ƏDƏBİYYATIMIZIN  VİCDANI -  VAQİF YUSİFLİ yazır

VAQİF YUSİFLİ
3698 | 2024-06-25 12:15

Məmməd Arif Dadaşzadə heç şübhəsiz, XX əsr Azərbaycan ədəbi tənqidinin, ədəbiyyatşünaslığın, filoloci fikrinin ən parlaq simalarından biridir və onun əlli illik yaradıcı fəaliyyəti, böyük bir həvəs və şövqlə klassik və müasir ədəbiyyatımız yolunda gördüyü işlər bu gün üçün də əhəmiyyətlidir. Ona görə ki, onun elmi-tənqidi irsi heç vaxt öz sabitliyini, dəyişməzliyini itirməmişdir: «Bu dəyişməzlik daha artıq dərəcədə Arif müəllimin əsərlərinə xas olan bir keyfiyyətdir: ədəbi təsir dəyişməzliyi, problematika aktuallığı, elmi-nəzəri keyfiyyət dəyişməzliyi, cismən yaşamadığı illərin sınağına sinə gərən mütəfəkkir nüfuzunun dəyişməzliyi (Elçin)».

Bu gün ədəbi tənqidin missiyası, məqsəd və vəzifələri ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Tənqidin yenə ədəbi prosesdən geri qalması, «karvanbaşı» rolunu layiqinjə yerinə yetirməməsi və bununla əlaqədar hətta belə bir fəaliyyət sahəsinin daha lazım olmaması xüsusunda gərəksiz və gərəksiz olduğu qədər  əsassız mülahizələr də səslənməkdədir. Amma bütün bu qeyri-obyektiv fikirlərə baxmayaraq ədəbi tənqid bir yaradıcı fəaliyyət sahəsi kimi öz işini davam etdirməkdədir. Yəni «bizdə tənqid yoxdur» deyənlərin iddialarını mövcud ədəbi tənqid nümunələri ilə təkzib etmək müşgül deyil. Hələ 1941-ci ildə, 84 il önjə Məmməd Arif Dadaşzadə yazırdı ki: «Bəzən öz tələbkarlığımızda ifrata vararaq, ədəbi tənqidi inkar edirik. Bu, əlbəttə, doğru deyildir. Bizdə tənqid vardır, ədəbiyyatımızın başqa sahələrinə nisbətən daha yeni və gənj olmasına baxmayaraq, Azərbayjan ədəbi tənqidi az bir zaman içərisində çox işlər görmüşdür». Məmməd Arif bu fikri o zaman söyləmişdi ki, 20-30-cu illərin ədəbi prosesində çox mühüm rol oynayan bir sıra tənqidçilər-M.K.Ələkbərli, Ə.Nazim, M.Quliyev, H.Zeynallı artıq sırada yox idilər, onları repressiya tufanı öz qoynuna almışdı. Ancaq həmin illərdə müəyyən təcrübə əldə etmiş M.Arif, M.Cəfər, M. Rəfili, M.Hüseyn, Mir Cəlal,  Ə.Ağayev, C.Cəfərov kimi tənqidçilər meydanı boş buraxmadılar, tənqid öz yoluna davam etdi. Təbii ki, bu tənqidçilər ideolji basqıların, MK qərarlarının, sosrealizm prinsiplərinin tələblərinə etinasız qalmırdılar və bu, mümkün də deyildi, ancaq nisbət götürəndə Azərbaycan ədəbi tənqidi Azərbayjan ədəbiyyatının yaşarı ənənələrinin və müasirliyin keşiyində durdu, yeni meyl və tendensiyaların inkişafında mühüm rol oynadı. Bu prosesdə Məmməd Arif tənqidi xüsusilə seçilirdi və inkar etmək olmaz ki, o, həmin illərdən başlayaraq ədəbi tənqidimizin ən nüfuzlu bir şəxsinə çevrildi. Unudulmaz şairimiz Səməd Vurğun vaxtilə onu «tənqidimizin vicdanı» adlandırmışdı. M.Arifdən az sonra ədəbi tənqidə gələn və onunla bir sırada ədəbiyyatımız naminə əsl fədai kimi çalışan Məmməd Cəfər Cəfərov da M.Arifi özünün ustadı hesab edirdi.

