əhvalatda (uydurma da olsa) əsas diqqətimi çəkən məsələnin tamam başqa tərəfidir: Deməli, Çörçillin atası bir gəncin təhsilinə pul xərcləyib, Böyük Britaniyanın dünyaca məşhur, Nobel mükafatçısı alimini yetişdirir, həmin alim də penisilini kəşf edib, Böyük Britaniyanın baş nazirini xilas edir. Dolayısı ilə, Çörçillin atası özü bilmədən həm də oğlunun gələcək həyatına sərmayə yatırmış olub.

BU GÜNÜMÜZ

Bu günlərdə qazi qardaşımız Rey Kərimoğlu ilə kitab təqdimatında idik. Rey çıxış edirdi, birdən qazi yoldaşı Azadın da tədbirdə olduğunu gördü, elə danışa-danışa da yaxınlaşıb, onun boynunu qucaqladı, hamıya müraciətlə dedi: “1992-ci ilin avqustunda, düşmənin arxasında kəşfiyyat əməliyyatı zamanı minaya düşüb yaralananda, məni orada qoymayıb mühasirədən çıxardan oğlanların biri budur”

1993-CÜ İLDƏN SONRA 

Müharibədən sonra Rey Kərimoğlu uzun müddət jurnalist kimi fəaliyyət göstərib (biz onunla eyni vaxtda parlament müxbiri də olmuşuq). İşlədiyi müddətdə Qarabağ müharibəsinə dair xeyli məqalələr, esselər, araşdırmalar yazıb, vətən fədailərinin problemlərini işıqlandırıb, hüquqlarını müdafiə edib. Bir sözlə, təkcə meydanlarda, etiraz aksiyalarında yox, həm də mətbuatda can qoyub bu adam. Yazılarının toplusundan “Kod adı Rey” adlı yaxşı, romana bərabər sənədli bir kitab da ərsəyə gəlib. Reyin həmin kitabında cəmləşən yazıları, müəllifi və aparıcısı olduğu məşhur “Müharibə adamı” televiziya layihəsi zamanında neçə-neçə şəhidin, qazinin haqqının verilməsinə, xidmətinin etiraf edilməsinə yol açıb… 

VETERAN

Müharibədən illər sonra Şahin adlı bir neftçalalı qazi nə qədər desə də ki, “mən veteranam, Qarabağda döyüşmüşəm”, sənədi yoxmuş deyə kimsə ona inanmırmış. Qapıda-qonşuda rişxənd edənlər də olurmuş, hər dəfə onun veteranlığından söz düşəndə. Yaxınları da əmin deyilmiş Şahinin Qarabağ qazisi olduğundan. İş o yerə gəlibmiş ki, xanımı da onu hərdən müharibədən söz açdığı üçün qınayır, tənə ilə – “yaxşı də, bilirik, döyüşmüsən, amma camaat içində danışma, ayıbdır” – deyirmiş. 

Bir gün Şahin qəzetdə keçmiş döyüş yoldaşı Rey Kərimoğlunun məqaləsini oxuyur, öz adına rast gələndə qəzeti götürüb məhəlləyə qaçır, dost-tanışa göstərib “baxın, – deyir, – burada mənim də adım çəkilir, amma siz döyüşdüyümə inanmırdınız”.  Kimsə qayıdır ki, “ölkə doludur Şahin adlı adamla, nə bilək haqqında yazılan sənsən?” Yenə inanmırlar Şahinə. Növbəti yazılarının birində Rey Kərimoğlu keçmiş döyüş yoldaşlarının siyahısını da dərc edir. Hamısını da adı, soyadı, atasının adı ilə. Şahin yenə qəzeti aparıb ona inanmayanlara göstərir. Bu dəfə hamı Şahinə inanır, yəqin ki, üzrxahlıq edənlər də olur. Sonradan Rey Şahini efirə – o vaxt hamının, illah da qazilərin, şəhid aillərinin səbirsizliklə növbəti buraxılışını gözlədiyi “Müharibə adamı” verilişinə dəvət edir, ocaq başında oturub birgə keçdikləri döyüşlərdən danışırlar. Verilişdə Şahin vaxtilə iştirakçısı olduğu “Umudlu döyüşü” barədə ətraflı danışır. Həmin verilişin və yazıların da sonradan Şahinin döyüşçü haqqının tanınmasına, ona veteran vəsiqəsi verilməsinə təsiri olur… 

SON 

Ogünkü kitab təqdimatında Rey ilə Azadın bir-birinə sarılması məni sevindirmişdi. Tədbirdən sonra birgə kafeyə getməyi təklif etdim. Qırımından anladım ki, Reyin də planı beləymiş. Getdik, oturduq, bu görüşü qeyd elədik. Olandan-keçəndən danışdıq, şəhidləri, qaziləri yad elədik. Sonra söhbət yenə də Reyin yazılarından düşdü və mən Azada dedim: 

“Bax, siz o vaxt “məni qoyun, gedin” deyən yaralı Reyi sürüyüb mühasirədən çıxaranda, əslində şəhidlərin, qazilərin haqqı-hüququ uğrunda mücadiləni, sonradan müharibə, ayrı-ayrı döyüşlər, döyüşçülər barədə yazılacaq yazıları, hazırlanacaq verilişləri, eləcə də Qarabağ savaşının gerçəklərini əks etdirən çox maraqlı bir kitabı odun-alovun arasından çəkib xilas edirmişsiniz… Dolayısı ilə, o vaxt siz özünüz də bilmədən öz gələcək həyatınıza sərmayə yatırırmışsınız”

29 noyabr 2021 

TƏQVİM / ARXİV