Dəlinin buynuzu olmur ki… - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
350 | 2025-04-08 10:54

Dəlilik işartıları

Həyatda hamıdan və hər kəsdən daha çox sığındığım və həm də güvəndiyim ünvan tənhalıqdır. Yəni Allahın görə biləcəyi və daha doğrusu, gördüyü həmin o ünvanda mən necə yaranmışamsa, necə varamsa həm zahirən, həm daxilən o cürə də oluram. Kimsə məni orada başqa cürə görə bilməz. Xüsusilə ona görə ki, mən tənhalıqda Allahımla və səninlə söhbət edirəm. Hətta Allahıma yalvarışlarımla  sənə müraciətlərim  o qədər mübhəmdir ki, onu bəlkə də kənardan dinləsən bir daha qarşıma çıxmaqdan ehtiyatlanarsan. Düşünərsən və bəlkə də əmin olarsan ki, öz-özü ilə danışan bu adam DƏLİDİ. Özü də elə bir dəli ki, nə dəlixanaya, nə də müalicəyə ehtiyacı  yoxdur. Yəni bu dəlilik sağalmayandı. Qana, ruha hopmuş dəlilikdi. Bədəni, ağlı, ürəyi idarə edən dəlilikdi. Hətta sənin dəli hesab etdiyin bu adam səninlə söhbət edəndə,təbii ki, öz sığındığı məkanda , sən də dəli olursan. Bilirsən niyə?

Ona görə sən də dəli olursan ki, onun verdiyi sualların cavabı bunu tələb edir. Axı dəli sualların cavabı da dəli olur. Deməli, mən əgər sənin təbəssümünü, çöhrəni, saç düzümünü başqalarından fərqli görürəmsə, fərqli dəyərləndirirəmsə və sən də güzgüyə baxıb mənim dediklərimi müşahidə edə bilmirsənsə, onda mənim dəliliyimə şübhən qalmır. Amma mən həmin dediklərimi təkrar israrla dilə gətirirəmsə və sən mənim yaratdığım aurada yavaş-yavaş özündən uzaqlaşırsansa, bax, onda özünə  mənim gözlərimlə baxırsan …Mənim hislərimlə qiymət verirsən özünə və nəhayət sən də görürsən ki, saç düzümün fərqlidi, təbəssümün fərqlidi, oturuşun-duruşun fərqlidi. Hətta mənim adımı da hamı kimi yox, fərqli deyirsən. Onda içindən qəribə bir hiss gəlib keçir. Şübhəli hiss. Təkrar güzgüyə baxırsan və dəli olduğunun əlamətləri kimi görürsən yaşadıqlarını…

Bütün bunlar kiminsə xoşuna gəlmək üçün, kiminsə qəlbinə yol tapmaq üçün kağıza köçürülmür. Bu mənim tənhalıqda pıçıldadıqlarımdı, etdiyim söhbətin 5-6 cümləsidi. Onu məktub kimi yazmaq da istəyirəm. Özü də keçmiş illərdəki  məktublar  kimi. Əgər xatırlayırsınızsa, çox da uzaq olmayan keçmişdə məktublar belə başlayırdı.

- Əvvəla salam. Salamdan sonra əgər zəhmət çəkib bizim tərəflə hal-əhval tutmaq istəyirsənsə…

Bəli, belə başlayırdı məktublar. Arasında gül ləçəyi, ürək şəkli. Üstündə isə göndərənin adının yeri boş qalırdı. Oxuyan, yəni məktubun qəhrəmanı hansısa bir sözdən bilirdi ona kimin üz tutduğunu ... kimin  məktub yazdığını. Çəkilib xəlvətə oxuyurdu… sonra gül ləçəyini qoxlayıb yenidən məktubun arasına qoyub gizlin  bir yerdə, ən çox da kitabların arasında , ya  da gündəlik  geyinilməyən  paltarların  içində  gizlədirdi. Özü ilə gəzdirənlər də olurdu o məktubu, cırıb yandırıb atanlar da. Amma bütün hallarda sevgidən xəbər tuturdu. Anlayırdı, hiss edirdi ki, onu düşünən var, onu xəyal edən var, onu yuxusunda görən var. Onunla bir ömrü bərabər bölüşmək istəyən var…

Mən bu duyğuların yaşının neçə min il olduğunu dəqiq bilmirəm. Lakin əminəm ki, sevgi insandan əvvəl yaradılan duyğudu, hissdi Tanrı tərəfindən. Zənnimcə  elə Tanrı insanı sevdiyi üçün yaradıb  SEVGİNİ!. Və həmin özəl sevgisindən insana  da pay verib. Və insan da o sevgidən qaynaqlanıb öncə Allahını, sonra valideynlərini, sonra da bir-birini sevməyə başlayıb. Beləcə, şaxələnib sevgi duyğuları. Bu məqamda orta məktəbin aşağı siniflərində oxuyarkən yazdığım şeirin müəyyən məqamları yadıma düşdü. Onda yazmışdım ki:

 

Sənə sevinc dilərəm,

Dünyanın özü boyda.

Mənim bəxtimə düşsün,

İynənin gözü boyda –

Bəsimdi!..

 

Dilərəm sənin üçün

Ürəyin nə istəsə.

Mənə sənin gözlərin

Sevgim, sevənim desə  -

Bəsimdi!..

 

Bu, mənim məktəb illərimin şeirlərindəndir. O illərin ki, sevginin mehi əsirdi. Biz də hiss edirdik, duyurduq yavaş-yavaş o sevgiləri. Amma indi təkcə duymuram, həm də yaşayıram sevgini. Özü də açıq-aşkar. Özü də dəli kimi. Təəssüf ki, bu sevgi boynu bükük qalıb, gözü yolda, fikri, xəyalı yanında və bir də tənhalıqdı.

Bəlkə də qınayacaqsınız, bəlkə də haqlı çıxaracaqsınız deyə bilmərəm. Lakin bir şeyi dəqiq bilirəm ki, heç bir duyğu, heç bir hiss elə-belə yaranmır. Onu yaradan cazibə qüvvəsidi. O cazibə qüvvəsi öncə gözləriniçəkib  onun arxasınca   aparır, sonra da bütün varlığını. Mən də dünyanın ən güclü, necə deyərlər daşı-daşa yapışdıran, yeri göyə, göyü yerə sirdaş, məsləkdaş edən o maqnit gücünün yaşatdıqlarını yaşayıram. Harda olmağımdan, kiminlə söhbət etməyimdən asılı olmayaraq hər yerdə, hər an səni yanımda görürəm, səni özümlə götürürəm, özümlə aparıram. Özü də səndən soruşmadan, izin almadan. Çünki,  mən sevginin özəlliyini, tamlığını özümə sığınacaq, ümid yeri seçmişəm.  Bilə-bilə, inana-inana, necə deyərlər dəlicəsinə.

Hə, sevginin dəlilik olduğunu deyənlər haqlıdır. Çünki onlar da bir   tərəfdirlər. Qoşalaşmaq, bir yerdə olmaq istəkləri onlara əlçatmaz olub. Ona görə də davranışları da, öz güşələrinə çəkilmələri də qəbul ediləndi. Yəni bu dəlilik əbədidi və şükürlər olsun ki, mən öz dəliliyimin müalicəsini axtarmıram. Sadəcə məni dəli edənin yanımda olmasını istəyirəm. Bu, hətta günah sayılsa da. Neynəyim, dəlinin buynuzu olmur ki…

 

TƏQVİM / ARXİV