Məmməd Arif  ədəbi tənqidi sənət səviyyəsinə qaldıran ilk professional tənqidçilərimizdəndir. O, tənqidin yaradıcı bir sənət növü olduğunu, ədəbi prosesdə həlledici rol oynadığını çox dəqiq müəyyənləşdirərək yazırdı: «Bəzən mətbuatda belə fikirlərə rast gəlmək olur ki, guya bədii tənqid yaradıcılıq deyildir, guya o, heç bir şey yaratmır, ancaq yaradılmış əsərlərə qtymət verir. Bu fikir doğru deyildir. Əgər tənqidçi mühasib kimi bədii ədəbiyyatın gəlir və çıxarını hesablayan adam olsaydı, bəlkə də onun haqqında belə düşünmək mümkündü. Amma bədii ədəbiyyatın həyatla sıx əlaqəsini izləyən, onun qanunauyğunluqlarını izləyən, hər bir sənətkarın yaradıcılıq simasını aydınlaşdıran, ədəbiyyatın fəlsəfi, estetik rolunu layiqi ilə qiymətləndirən ədəbi-bədii tənqidin yaradıcılıq əhəmiyyətini azaltmaq faydasız bir işdir».

Məmməd Arifdən, onun çoxcəhətli yaradıcılığından söz açanda, ilk növbədə məhz TƏNQİDÇİ kəlməsi yada düşür. Amma M.Arifi təkjə bu fəaliyyət sahəsi ilə məhdudlaşdırmaq doğru olmazdı.  M.Arif –görkəmli ədəbiyyat tarixçisi, bu sahədə fundamental tədqiqatlar müəllifi…M Arif-nəzəriyyəçi alim, klassik və müasir ədəbiyyatın nəzəri problemləri ilə məşğul olan bir alim. M.Arif- Dərsliklər müəllifi. M.Arif- İstedadlı mütərcim.  M.Arif-Milli kadrların yetişməsində, formalaşmasında böyük əməyi olan bir pedaqoq, tənqidçi və ədəbiyyatşünaslarımızın həm rəsmən, həm də mənəvi müəllimi. M.Arif- Azərbaycan ictimai-mədəni həyatının  tanınmış bir nümayəndəsi-vaxtilə Akademiyanın vitse-prezidenti. Göründüyü kimi, bütün bunlar sözün əsl mənasında titanik bir ömrün bəhrələridir. Mən 2015-ci ildə filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadənin tərtibçi, professor Zümrüd Dadaşzadənin redaktorluğu ilə nəşr edilən  «Ədəbiyyatımızın vicdanı» kitabını xatırlayıram və bu kitab Məmməd Arifə həsr olunan xeyli sayda yazılardan ibarətdir.

Özü də bü yazıların müəyyən qismi onun sağlığında qələmə alınmışdı.Akademik İsa Həbibbəyli kitaba «Müdriklik və müasirlik» adlı sanballı bir giriş sözü yazmışdır və o giriş sözünün son cümləsi belə tamamlanır ki, «Yubiley münasibətilə ölkəmizdə həyata keçirilən tədbirlər, aparılan elmi araşdırmalar, çap olunan əsərlər akademik Məmməd Arif Dadaşzadənin müdriklik və müasirlik nümunəsi olan həyatı və yaradıcılığının işığında ədəbiyyatın, elmin və yeni nəsillərin inkişafına öz töhfələrini verir».

