adalet.az header logo
  • Bakı -°C

DOĞRULAR, ƏYRİLƏR - 4 - Seyfəddin Altaylı yazır

SEYFƏDDİN ALTAYLI
216759 | 2020-08-28 18:14
A- A+

(Əvvəli burada)

"'Nə edək bəylər, dünya hər 100 ildə bir dahi yetişdirir, taleimizə baxın ki, bu yüzildə o dahini türklər yetişdirmişdir”.

Churchill

"Eşq ilə gələn ərənlər içər ağuyu nuş edər

Topuğa çıxmayan çaylar dəniz ilə savaş edər”

Yunis Əmrə

Tarixi, tarixi şəxsiyyətlər yaradır. Onlara hörmətsizlik tarixə hörmətsizlik anlamındadır.

Ayasofiya camesinin muzey olan hissəsinin ibadətə açılması olayını hər bir müsəlman türk övladı alqışlamışdır, alqışlayacaqdır, alqışlayıram. Ancaq bu tarixi hadisənin yönü nahaqcasına Türkiyə Cümhuriyyətini silahdaşlarıyla birlikdə ölkəni vahid bir yumruğa döndərərək yaradan Atatürkə hücum etmə siyasətinə döndərilmişdir. Niyəsini anlamaq mümkün deyil. Bəlkə də gözü götürməməkdir?!

Cümhurbaşqanı Ərdoğan 16.3.2019-cu il tarixində Təkirdağda seçki mitinqində çıxış etdiyində Ayasofiyanın ibadətə açılmasını istəyənlərə bu sözlərlə cavab vermişdir:

"Ayasofiya came olsun deyənlər,

bu məsələni yaxşı fikirləşməliyik. Bunun siyasi bir yönü vardır. Yan tərəfdə Sultanəhməd camesini doldura bilməyəcəksən, Ayasofiyanı dolduraq deyəcəksən. Bu cür tələlərə düşməyək. Bunların tamanı bizə qurulmuş bir oyundan ibarətdir".

Və aradan bir il ötəndən sonra isə bu bəyanatı yaymışdır: "1934-cü il tarixində tək partiya dövründə Ayasofiyanın muzey olmasıyla bağlı yetişilən bu qərar tarixə xəyanət olmaqla yanaşı, hüquqa da ziddir".

Yəni Atatürk tarixə xəyanət etmişdir!?...

Sayın Cümhur başqanı!

Atatürk Ayasofiyanın daimi olaraq muzey olmasını istəsəydi və sənədini də o cür təsdiqlətsəydi tarixə və mərhum babamız Fateh Sultan Məhmədin mirasına dediyiniz kimi xəyanət etmiş olardı. Ancaq Atatürk xüsusilə onun təmirini əmr etmiş və keçmiş görkəminə qayıtmasını təmin etmiş, sənədini də came kimi təstiq etdirmişdir. Tarixi həqiqətlər Atatürkün tərəfindədir …

Bu olaydan öncə də "İki ayyaşın çıxardığı qanun mötəbər olur, dinin əmr etdiyi bir qanun sizin üçün nəyə görə qəbul edilməməlidir?"- deyərək eyhamla Atatürkü əyyaşlıqla ittiham etmişdiniz və bir partiya rəhbərinə hücum çəkmək xatirinə Türkiyə Cümhuriyyətini yaradan insana o sözləri söyləmişdiniz. Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı kimi oturduğunuz stolu sizə təhvil verən və bu dövləti yaradan Atatürk üçün bu sözləri deməyə diliniz nə cür döndü bilmirəm?!

Dövlətimizə qəsd edən və Vaşinqtondan idarə olunan Fətö terror təşkilatına vurduğunuz zərbəni alqışlayıram. Ancaq siz 8 iyun 2018-ci il tarixində belə demişdiniz:

"Fətönün bizim zamanımızda böyüdüyü iddiasına qarşı çıxmaram. 17 universitet istədilər verdik, məktəb üçün yer istədilər verdik, türkcə olimpiyadaları dedilər, yaxşı dedik, nə istədilər də vermədik!?"

