adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Toxun acdan xəbəri yoxdu

FAİQ QİSMƏTOĞLU
529 | 2022-05-10 12:51

...Mənim təqaüdə möhtac olan insanlara yazığım gəlir. Ən azından ona görə ki, onların başqa yerdən dolanışığı və qazancı yoxdu. Deməli, on minlərlə insan gözünü o təqaüdə dikib. Biz heç də yaşa görə təqaüdlərdən danışmırıq. O təqaüdlərdən danışırıq ki, insanlar sağlamlığını itirəndən sonra əlillik dərəcəsinə uyğun olaraq bu adamlara həmin təqaüdlər verilir. Uzun illərdir ki, həmin təqaüdü alan iki yüz minə yaxın insan birtəhər özlərinin yaşayışını təmin edirdilər, o da kəsildi.

Ancaq   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələlərə «əl gəzdirəndən» sonra həmin insanlardan xeylisi «oyundankənar» vəziyyətə düşdü. Sanki nazirlik qaş düzəltmək əvəzinə vurub göz çıxartdı. Düzdür, həmin təqaüdlərin təyin olunmasında qeyri-qanuni hərəkətlərə və ədalətsizliklərə yol verilmişdir. Amma bu o demək deyil ki, haqqı olan və uzun müddət əlillik dərəcəsi əldə eləmiş insanları da ucdantutma bu hüquqdan məhrum edəsən. Bu o deməkdir ki, əsl xəstə, əlil insanların haqqı yenə tapdanmaqda davam edir. Hətta bu barədə Milli Məclisdə hörmətli millət vəkili Tahir Kərimli də öz etirazını bildirib. O deyib ki, dövlət əlillərə və sağlamlığını itirmiş insanlara hər cür şərait yaradır, ancaq ayrı-ayrı məmurlar bunu tərsinə eləyirlər. Yüz doxsan min nəfərin əlillik dərəcəsinin ləğv olunması buna bariz nümunədir. Bu insanlar o təqaüdlə ailələrini dolandırırlar. İndi o təqaüd də kəsilib, iş də yoxdur və o həmin adamlar çıxılmaz vəziyyətdə qalıblar.

Ümumiyyətlə, sanki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sovet dövründə olduğu kimi, plan doldurmaq üçün ucdantutma, xəstə oldu olmadı, əlillərin hüququnu ləğv edir. Bu isə o deməkdir ki, on minlərlə insan onların hüquqlarının pozulmasına laqeyd yanaşa bilmir. Müxtəlif ağır xəstəliklərdən, şezefriyadan, şəkər xəstəliyindən, ürək-damar xəstəliklərindən əziyyət çəkən və hətta bir əli, bir ayağı olmayan insanların əlillik dərəcəsi ləğv edilib və edilir.

Sonradan da deyirlər ki, həmin adamlar komissiyalara müraciət etməlidir və həmin komissiyalarda müayinədən keçməlidir. Həkimlərin rəyindən sonra onların əlillik dərəcəsi alıb-almaması aydınlaşacaq. Həkim Tibb Komissiyalarının da qarşısında müxtəlif xəstəliyə düçar olmuş, əli, ayağı olmayan əlillər növbə gözləməkdən təngə gəlirlər. Biz dəfələrlə belə hadisənin 2 nömrəli psixatriya xəstəxanasının qarşısında növbə gözləyən insanların necə əziyyət çəkdiyinin şahidi olmuşuq. Şahidi olmuşuq ki, onlar ayaq üstə dura bilmir, xəstəlikdən qıvrıla-qıvrıla qalır və üstəlik də növbə gözləyirlər ki, həkimlərin qəbuluna düşsünlər. Ağır xəstələrin bir çoxu o növbəni gözləyə bilmir, əsəbi halda qohumların köməyi ilə ordan çıxıb gedirlər.

Bizim fikrimizcə, ağır vəziyyətdə olan və sağlamlığını itirmiş əlillərin təkrar müayinəsinin keçirilməsində bir çox qüsurlar mövcuddur. Həmin qüsurlardan biri ağır xəstələrin Həkim Tibb Komissiyalarının qarşısında növbə gözləmələridir. Həkimlər də yaxşı bilir ki, bu cür xəstələr növbə gözləyərkən çox çətin anlar yaşayırlar. Ya bu cür xəstələr əvvəlcədən müəyyənləşdirilməli və növbə gözləmədən qəbul edilməli, ya da iki əlini, iki ayağını itirmiş, şezefriya xəstələrinə həkimlər gedib evlərində baxış keçirməlidilər. Bu iki variantdan biri olmasa, həmin xəstələr yenidən əlilliyin təyin olunmasında çətinliklərlə üzləşəcək, növbə gözləməkdən təngə gələcək və nəticədə həkim müayinəsindən keçə bilməyəcək.