Məmməd Arifə, onun şəxsiyyəti və yaradıcılığına həsr olunan yazılarda heç bir difiramma, ifrat tərifə rast gəlmirik, Məmməd Arif bir parlaq şəxsiyyət və yaradıcı insan kimi yalnız ona layiq olan qiymətini alır. Mirzə İbrahimov onu ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli xadimi adlandırır. «Arifi mən otuz ğeş ilə yaxındır ki, tanıyıram, otuz beş il ərzində biz fasiləsiz olaraq bir yerdə oxuyub və işləmiş, bir cəbhədə mübarizə aparmalı olmuşuq. Bu gün yüzlərlə gənc ona yüksək hörmət ifadəsi olaraq «Arif müəllim» deyə mürajiət edir».

Arif müəllim. Bu ifadə üzərində daha geniş söz açmaq olar. Elçin yazır: «Məmməd Arif yalnız Azərbayjan ədəbiyyatı və ədəbiyyatşünaslıq elmi nümayəndələri üçün deyil, ümumiyyətlə Azərbaycan mədəniyyət xadimləri, ictimai elmlərlə məşğul olanlar üçün «Arif müəllim» idi. Həm də bir yox, bir neçə nəslin müəllimi idi…Arif müəllim «müəllim» məfhumunun daşıdığı mənəvi yetkinliyi, idraki kamilliyi öz şəxsiyyətində və yaradıcılığında  cəmləşdirmişdi. Onun yaradıcılığı küll halında belə bir fikrin layiqli illüstrasiyası idi».

İctimai fəaliyyətə xalq müəllimliyi ilə başlayan M.Arif sonralar ali məktəblərdə də mühazirələr oxumuş, milli kadrların yetişməsində istedadını əsirgəməmişdir. Amma Yaşar Qarayevin təbirincə desək: «Geniş, simvolik mənada «müəllimlik» bu adda əbədiləşmiş və bu yaradıcılığı bir də daha heç zaman tərk etməmişdir. Sonralar da bütün fəaliyyətini  o, məhz «xalq müəllimliyinin» davamına çevirə bilmişdir. Münəqidliyi də, mütərcimliyi də, ictimai xadimliyi də xalq müəllimliyinin mənəvi nüfuz və mötəbərliyi səviyyəsinə  qaldıraraq, yüksəltmiş və şərəfləndirmişdir. Müəllim-tənqidçi, müəllim-alim, müəllim-ictimai xadim olmuşdur».

Burada bir həqiqəti söyləmək də yerinə düşər. Məmməd Arif həm də ədəbi tənqid məktəbi yaratmışdır. Söhbət ondan getmir ki, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Abbas Zamanov, Gülrux Əlibəyli, Pənah Xəlilov, Qulu Xəlilov, Qasım Qasımzadə, Yəhya Seyidov, Bəkir Nəbiyev, Yaşar Qarayev, Elçin,  Şamil Salmanov, Arif Səfiyev, Kamran Məmmədov, Araz Dadaşzadə, Arif Hacıyev kimi tənqidçi və ədəbiyyatşünaslar onu ustad hesab etmişlər və Arif müəllimin yaradıcılığı, çoxcəhətli elmi fəaliyyəti onlar üçün mötəbər bir mənbə, qaynaq olub, öz tədqiqatlarında Arif müəllimin fikirlərini, elmi mülahizələrini davam və inkişaf etdirmişlər. Söhbət ondan gedə bilər ki, Məmməd Arif müəllimi və yaradıcısı olduğu tənqid məktəbinin bu gün üçün də davamlı olan, sabitliyini qoruyub saxlayan prinsiplərini hazırlamışdır.

Nədir bu prinsiplər?

HƏQİQƏT. Yaşar Qarayev yazır: «Adətən, ədəbi tənqidi  müxtəlif obrazlarla müqayisə edirlər. Arif müəllimin adı ilə bağlı tənqiddən söz düşəndə mənim xatirimə yalnız bir müqayisə gəlir: ədəbi tənqid də ədəbi kompasa bənzəyir, burada da əqrəb həmişə eyni qütbü-həqiqət qütbünü nişan verir! Arif müəllimin əlində tənqidçi qələmi həmişə məhz «həqiqət!» qütbünü nişan verən kompas əqrəbi olmuşdur və bu əqrəb, bu qələm Arif müəllimin əllərində hələ heç zaman titrəməmişdir»