Sizin baş nazirliyiniz dövründə qondarma Balyoz, Ərgənəqon, Poyrazköy adı qoyulan və Fətönün barmağıyla qaldırılmış cinayət işləriylə yüzlərlə şərəfli Türk zabiti yalançı günahlarla zindanlara atıldı, bəziləri bu nahaq ittihamları hərbçi ləyaqətinə sığışdırmayaraq özünə qəsd etdi. O zabitləri zindana salan Fətöçü savçıları (prokuror) alqışladınız, indi isə onları tutmaq üçün axtarırsınız, ancaq əlinizə keçmirlər. Sizin baş nazirliyiniz dövründə Türkiyənin kosmik otağına daxil olunaraq dövlətin məxfi sirrləri oğurlanıb Amerikaya aparıldı.

PKK-çı terrorçular üçün, "Çözüm sürəci də bunlar bizi aldatdı" - dediniz. Ancaq Atatürkü dünyanın heç bir lideri aldada bilmədi…

İstanbulun Tuzla qəsəbəsində

bir küçəyə Atatürkə "firon" deyən və Türkiyənin şəriət dövləti olmasını istəyən bir yazıçının adının verilməsi qərarı İstanbul bələdiyəsində AKP və MHP qrupunun səsləri ilə qəbul edildi.

Atası və anası Mövləvi olan, 7 yaşında Qurani-Kərimi əzbərləyən, Türkiyə Cümhuriyyətini yaradıb Cümhurbaşqanı seçildikdən sonra öz maaşıyla Quranı təfsir etdirib 20 min tirajla xalqa pulsuz payladan Atatürk bütpərəst idi? Siz ona firon deyən adamın adının o küçəyə verilməsinə bir dövlət xadimi olaraq mane olmalıydınız, olmadınız. Üstəlik iki naziriniz o adamın yanına yoluxdu…

Atatürkün əmriylə yaradılan Türkiyə Diyanət Başqanlığının stolunda əyləşən Əli Ərbaş adlı şəxs Ayasofiyanın ibadətə açılması mərasimində; "Fateh Sultan Məhməd Xan gözünün giləsi olan bu möhtəşəm məbədi qiyamətə kimi məçid olmaq şərtilə vəqf edərək möminlərə əmanət edib. Bizim inamımızda vəqf malı toxunulmazdır. Toxunanı yandırar. Vəqf edənin şərtindən əl çəkmək olmaz, ona uymayan lənətə tuş gələr" - deyərək dolayı yolla Atatürkə lənət oxudu.

Ulu Peyğəmbərimiz, "lənət deməyin, o lənət sizə qayıdar" - demişdir cənab Əli Ərbaş və bir cümlə də sizə: Atatürkün Ankarada millətə vəqf etdiyi, ona bağışladığı "Atatürk Orman Çiftliyi" darmadağın edilmişdir, o lənətdən onu edənlərə də pay düşürmü?!

Mərhum Atatürk 1934-cü ildə Ayasofiya camesinin bir hissəsinin muzey olmasını bir hissəsinin də ibadət üçün ayrılmasını istəməklə qərb dünyasına "Türkiyə Cümhuriyyəti qərbyönlü dünyəvi dövlətdir, bu yolda da yeriyəcəkdir" məsajını vermişdir. Bu addımıyla həm Montrəux sazişi ilə İstanbul və Çanaqqala boğazlarında Türkiyənin tam hakimiyyətini təmin etmiş, həm də Hatay (İskəndərin) məsələsini həll edərək digər siyasi addımlarıyla Türkiyənin dünya nəzdindəki yerini möhkəmləndirmişdir.

