«DÜNYA XƏZİNƏLƏRİ – AZƏRBAYCAN» KİMİ FİLMLƏRƏ BÖYÜK EHTİYACIMIZ VAR - Aqil ABBAS yazır

AQİL ABBAS
56481 | 2022-10-04 09:10

Adətən Mirşahinin proqramını  həmişə izləyirəm. Bəzən  «Qarabağ»ın oyunu ilə üst-üstə düşəndə, rayonda, dağda-kəsəkdə olanda baxa bilmirəm, onda da redaksiyaya  zəng edirəm ki, qoyun sayta, qayıdandan  sonra saytda baxım. 

Həmişə olduğu kimi, ötən bazar günü  proqramı da  çox maraqlı idi.  Xüsusilə də  tarixiçi xanım Bettani Hyuzla  olan müsahibə –  Mirşahinin bir-birindən maraqlı və bu xanımın dünyasını aça biləcək  sualları və bu tarixçi xanımın çox səmimi cavabları.

Rusiya kanallarında təsadüfən  xanım Bettaninin hazırladığı bəzi verilişlərə tamaşa eləmişdim. Və onu da bilirdim ki, onun bu tipli verilişləri bütün dünyada izlənilir. Ürəyimdən keçirdi ki,  kaş ki yolunu  Azərbaycana da  salaydı. 
Ermənilər onlara aid olmayan məbədləri, abidələri, tarixi öz adlarına çıxıb bütün dünyaya yayırlar. Biz isə bu sahədə düşmənlərə uduzuruq. 

Son illər Heydər Əliyev Fondu  mədəniyyətimizin, incəsənətimizin, tariximizin dünyada tanınmasında çox işlər görür, həm filmlər  baxımından, həm də müxtəlif dillərə tərcümə olunmuş kitablar  baxımından. Bu yöndə 1-ci vitse-prezident, Heydər Əliyev  Fondunun  prezidenti Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir. 

Xanım Bettani Hyuzun  Mirşahinlə  müsahibəsindən sonra göstərilən «Dünya xəzinələri – Azərbaycan» filmi də Heydər Əliyev Fondunun layihəsidir. Təbii ki, BP şirkətinin də əməyini danmaq olmaz.  

Filmdən aydın oldu ki, bu, xanımın Azərbaycana  ikinci səfəridir. Və xanım Bettani filmin araya-ərsəyə gəlməsi üçün çox əziyyət  çəkib. Əsas məsələ də odur ki, xanım Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini və coğrafiyasını çox yaxşı öyrənib. 

Xüsusilə Qobustandan olan hissədə apardığı araşdırmalarda bütün dünyaya elan və sübut edir ki, Azərbaycan xalqı hətta bizim eradan dörd min il, beş min il  əvvəl də bu ərazidə yaşayıb.  

Qəbələnin Nic kəndindən, burda yaşayan udi xalqından, kilsədən  hazırladığı süjetlə bütün dünyaya Azərbaycan xalqının necə bir multikultural bir xalq olduğunu bəyan edir. 

Bütün verilişi bir-bir incələmək istəmirəm, ən maraqlı yer isə müqəddəs Şuşa şəhəri ilə bağlı olan hissə idi. Şuşanı necə gözəl, ətraflı və Azərbaycan xalqına məxsus bir şəhər olduğunu və bu şəhərin binəsini qoyan Pənahəli xandan söhbət açması, Xan qızı Natəvan barədə fikirləri, onun şeirini oxuması, Cıdır düzü haqqında verdiyi bilgilər və ordan da Üzeyir Hacıbəyova dönməsi və Üzeyir Hacıbəyovu Şərqin ilk opera yaradıcısı kimi təqdim etməsi filmin ən maraqlı bölmələrindən biri idi. 

Məsələ nədir? Təbii ki, xanım Bettaninin dediklərini biz bilirik, bir az az, bir az çox. Məsələ ondadır ki, bu xanımın  çəkdiyi filmləri, yuxarıda qeyd etdiyim kimi, bütün dünyada izləyirlər. Bu film Azərbaycan həqiqətlərini bir daha dünyaya çatdırmaqda mühüm rol oynayır. 

55 yaşlı bu gözəl xanım-xatın tarixçi-alim Londonda yaşayır, milliyyətcə ingilisdir. Oksford Universitetini bitirib. Səyyah kimi bütün dünyanı gəzir və belə qiymətli filmlər hazırlayır. 

Belə bir həm gözəl, həm maraqlı, həm də ciddi layihənin müəllifi Heydər Əliyev Fonduna və şəxsən Fondun prezidenti

Mehriban xanım Əliyevaya  təşəkkürümüzü bildiririk. Və arzulayırıq ki, bu filmin ikinci hissəsi də olsun. 

Mirşahinə də təşəkkür ki, «Bettani planeti»ni  açdı  və bizi bu planetlə tanış elədi. 
 

TƏQVİM / ARXİV