adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: Əjdər Ol-un «Səhər»i

ƏBÜLFƏT MƏDƏTOĞLU
430 | 2022-08-12 12:01

Və mənim «Səhər duam»

 

Adi məntiqlə yanaşanda səhərin açılması təbii bir haldır. Və səhərin açılması heç kimdən asılı olmadığı kimi, heç kimin də sifarişi deyil. Elə gecələr də onun kimi. Deməli, təbii olan bir prosesə kənardan baxıb duyğulanmaq, onda nəyisə görmək, nəyisə axtarmaq tamam başqa bir işdi. Və maraqlıdı ki, bu işə daha çox şairlər, rəssamlar, yəni ruh adamları meyl göstərirlər, can atırlar. Necə deyərlər, «işin işindən iş çıxarırlar». Onda da baxıb görürsən ki, səhər və səhərin açılması, gecə və gecənin düşməsi sən demə həm də poeziya imiş, rəssamlıq imiş. Onu görmək isə poeziyanın, rəssamlığın içərisində - iç dünyasında gəzib-dolaşmaq, görüb bilmək imiş...

Bax, bu mənada,  mən də adətən dan üzünü, sübh çağını sehr etməyi, səhərin necə açıldığını izləməyi çox sevirəm. Elə şər qarışanda da, sakit bir guşədə tək-tənha ətrafın yavaş-yavaş qaranlığa bürünməyini də onun kimi. Bu tərkidünyalıq deyil. Bu, mənim üçün baş verən hadisənin içərisində olmaqdı. Elə əlimdəki kitabın müəllifi də bu duyğuların gözəl tərcürmanı, yəni onu bütün çalarları ilə görüb oxucuya çatdıranıdı. Kitabın adı «YaŞa»dı. Müəllifi isə dəyərli şairimiz Əjdər Ol-dur! (Allah şairimizin tezliklə yolunu ailəsinə, dostlarına tərəf salsın. Və inşallah tezliklə onu öz aramızda görmək, ailəsinə və dostlarına nəsib olsun! – Ə.M.)

Mən Əjdər Ol-un oxucularından biri kimi hər dəfə onun söz dünyasına baş vuranda yeni bir nüansla, yeni bir bədii  səhnə ilə qarşılaşıram. Elə təbiətin şıltaqlıq etdiyi bugünlərdə kitab rəfimdən «YaŞa»nı götürdüm.   Və  necə deyərlər, gözüyumulu açdım, qarşıma «Səhər» şeiri çıxdı. Oxudum şeiri. Və düşündüm ki, məhz səhərə yazılıb bu şeir. Özümü inandırdım ki, Əjdər Ol məhz bu səhərin açılmasını izləyib və həmin o prosesin içərisində bu şeir dünyaya gəlib. Əjdər Ol yazıb ki: 

 

Gördüm nimdaş buludların

bir ucdan süzülməyini.

Quşların ordudan qabaq

nizama düzülməyini.

 

Doğurdan da, əgər buludların ağlamağa başladığı səhəri izləmisinizsə, onda siz də mənimlə həmfikir olacaqsınız, onda siz də görəcəksiniz ki, o nimdaş buludlar necə süzülür, necə didilir... Görəcəksiniz ki, quşlar necə aşağıdan uçmağa, halay tutmağa, sıralanmağa başlayır və bütün bunları görəndə üzünüzə toxunan damcılar sizi xəyal aləmindən diksindirib ayıracaq. Amma mənə görə bu xoş ayrılıqdı. Çünki səhər açılır və sən səhəri seyr edirsən. Onda da mən məhz qayğılarımın, acılarımın, əhvalımın necə durulduğunu, necə özünə dönüş yoluna çıxdığını hiss edəcəm, yaşayacam və mən də deyəcəm ki:

 

Ruhumun şan-şan vaxtı

Dərdin danışan vaxtı...

halım qarışan vaxtı –

bir təbəssüm əta et!..

 

Bax, bu ovqatın içində yaranan poetik səhnəni, bir rəssam işi kimi lap birbaşa desəm, naturadan çəkilmiş rəsm əsəri kimi görmək mənə çox xoşdu. O qədər xoşdur ki, etdiyim səhər duası məni elə bil ki, Allaha, göy üzünə və Sənə yaxınlaşdırır. Bunun da həm təşəbbüsçüsü, həm qanadlandıranı, yol göstərəni, bir sözlə məni məndən çıxıb getməyə həvəsləndirən səhərin vəsvidi, səhərin tərənnümüdü. Onu da Əjdər Ol edir. O, yazır ki:

Bulud bir çiçəkdən gördü,

Kəpənək küləkdən gördü,

Tanrı bir mələkdən gördü,

canımın üzülməyini.