Çox qəribədir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıq ürək əməliyyatı aparılmış insanlara, əlillərə qarşı da bir çox halda  ədalətli mövqe tutmayıb. Tanıdığım neçə-neçə açıq ürək əməliyyatı keçirmiş xəstələr var ki, onların əlillik dərəcəsi ləğv edilib. O xəstələr isə artıq yenidən müayinədən keçməkdən, həkimə getməkdən təngə gəliblər. Bir faktı qeyd etmək istəyirik. Açıq ürək əməliyyatı keçirmiş yaxın qohumlarımdan birinin əlillik dərəcəsi ləğv edilmişdi. O da bir müddət xəstəxanada yatdı, amma yenə ona ikinci dəfə əlillik dərəcəsi verilmədi. Həmin adam iki ay bundan əvvəl insult keçirdi və ürəyi partlayıb öldü. Məgər həkimlər bunu gözləyirlər? Məgər onlar fikirləşmirlər ki, açıq ürək əməliyyatı keçirmiş xəstələrin çoxu heç də o əməliyyatdan sonra çox yaşamırlar. Düzdü, bəzi sağlam adamlar bir müddət yaşamağı bacarırlar. Amma əksər açıq ürək əməliyyatı keçirmiş xəstələr iş qabiliyyətini itirdiyinə görə başqa yerdə işləyə bilmir və üstəlik də onların əlillik dərəcəsi ləğv edilir. Bu insanlar isə öz haqqını və hüququnu müdafiə etmək üçün mücadilə aparır, iradəli və güclü adamlar hüquqlarını çətinliklə də olsa bərpa edir, zəiflər isə depressiyaya düşərək bir qədər də ağır xəstəliklərə düçar olurlar.

Bütün bunları ona görə deyirik ki, onsuz da ölkəmizdə iş yerləri o qədər də çox deyil. Amma iki yüz minə yaxın adamın, əlilin hüququnun ləğv edilməsi həmin insanların yenidən çöllərə düşüb əzab-əziyyət çəkməsi deməkdir. İnsafınız olsun da. Hansı adam  sağlamdırsa, xəstə deyilsə, onun əlillik dərəcəsini ləğv edin. Amma görürsünüz ki, bir adam ağır xəstədir, ayağı yoxdur, qolu yoxdur, şezefriyaya düçar olub, onların əlillik dərəcəsini kəsmək nə demək olduğunu sadəcə olaraq anlamaq lazımdır. Çünki bayaq dedik, adam var ki, gözünü xəstəliklə əlaqədar alacağı təqaüdə dikib. O da kəsiləndən sonra həmin insanlar dilənçi gününə düşür.

Məlum qurumun əməkdaşları bildirir ki, kim xəstədirsə, onun hüququ yenidən bərpa edilir. Axı həmin adamlar bu hüquqlarını bərpa edənə qədər cəhənnəmi gözləri ilə görürlər. Ən azı 6 aydan sonra əlillik dərəcəsini bəziləri çox çətinliklə də olsa əldə edirlər. Bəs o 6 ay nə yeyib içməlidir? Həmin dövrdə almadığı təqaüdü 6 aydan sonra alacaqsa, bu özü də bir çətin durum deməkdir.

Ataların yaxşı bir sözü var: «Toxun acdan xəbəri yoxdur». İndi məlum nazirliyin rəhbərlərinin də əlillik dərəcələri qeyri-qanuni ləğv edilmiş insanların taleyindən xəbərləri yoxdur. Çünki onlar bilmir ki, bu bahalıq, çətin və iqtisadi durum şəraitində ailələrini, özlərini necə dolandıracaqlar. Axı insaf da yaxşı şeydir. Belə adamlar bir deyil, beş deyil. Bu cür haqsızlığa məruz qalmış əlillərin sayı minlərlədir. Axı onların ailəsi var, balaları var, nəvələri var. Gözünü təqaüdə dikmiş adamların sonuncu ümidini əllərindən almaq olmaz. Bəlkə kimlərsə bununla büdcə doldurmaq istəyirlər. Bu da çox böyük bir yanlış addımdır. Ən azından ona görə ki, xalqı bu dövlətdən narazı salmaq olmaz. Belə narazıların sayı da günbəgün artır.

TƏQVİM / ARXİV