OBYEKTİVLİK. Arif müəllim  obyektiv tənqidçi idi və öz yazılarında haqqında söz açdığı müəlliflərin yaradıcılığını yalnız bir istiqamətdə araşdırmırdı, onların əsərlərinin məziyyətlərini açıb göstərdiyi kimi, qüsurlarını da söyləməkdən çəkinmirdi.  Məsələn, «Azərbaycan sovet romanı» məqaləsində  Süleyman Rəhimovun «Şamo» romanını ədəbiyyatımız üçün uğurlu hadisə hesab edirdi, eyni zamanda, haqlı olaraq yazırdı ki, Süleyman Rəhimov bəzən zəngin həyat materialını saf-çürük etməkdə çətinlik çəkir və uzun təsvirlərə yol verir. İmran Qasımov və Həsən Seyidbəylinin «İllər keçir» romanını müvəffəqiyyətsiz hesab edirdi, müəlliflərin bu romanda nədənsə əsas fikirlərini oxucuları əyləndirməyə yönəltdiyini nəzərə çarpdırırdı. «Azərbayjan sovet şeiri» məqaləsində Nəbi Xəzrinin, Zeynal Xəlilin, İslam Səfərlinin uğursuz şeir parçalarını  misal gətirirdi. 60-cı illərdə ədəbiyyata gələn cavanların yaradıcılığına biganə qalmayan M.Arif onların uğurlarına sevinən ilk tənqidçi idi. Anarın, Elçinin ilk nəsr əsərləri haqqında ən obyektiv sözü məhz A.Arif söyləmişdi.

Onun bu obyektivliyini sonralar Xalq yazıçısı Süleyman Rəhimov belə xatırlayırdı: «Şəxsən mən Arif yaradıcılığına dərin inam və ehtiramla yanaşmışam.  Mənim yaradıcılığım haqqında öz sözünü açıq-aydın dediyi vaxtlarda  təqdiredici qeydlərinə gəlincə xoşhal olmuş, demişəm zarafat deyildir, Arif Dadaşzadə belə deyir…Ancaq onun məni tənqid edən qeydlərini oxuyunca, nə deyim, göynəmişəm. Sonralar düşünüb-daşınmışam, demişəm, balam, kişi doğru deyir».

MÜASİRLİK. M.Arif klassik ədəbiyyatdan da yazırdı, rus ədəbiyyatından da, teatr məsələlərindən də, ayrı-ayrı görkəmli sənətkarların yaradıcılığından da. «Lakin akademik Məmməd Arifin yaradıcılığı hər nə qədər çoxcəhətli olsa da, onun bir nömrəli iş sahəsi müasir ədəbi tənqiddir. Ədəbi tənqid onun yaradıcılığının leytmotividir. Arif müəllim hər şeydən əvvəl müasir ədəbiyyatımızın taleyi ilə məşğul olmuş, qələmini əsasən bu sahədə işlətmişdir (Abbas Zamanov). Təfərrüata varmadan deyə bilərik ki, XX əsr Azərbayjan ədəbiyyatının keçdiyi inkişaf yolları, onun ayrı-ayrı mərhələlərində qazanılan uğurlar və nəzərə çarpan qüsurlar M.Arifin tədqiqatlarında çox dəqiqliklə əks olunmuşdur. Bu tədqiqatlarda müasirlik xətti aparıcıdır- dövrün, zamanın əsas tendensiyaları, müasir qəhrəman axtarışları, yenilik, novatorluq duyğusu…

MİLLİLİK. M.Arif Azərbayjan ədəbiyyatının ən alovlu təbliğatçılarından biri idi. Onu Moskvada, qardaş respublikalarda yaxşı tanıyırdılar və Azərbaycan ədəbiyyatı ilə bağlı hər hansı bir məsələdə onun rəyi ilə hesablaşırdılar. Moskvada çapdan çıxan «Azərbaycan ədəbiyyatı tarixi» kitabı o zamankı sovet məkanında ən çox mürajiət olunan etibarlı bir mənbə idi. Tanınmış ədəbiyyatşünas Zoya Kedrina bu kitabı Azərbaycan ədəbiyyatının elmi göstəricisi hesab etmişdi.

