adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

DE BYAZİNİ TƏBRİK EDİRƏM, YIĞMA KOMANDANIN İÇİNƏ OTURDUĞUNA GÖRƏ - Aqil ABBAS yazır

AQİL ABBAS
654 | 2023-03-29 09:00

Sağ ol, dostum! Var ol, nə yaxşı sən varsan. Tanrı səni Azərbaycan futbolunun başından əskik eləməsin. Özün dediyin kimi, yığmamız çox yaxşı oynadı – 5:0 nədir ki? 10:0 da ola bilərdi, yaxşı kayf tutursan. 5 il Foqts oturdu Azərbaycan futbolunun içinə, yəqin 5 il də sən oturarsan futbolumuza.

Bakı gözəl şəhərdi, biz də çox qonaqpərvərik. Qonaqpərvər olmasaydıq çoxdan dalına bir təpik vurub, göndərmişdik İtaliyaya.

Hayıf deyil Bakı, yeyirsən əmlik ətindən, qara kürüdən, vurursan şotland viskisindən, kef edirsən özün üçün.

Nə badə istefa ərizəsi verəsən, qətiyyən! Əgər olmayan AFFA səni istefaya göndərmək istəsə, Foqts kimi sən də AFFA-nın rəhbərliyini şantaj elə.

Hələ qarşıda Belçika ilə, Estoniya ilə oyunlar var. Arzu edirik ki, bir-iki setka da top oralardan gətirəsən.

Mən sənə nə deyim ta, Allah işini avand eləsin.

Avdal-Gülaflı Şakir, qarmonçalan Şakir, çay qırağında bitib, susuz qalan ağacların sağlığına badə qaldıran Şakir, Rəmişin dostu Şakir sağ olsaydı, xoşu gəlməyən adamlara dediyi kimi, sənə də deyərdi:

- Ə, nemes oğlu, nemes, sənə nə pisliyimiz dəyib ki, bizi dünyada rüsvay edirsən?!

Nə isə. Bir daha səni səmimi qəlbdən təbrik edir, Azərbaycan futbolunun içinə oturmaqda uğurlar diləyirəm.

TƏQVİM / ARXİV