 

Hiss etdinizmi, mənim nə yaşadığımı, nə çəkdiyimi şair necə ustalıqla misralayıb. Elə bil ki, fırça ilə çəkib, elə bil ki, birbaşa hamımızın üzünə deyib. Bu, təkcə istedad deyil, bu, həm də yaşamdı. Əjdər Ol-un bu səhər yaşadığı hisslərin alovudu, bürüyüb məni də, yəqin elə sizi də. Mən də, elə siz də bu alovun içində yanmırıq. Çünki o hisslər yandırmır, o hisslər ümid verir, inam verir, yaşamağa ,var olmağa kökləyir adamı. Bilirsiz niyə? Ona görə ki, niyə yandığımızın müxtəlif səbəblərini xatırladır bizə Əjdər Ol. Anlayırıq ki, biz çiçəkdən, küləkdən, hətta mələkdən də qorranıb alışa bilirik. Çünki ruhumuzda, varlığımızda, ürəyimizdə sevgi var. Ona bir qığılcım düşür və biz o sevgi ilə yaşayırıq. Canımız üzülə-üzülə, sevgimiz pərvazlana-pərvazlana, həsrətimiz qılınc oynada-oynada... Amma yaşayırıq. Bu məqamda mən yenə üzümü Sənə tuturam. Çünki indi yalnız duyğularımı Sən anlayırsan və mən də Sənə deyirəm:

 

Əllərimi ovuşdur

don atmaqdan sovuşdur...

gözü gözə qovuşdur –

Qəlbi qəlbə buta et!..

 

Həqiqətən də, anlayış xoşbəxtliyin özüdür. Kimliyindən, şəxsiyyətindən, cəmiyyətdə, təbiətdə tutduğu yerdən asılı olmadan Allahın yaratdığı, düşünmək qabiliyyəti olan hər kəsdə anlayış olsa, həyatın ağrı-acısı, giley-güzarı, problemləri mənim inancıma görə yarıba-yarı azalar. Bu anlayış isə sevgidə Şah damardı. Tərəflər bir-birini anlayanda onların bir-birinə güvənci də artır, sabaha ümidi də. Büdrəməkdən, yıxılmaqdan qorxmadan ayaqda dururlar. Nə yazıq ki, anlayış və ümumiyyətlə, anlamaq dərdi bütün dünyanın çözülməyən və yaxud da çözülməsi mümkünsüz olan problemdi. Ona görə ki, bu problem fərdlərin daxilindən qaynaqlanır. Deməli, yer üzündəki insanların sayı qədər də anlamaq və anlayan problemi var. Bunlar da bir-biri ilə dartışmaqda, çəkişməkdədilər. Nəticədə nə qədər dağıntılar, nə qədər mərhumiyyətlər, nə qədər ürək sınıqlığı, nə qədər infarkt və nə qədər də...nəsnələr var və olmaqda da davam edir. Elə bu səhərin şəklini çəkən Əjdər Ol da həmin mənzərəni izləyə-izləyə təqribən mənim düşündüyümü, mənim ifadə etdiyimi şeirin dili ilə deyir. Və yazır ki:

 

Tapdalandı yollar, izlər,

İşə düşdü bütün sözlər,

Axmaqlar oturub gözlər,

dünyanın düzəlməyini.

 

Oturub gözləyənlər axmaq olduqları qədər də anlamaq kasadıdılar. Onlar anlaya bilmədiklərini və yaxud da anlaşmaq istəmədiklərindən gəlib axmaq olublar. Onlara yalnız yazıqlar olsun! - demək mümkündür. Düşünməyin ki, söylədiyim bu fikir kimisə anlamağa  həvəsləndirmək üçündü, yox, südlə gələn sümüklə çıxır – deyib atalar. Nə isə... 

Bütün baxış bucaqları altında öz bildiyimə, öz inancıma sadiqəm. Yalnız həmin nöqtədən, həmin aspektdən çıxış edərək özümə və çevrəmə bəyan edirəm ki, gördüyünü dərk etmək, dinlədiyini yozmaq cəm şəklində anlamaqdı. Ona görə də mən özümü də, sizi də hər zaman anlamağa çalışmışam və bilmişəm ki, Allahıma və Sənə olan sevgimdə də, Allahıma və Sənə doğru gedən  yolumda da mənim müşahidəçim və himayəçim Anlamaqdı. Elə bu səhər duamda da mən o istəklə hamıya üz tutub demişəm:

 

Sevgidə xocalıqdan

Mən ölüm, qocalıqdan...

Sən enmə ucalıqdan –

Tanrıma da əda et!!!

 

Bəli, açılan hər səhəri öz anlayışımla, öz duyumumla görmək, özünə köçürtmək, hətta bu açılan səhərlə həmsöhbət olmaq son dərəcə duyğusal bir haldı. Mən çox istərdim ki, açılan səhərlər hər birimizə həmin o duyğusallığı bol əllə bağışlasın və biz hamılıqca səhərimizə onun duasını həm ürəyimizin, həm də ruhumuzun istəyi ilə edək. Allah  səhər dualarımızı yerdə qoymasın! AMİN!

 

TƏQVİM / ARXİV