adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Dininiz, Allahınız yoxdur, barı ədəb-ərkanınız olsun - Eminquey yazır

EMİNQUEY AKİF
2813 | 2023-03-06 12:01

Sevgi bir libas kimidir, əyninə geyindinsə, o geyimin haqqını verməlisən. İstər insan sevdin, istər Allah, istər din, istər azadlıq, istərsə də Vətən. Nə təəssüf ki, sərli-səliqəli geyinən hər adamın mənəviyyatı geyimi kimi gözoxşayan olmur. 

Məsələn, Əhməd deyir, Allahı sevirəm. Amma içində Allahdan başqa hər cür büt, Allah var. Onlara tapır, onlara arxalanır.

Məsələn, Məmməd deyir, mən dindaram, Hüseyn aşiqiyəm. Amma öz dininin buyurduğu tərzdə həyat sürmür. Söyüş ağzından əksik deyil. Dindar olmayanlara qarşı nifrəti, qəzəbi var. Hüseyndə olan şücaətdən, mərdlikdən zərrə qədər pay götürməyib.

Məsələn, Əli deyir, mən azadlıq aşiqiyəm, demokratiya tələb edirəm. Amma bir nöqsanını de, imkanı olsa, səni dərmə-deşik edər. Cəsədini də ibrət olsun deyə 28 Mall-ın girişindən asdırar.

Məsələn, Vəli deyir, Vətən sevdalısıyam. Amma bu Vəli harda nadürüst əməl var, onunla məşğuldur. Rüşvət də alar, donos da yazar, torpağını da satar.

Belə müqayisələr aparsam günlər çəkər. Xülasə, bu əhmədlər, məmmədlər, əlilər, vəlilər anlamaz ki, tutduqları əməllə öz sevgilərinə də zərər verərlər, o məhfumlara qarşı olan sevgilərə də. Virus kimi yayılar bu nadürüst sevgilər.

İzləyirəm, biri yazır ki, nə şişirtdiniz, adi adamdı da ölüb. Dindən nə xeyir gəlib camaata. Guya ki elmin, tərəqqinin fövqündədir bu cür yazan adamlar. Və neçə-neçə insanlara öz elmləri ilə həyat bəxş ediblər. Biri yazır ki, onu sevməyənlər ölsünlər. Digəri yazır ki, o, saray alimi idi. 

Unudurlar ki, hərə öz inancını, elmini yox, insanlığını sərgiləyir. Bax, bu adamların ağzına gələni yazdıqları insan isə ona görə fərqli idi ki onun üçün insanlıq hər şeydən əvvəldə gəlirdi.

O, elə öz sevənlərinə də qısa ömrü boyu bunu başa salmaq istədi. Ki, ay Hüseyn aşiqi, kimsə Hüseyni bəyənmirsə, qılıncını çəkmə, sox qınına, danış, əl uzat. Kimsə dindən şübhəlidirsə, daşa basma, ona doğru addım at. Söyüşsüz, hay-küysüz, nifrətsiz. 

O, sevənlərinə insanlığı təbliğ edirdi əslində, dini moizələr işin səthi tərəfidir. Nə təəssüf, çox az adam ondan bəhrələnə bildi.

Sonuncu dəfə Məhərrəm ayında Məşədi Dadaşdan səsləndi:

"Baxın çevrənizə, nə qədər gözəl insan var, baxırsan, xeyirxahdı, vicdanlıdı, dürüst adamdı, amma dinsizdi, bəlkə də Allahsızdı. Baxırsan, başqa biri Allahı var,dini var, amma insan deyil. Demək ki biz bu illər ərzində işimizi düzgün görməmişik. Demək ki insanların dindən, Allahdan uzaq qaçmağından böyük payımız var".

Hər şeyin bir ədəb-ərkanı var, dininiz olmaya bilər, imanınız olmaya bilər, Allahınız olmaya bilər, barı ədəb-ərkanınızı itirməyin!

Sevdiyiniz ideyaları o ideyalara layiq şəkildə daşıyın. İstər ateist olun, istər teist, istər deist, istərsə də...

TƏQVİM / ARXİV