Atatürkün rəhbərliyində

bir tərəfdən İstiqlal Müharibəsi yeridilərkən digər tərəfdən də uluslararası sazişlər bağlanmışdır. Fransa ilə 1921-ci ildə imzalanan Ankara sazişi ilə məcburən Suriya və Hatay Fransanın hakimiyyətinə buraxılsa da, Atatürkün qabaqgörənliyi ilə sazişə ordakı türklərin hüquqlarının qorunması və bölgəyə muxtariyyət verilməsiylə bağlı maddələr əlavə etdirilmişdir. Fransanın bölgəni həmin il Hələb vilayətinə bağlaması Türkiyəyə mənfi təsir bağışlasa da, 1926-cı ildə Türkiyənin təzyiqi ilə seçkilər keçirilmiş "Müstəqil İskəndərun Hökuməti" yaradılsa da, Fransa ikinci bir qərarla onun adını "Qüzey Suriya Hökuməti" kimi əvəz edərək Dəməşqə bağlamışdır. İkinci Dünya Müharibəsinin küləkləri əsməyə başlayınca, Almaniya və İtaliyadakı faşist rejimlərin işğalçı siyasətləri başda Fransa olmaqla, avropalıları təşvişə salmış, Türkiyə də bundan istifadə edərək, 1936-cı ilin 9 oktyabr günü Fransaya bir nota verərək İskəndəruna müstəqillik vərilməsini tələb etmişdir. Fransa boyun qaçırınca Türkiyə məsələni Millətlər Cəmiyyətinə aparmış, həmin ilin dekabr ayının 14-cü günü Hatay vilayəti daxili işində azad, xarici işlərində Suriyaya bağlı bir statuya qovuşmuşdur. Fransa da bölgə ilə bağlı rəftarını Türkiyənin təzyiqi ilə dəyişdirmiş və 1937-ci ildə imzalanan sazişlə özünün təyin etdiyi valini kənarlaşdırıb yerinə bir türkü təyin etmişdir. Atatürkün əmriylə 5 iyul 1938-ci il tarixində Türk ordusu Hataya daxil olmuş, aparılan seçki nəticəsində Hatay Cümhuriyyəti yaradılmış və cümhuriyyətin rəhbərləri Türkiyə ilə birləşməyi istəmiş və Hatay Türkiyə torpaqlarına daxil edilmişdir. Bu bölgə və İskəndərun limanı Qıbrıs adasının əmniyyəti, Türkiyənin Ağdənizdəki milli hüquqları yönündən həddən artıq strateji önəmə malikdir. Atatürkün Hatay təkidi oradaki türklər və Kıprısa görə idi.

Əziz oxucu!

İstiqlal mübarizəsinə qoşulan görkəmli yazıçı Xalidə Ədib Adıvar Ankarada üzləşdiyi bir olayı xatirələrində qeyd edib: "Qızılay təşkilatında sədr idim. Düşmənlərin işğalı altındakı vətəni xilas etmək məqsədilə Atatürkün başlatdığı Azadlıq Mübarizəsi üçün konfranslar təşkil edirdik. Ankarada bir konfransda çıxış etdikdən sonra yanıma basma çitdən don geyinmiş bir qadın yaxınlaşdı, deyəsən gözləri yaxşı görmürdü. Yaxınlaşan kimi də boynumu qucaqlayıb ağlaya-ağlaya: "Mən özgələrinin pal-paltarını yuyub pul qazanıram qızım. Həm güzəranımızı təmin edirəm, həm də yeganə güman yerim olan qızımın illik təhsil pulunu yığıram. Müəllim məktəbində oxuyur. O da bir gün müəllim olacaq və sənin kimi xalqın qarşısında çıxış edə biləcəkdi. Bircə oğlum vardı, Çanaqqala döyüşlərində şəhid oldu. Döyüşdən, müharibədən söhbət açdın, ancaq Çanaqqalanı, orda şəhid olanları dilinə gətirmədin". Qadın bunu dedikdən sonra əlini döşünə saldı və min lirə çıxarıb mənə uzadaraq, "Bunu götür, cəbhədə yaralanıb Qızılaya gələn yaralılarımız üçün xərcləyərsiniz". Özümü saxlaya bilmədim və gözümün yaşı sel olub axdı. Geriyə döndüm, yardımçım Zəhra xanım yaxınlaşaraq: "Bu böyük puldu Xalidə xanım və ankaralı kişilərdən cəmisi bu qədər pulu ancaq yığa bilmişik, xalq çox kasıbdı” - dedi.

Sayın Cümhurbaşqanı!

Atatürk ayağına geyməyə çarıq tapa bilməyən, düşmənlə vuruşmada kifayətli silahı olmayan, 80 faizi xəstə, əlil, qoca və qadın olan 11 milyonluq əhalini güneylisi-qüzeylisi, şərqlisi-qərblisiylə birləşdirib vahid bir yumruğa döndərdi və ölkəni xilas etdi.

Sizin ibadətə açdığınız Ayasofiya, İstanbul, Hakkari, Tuncəli, Mosul, Antəp, Urfa, Afyon, Əskişəhir, Samsun, Mərzifon, Batum və İzmit İngilis işğalındaydı. Sonra onlar Urfa, Maraş, Adana, Antəp vilayətlərini fransızlara hədiyyə etdilər. Muğladan Antalyaya, Aydından Konyaya kimi İtaliyan işğalındaydı. Şərqdə ermənilər dövlət qurmaq üçün rusların silahlarıyla xalqı soyqırımla məhv edirdi. Yalnızca, bir gündə Ərzurumda 3000 məsumu uşaqlı-qocalı binalara dolduraraq diri-diri yandırmışdılar. Rus zabiti Tverdo Xələbov xatirələrində bu vəhşəti qeyd edibdir. Qaradənizdə rumlar dövlət yaratmaq cəhdində, Qars, İgdir və Ardahan bölgələri rus işğalında idi.

