adalet.az header logo
  • Bakı 10°C

ƏVVƏLLƏR PAMBIQ PRİPİSKA EDİRDİK, İNDİ ADAM PRİPİSKA EDƏCƏYİK - Aqil ABBAS yazır

AQİL ABBAS
450 | 2022-09-12 23:19

Sovetlər dönəmində pambıq pripiskası dəbdəydi. Əslində bu pripiskanın xalqa heç bir ziyanı yox idi. Əkmədiyi, becərmədiyi, yığmadığı pambığı pripiska edirdi və həmin pripiska olmuş pambığı da kiloqramına 5-10 qəpik rüşvət verməklə sırıyırdı Rusiyanın fabrik və zavodlarına. Rusiyanın fabrik və zavodları da hər kiloqramına görə, növündən asılı olaraq, 60-86 qəpik pul ödəyirdi bizim pambıq zavodlarına. O pulu da zavodlar verirdi kolxozlara, sovxozlara. Kolxoz və sovxozlar da bir pay özüyçün, katib üçün götürürdü, qalanını da paylayırdı camaata. Camaat becərmədiyi pambığın hesabına milyoner olmuşdu.

Üzümçülükdə pripiska daha asan idi. Plan üzrə üzümün şəkərliliyi 18 dərəcə olmalı idi. Sovxozlar əsasən rkasteli növü əkirdilər, o da 27-28 dərəcə şəkərlilik verirdi. Yendirirdilər 19 dərəcəyə, çünki şəkərliliyi 19 dərəcə olanda üzümçülər mükafatlandırılırdı. Yerdə qalan 8-9 dərəcə də sovxozun nəfi idi. Ondan hazırlanan çaxırı vaqonlara yükləyib göndərirdilər Rusiyanın şərab zavodlarına. Çox qəribədir ki, o vaxtlar bizdə şərabı butılkaya dolduran zavodlar yox idi (bir-iki xırda zavodu çıxmaq şərtilə). Həmin zavodlar Rusiyada idi, əsas xeyir də onlar götürürdü. Hər Rusiyaya yola salınan şərab daşıyan qatarlarda iki sistern «levi» şərab əlavə olunurdu hərəsi 64 tondan. Bələdçilər deyir ki, Rusiyada bütün stansiyalarda bilirdilər ki, Ağdam şərabını daşıyan qatarlar hansı stansiyadan saat neçədə keçəcək. Millət tökülürdü əlində vedrə, bidon, kanistr stansiyalara, biz də düşüb sisternanın kranını açırdıq. Hər reysdən ən azı 120-150 min manat pul qalırdı. Söhbət o vaxtın pulundan gedir, indikindən getmir. İndi görün Azərbaycandan hər gün neçə reys şərab göndərilirdi?

Həmin zamanlarda atam üzümçülük sovxozunun direktoru işləyirdi. Mən də o pripiska pulundan çox xərcləmişəm.

Müstəqillik dövründə bu pripiskaları yığışdırdılar. Çünki artıq pambığı da, üzümü də özümüz emal etməyə başladıq. Özümüz özümüzü aldada bilməzdik axı?!

Bu pripiska söhbətini niyə yazdım? İndi siyasi partiyalar haqqında qanun hazırlanıb. İctimaiyyətdə və Milli Məclisdə geniş müzakirə olunduqdan sonra qəbul ediləcək. Qanunda qeyd edilir ki, hər bir siyasi partiyanın ən azı 10 min üzvü olmalıdır. Əslində çox düzgün qərardı. Bir partiyanın ki 10 min üzvü yoxdur, kimə və nəyə gərəkdir?

Bu gün oxudum ki, 8-9 siyasi partiyanın rəhbərindən açıqlama alıblar, hamısı deyib ki, bizim üzvlərimizin sayı 10 mindən çoxdur. Pripiskadı başdan-ayağa. Adam pripiskası. Ölkədə 60 siyasi partiya qeydiyyata alınıb. Bu minvalla hesablasaq Azərbaycanda partiya üzvlərinin sayı 1 milyon 300 mini keçər.

Partiyalarda əsl pripiska indən sonra başlayacaq.

İndi əsas iş düşür müvafiq icra orqanlarının üstünə. Deyək ki, Ədliyyə Nazirliyinin və Mərkəzi Seçki Komissiyasının üzərinə. Deputat seçkilərində müəyyən həddə imza toplamalısan, sonra yaradılan komissiya həmin imza vərəqələrini götürür kəndbəkənd gəzir və onun nə dərəcədə həqiqət olduğunu araşdırır, özü də bir-bir. Saxtakarlıq varsa həmin şəxsin namizədliyi ləğv olunur.

İndi belə komissiyalar yaradılmalıdır və yoxlamalıdır ki, bu siyahılarda nə qədər saxtakarlıq var.

Məsələn, mənim doğulduğum kənddə 1500-ə qədər əhali yaşayır. YAP, Müsavat və Ümidin hərəsinin 10-15 nəfər üzvündən başqa heç bir siyasi partiyanın üzvü yoxdur.

Bir dəfə deputat seçkiləri vaxtı mənim seçki dairəm olan Ağcabədi rayonu 83 nömrəli dairədə adını yazmaq istəmədiyim bir siyasi partiyaya komissiya üzvü yeri ayrılmışdı. Partiyanın sədri xahiş elədi ki, bir nəfər adam tapım onun partiyasının adından həmin komissiyaya üzv yazdırsınlar. Getdim kəndimizə, ərkim çatan mamam oğlundan xahiş elədim ki, gəl filan partiyadan komissiya üzvü ol, altı ay da maaş alacaqsan filan qədər. Güldü, dedi ki, mən heç o partiyanın adını da eşitməmişəm. Getsəm elə YAP-dan gedərəm də.

Bizdə 3-4 partiyanı çıxmaq şərtilə demək olar ki, əksər partiyalar bölgə partiyalarıdı. O bölgədən ki, sədr oralardandır.

Azərbaycanda mənim subyektiv fikrimə görə, YAP (750 mindən çox üzvü var, heç biri də pripiska deyil), Müsavat, AXCP-dən savayı 10 min və ya 10 mini keçəcək üzvü olan partiyalar yoxdur. Bir az da Ümiddi, orda da əsasən qarabağlılar, bir də Bakı şəhəri təmsil olunur.

İndi partiya sədrləri, ya üzvləri və onların trolları mənə hücuma keçəcəklər, kağız üzərində sübut etməyə çalışacaqlar ki, onların partiyalarının 10 min nədi, 20-30 min üzvü var.

Partiyanız ağırdı – bu daş, bu tərəzi. Daş partiyalardı, tərəzi də Ədliyyə Nazirliyi və Mərkəzi Seçki Komissiyası.

Və yeri gəlmişkən, İsa Qəmbər çox hazırcavab və incə yumoru olan bir şəxsdi. Bir dəfə Müsavatın binasında müxalif partiyaların iclası keçirilirmiş. İclas qurtarandan sonra İsa Qəmbər pəncərənin önündə siqaret çəkirmiş və görür ki, bir partiya sədri və müavini binadan çıxıb oturdular «Jiquli»lərinə. Və «Jiquli» də elə onların ofisi idi.

Gülüb deyir:

- Partiya belə olar ey, yığcam və lakonik.

Görəsən, Azərbaycanda belə nə qədər yığcam və lakonik partiya var? İnşallah, qanun qəbul olunandan sonra biləcəyik.

TƏQVİM / ARXİV