adalet.az header logo
  • Bakı 12°C

“Diderot effekti”nə tutulan cəmiyyət – Eminquey yazır

EMİNQUEY AKİF
1412 | 2022-12-19 12:42

Əgər insan “insan olmağı” unudursa, formaların, məkanların əsirinə çevrilir. Bədənini də, ruhunu da nəsnələrə təslim edir.

Tutaq ki, geyindiyi paltarın, oturmaq istədiyi məkanın, sürdüyü maşının, istifadə etdiyi telefonun dəyəri ilə özünə dəyər biçir.

Bu adamlar dinə-filan gələndə də eyni şeyi edirlər. İmanları, təqvaları hicabda, bağlı geyinməkdə, saqqalda, namazın sayında olur.

Bu adamları elm, nəciblik, əxlaq və başqa mənəvi məsələlər maraqlandırmır.

Bu adamlar özləri olmaqdan çox, başqası olmağa can atırlar. İsraf edirlər, amma “özünə dəyər ver” adı ilə özlərinə təsəlli verirlər.

Narsistdirlər, əslində xoşbəxt deyillər və günü-gündən belə insanların sayı artır.

Bir gün fransız filosof Diderot borc bataqlığına düşür. Rus imperatoriçası Böyük Katerina Diderotun vəziyyətindən xəbər tutur. Ona nəcib bir təklif edir və bütün kitabxanasını alır. Amma sonra ona geri qaytarır. Bununla kifayətlənmir, Diderota 25 illik maaşını birbaşa ödəyir və onu öz kitabxanaçısı kimi işə götürür.

Beləcə Diderotun əlinə böyük miqdarda pul keçir. Bütün borclarını ödəyir. Və xeyli vaxtdır ürəyindən keçən qırmızı rəngli bahalı bir xalat alır. Bu xalat o qədər şux və görkəmlidir ki, evdəki əşyalarının heç birinin bu xalatla uyğun gəlmədiyini görüb yeni əşyalar almağa başlayır. Dəyişə-dəyişə bir də baxır ki, evdə köhnə əşya qalmayıb və özü də yenidən borcu borc üzərinə yığıb. Düşdüyü bu vəziyyətə baxıb deyir: “Köhnə xalatımın sultanı idim, amma yenisinin köləsi oldum”.

O zamandan sonra bu halətə Diderot effekti deyirlər. Ehtiyacı olmayan şeyləri almaq hissi. Daha dəqiqi, göstərişə can atmaq arzusu.

Çevrilib cəmiyyətə baxanda əksəriyyətimizin Diderot effekti yaşadığımızın fərqinə varırıq. Ehtiyacımız yoxdur, amma bahalı toy süfrələrimizdə lazım oldu-olmadı n qədər yemək var. Ehtiyacımız yoxdur, amma mütləq bahalı maşında gəlin gətirməliyik. Ehtiyacımız yoxdur, amma bahalı geyimlər, telefonlar işlətməliyik. Ehtiyacımız yoxdur, amma bahalı qəbir daşımız olmalıdır. Deməsinlər ki, filankəs kasıbdır.

İndiki dövr ehtiyac olanı istehsal etmək dövrü deyil, əvvəlcə istehsal edib sonra ehtiyac yaratmaq dövrüdür.

“Axın” adı ilə bir-birilərinin videolarını, zarafatlarını, davranışlarını, geyim və həyat tərzlərini kopyalayan gənclər törəyir.

“Fenomen” olmuş adamların vasitəsilə bizə ehtiyacımız olmayan şeyləri soxuşdurmaqla yanaşı öz həyat tərzləri ilə kopyalamaq xəstələyinə tutulmuş gənclərə “əla” nümunə olurlar. “Nə edirsən et, fenomen ol, varlanacaqsan, lüks həyat yaşayacaqsan” ideyasını düşünə bilməyən beyinlərə dürtürlər.

Böyük ideyaları, faydalı ixtiraları, xəstəliklərə çarə tapmaq kimi idealları dəbdəbəli məhsulları istehlak etmək əvəzləyir.

Nə oldu ki bu duruma düşdük?

Bu vəziyyətdən necə çıxacağıq?

Düşünmək lazımdır.

Barı bu kimi vəziyyətdən çıxa bilən, cəmiyyəti elmə, tərəqqiyə, inkişafa doğru can atan millətləri, dövlətləri kopyalamaq lazımdır.

Bəlkə heç olmasa kopyalamaq bir işimizə yaradı.

  • Dekabr:
  • 1

TƏQVİM / ARXİV