Atatürk, Xalidə Ədib Adıvarın təsvir etdiyi o kasıb xalqa rəhbər olub İstiqlal Müharibəsini qazandı. Siz bugün 84 milyonluq Türkiyənin Cümhurbaşqanlığı stolunda əyləşmisiniz və bölgənin ən böyük gücünə çevrilmiş, dünya səviyyəsində hörməti, qüdrəti olan bir dövlətin başındasınız və bundan güc alıb müəyyən yerlərə barmaq silkələyirsiniz, alqışlayıram... Ancaq bu ölkəni 17 ildə bu səviyəyə siz gətirmədiniz. İnönü, Calal Bayar, Məndərəs, Dəmirəl, Özal, Əcəvit və adını saya bilmiyəcəyim şəxsiyyətlərimizin əməyi ilə yaranmış Türkiyənin stolunda əyləşmisiniz. Bu da sizin bəxtinizdir.

Dünən oturduğunuz stolu Atatürk, İnönüyə, o Calal Bayara, Dəmirələ, Özala və digərlərinə təhvil verdi. Dünən onlar idi, bu gün sizsiniz, sabah siz olmayacaqsınız, hamı kimi bunu yaxşı bilirsiniz.

Dağıstanlı yazıçı Rəsul Hamzatov, "Keçmişinə güllə atanı gələcək topa tutar" demişdir. Müsbət işlərinizi alqışlayıram, daim alqışlayacayıq. Ölkəmizin, dövlətimizin sarayına qoyduğunuz hər bir kərpiç üçün mən və mənim kimilər sizə minnətdardır, indən belə də olacaqdır, ancaq Atatürkə qarşı söyləmləriniz əsla qəbul edilməzdir. Siz yalnızca AKP-nin deyil, 84 milyonluq Türkiyənin Cümhurbaşqanısınız, birləşdirici, bütövləşdirici olmalısınız, dağıdıcı yox... "Siz məndən, bizdən deyilsiniz!"- demək qaranlığın başlanğıcıdır…

21 Avqust günü

çox şükür xalqımıza bir müjdə verdiniz, nəhayətsiz təşəkkürlər. Və dediniz ki, "Daha öncə Tuna-1 adlandırılan bu sahəyə Sakarya Qaz Sahəsi adını verdim". Naziriniz və kürəkəniniz Bərat Albayraq da "Bugünün bizim üçün belə bir anlamı var, millətimizin tarixində avqust zəfərlər ayıdır. Malazgirtdən Mohaça, Böyük Taarruzdan Sakaryaya kimi həqiqətən avqust ayında çox böyük şanlı zəfərlərə imza atmışıq" - dedi.

Sizin bütün dünyaya mesaj kimi verdiyiniz Sakarya adı dünya tarixində 22 gün 22 gecə davam edən dünyanın ən böyük müharibəsini eyhamla "tarixə xəyanət etmişdir", "əyyaşdır" dediyiniz Atatürk qazanmış, düşməni məhv edən o müharibəni udan ordunu o idarə etmişdir …

Atatürk Haqq dünyasındadır, siz də, mən də, digərləri də həmin dünyaya vədəmiz çatanda gedəsiyik. Adları tarixə şərəflə yazılmış insanların ki, onlar fiziki varlıqları yaşamadığına görə, özlərini müdafiə edəcək qüdrətdə deyillər, sizin söyləmlərinizə qarşı cavab verə bilməzlər...

Sonra… Siz Türkiyənin hər bir problemini həll etdiniz, yalnızca problem kimi Atatürk qaldı?! Düzəlibdi hər yarağı, qalıbdı saqqal darağı?!

Əziz oxucu!

Yaxşı bilirsiniz ki, tarixi şəxsiyyətlərin ləyaqətinə qara yaxmağa çalışmaq, onların ruhunu incitmək bir insanı ucaltmaz, əksinə, onun şəxsiyyətinə xələl gətirər. Yunus Əmrə babamız nə gözəl deyib:

"Cümlələr doğrudur sən doğru isən

Doğruluq bulunmaz sən əyri isən"


Ankara, altaylı[email protected]

TƏQVİM / ARXİV