M.Arifin milliliyi ilk növbədə, ədəbiyyatımızın folklordan, «Dələ Qorqud»dan müasir ədəbiyyatımıza qədər keçdiyi yolda hansı yaşarı xüsusiyyətlər əldə etdiyini, xalqla, onun mənəvi varlığı ilə bağlılığını açıqlayan təhlillərdə öz əksini tapır. Və bu milliliyin ümumbəşəriliklə necə qovuşduğunu xüsusilə nəzərə çarpdırırdı.

ÜSLUBİ SADƏLİK. Məmməd Arifin əsərləri öz sadə ifadə tərzi, dəqiq və aydın üslubu ilə seçilir. Amma bu sadəlik, hər cümlənin və hər mətnin elmi-nəzəri səviyyəsini aşağı salmırdı. Sadəlikdə dərinliyi eştiva edirdi. Quru, emosiyadan məhrum cümlələr, mətnlər yox idi. Onun «Dil və üslub» adlı bir məqaləsi var və bu məqalədə M.Arif yazırdı ki, yaxşı yazıçı çox zaman yaxşı üsluba malik olur. Yaxşı üslub nə deməkdir? Uzunçuluqdan qaçıb, qısa və mənalı yazmaq, təsvirlərdə tam, düzgün və canlı bədii mənzərələr və surətlər yaratmağı bacarmaq, fikri sadə və aydın ifadə etmək, insan xasiyyətlərini təsvir edərkən hər bir xasiyyətə uyğun dil tapmaq, jarqona, əyalətçiliyə yol vermədən ümumazərbaycan ədəbi dili dairəsində hərəkət etmək, xülasə, elə yazmaq ki, oxumaq asan və xoş olsun. M.Arif yazıçılardan tələb etdiyi bu xüsusiyyətlərə ilk növbədə özü əməl edirdi. Bu gün M.Arifin ədəbi-tənqidi irsinin yenə sevilə-sevilə mütaliə olunmasının bir səbəbi də elə budur. Onun tənqidi elmi və publisistik üslubların vəhdətini əks etdirir və bu gün «tənqidçi ancaq elmi üsluba riayət etməlidir» deyənlərə ən yaxşı cavab elə M.Arifin yazılarıdır.

 

«Ədəbiyyatımızın vijdanı» kitabında onlarla müəllifin (S.Rüstəm, R.Rza, B.Vahabzadə, F.Əmirov, M.Quluzadə, K.Talıbzadə, Ə.Mirəhmədov, G.Əlibəyli, Ş.Salmanov, K.Məmmədov, B.Nəbiyev, Anar, Elçin,  H.Abbaszadə və sonrakə nəsillərdən Z.Əsgərli, V.Yusifli, B.Əhmədov,  E.Akimova, Y.Qasımbəyli, R.Əhmədov, F.Xəlilzadə və b.), həmçinin rus, özbək və b. xalqların ədəbiyyat xadimlərinin məqalə və xatirələri də təqdim edilir . Kitabın əhəmiyyətini artıran bir cəhət də var ki, o da vaxtilə M.Arifə ünvanlanan məktublar, teleqramlar, təbriklər də nəzərdən qaçmamışdır. Bir də M.Arifin uşaqlığından tutmuş son günlərini əks etdirən fotolar…

Bu yazını Xalq yazıçısı Süleyman Rəhimovun bu sözləriylə bitirmək istərdim: «Biz Məmməd Arif Dadaşzadəni ədəbiyyatımızın vijdanı bilirik». «Ədəbiyyatımızın vijdanı» kitabını oxuyun və bu fikrin doğruluğuna bir daha inanın….

 

  • Noyabr:
  • 1

TƏQVİM / ARXİV