adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Dövlətin və millətin qanını soranlar...

FAİQ QİSMƏTOĞLU
559 | 2022-09-09 11:44

Əgər kimsə ölkəmizin iqtisadi böhran keçirdiyi indiki mürəkkəb şəraitdə dövlətimizin büdcəsini dağıdırsa, onu sağa, sola xərcləyirsə və xalqın qanını sorursa, ondan namərd adam yoxdur. Kimliyindən asılı olmayaraq hamımız bu ölkənin övladı, vətəndaşıyıq. Əgər bu ölkənin vətəndaşıyıqsa, onda biz hər birimiz böyük Məmməd Arazın təbirincə demiş olsa, «Vətən daşı olmalıyıq».

İndi gəlin görək, vətən daşı ola bilirikmi? Bax, bu suala birmənalı olaraq cavab vermək olmur. Ən azından ona görə ki, vətən daşı olmayan o qədər vəzifəli şəxslər, məmurlar, nəbilim daha tay nələr var.

Bu xalqı və millətin heç vaxt aldatmaq olmur. Amma zaman-zaman bu xalqı və milləti aldadanlar olub və onların da axırı heç də yaxşı qurtarmayıb. Bəzi nazirlər, icra başçıları və digər vəzifəli şəxslər prezidentin onlara göstərdiyi etimadı doğrultmayıblar. Onlar həm cənab prezidentə, həm də bu millətə və xalqa xəyanət ediblər. Ona görə də neçə-neçə nazir, nazir müavini, icra başçısı, icra başçısının müavini dövlətin büdcəsini dağıtdığına və rüşvət aldığına görə bu gün həbsxanalarda cəza çəkirlər. Bu belə də olmalı idi!

Çünki dövlətin və xalqın malına göz dikənlər nə vaxtsa ya Allahın, ya da qanunun gücünü görməli idilər və gördülər də! Bu gün dünya iqtisadi böhran içində boğulur və bu iqtisadi böhranın dalğası bizim ölkəmizdən də yan keçməyib. Belə bir durumda hər bir nazir, hər bir icra başçısı cənab prezidentə kömək etməli, vicdanla dövlətə qulluq göstərməli və çətin vəziyyətdən çıxmaqda millətə yardımçı olmalıdılar.

Amma gəlin onunla razılaşaq ki, bu gün də dövlətin və millətin qanını soran, xalqa xəyanət edən vəzifəli məmurlar var. Hansısa vəzifəli məmur isə bu işdən əl çəkmirsə, yolunu çaşıbsa, onlar düz yola qayıtmalıdılar.

Çünki cənab prezident İlham Əliyev də dəfələrlə çıxaşlarında bəyan edib ki, kimliyindən və hansı xidmətləri olmasından asılı olmayaraq, xalqa xidmət etmirsə, xalqın malına göz dikirsə, onlar gec-tez məsuliyyətə cəlb olunacaqlar. Cənab prezident bu mesajı dəfələrlə vəzifəli şəxslərə çatdırıb. Ondan nəticə çıxaranlar da var, çıxarmayanlar da. Amma görünən odur ki, dövlətin və millətin qanını soran məmurlar hələ də var və onlar çirkin əməlləri ilə məşğuldur.

Xalqın gözü tərəzidir. Nədən yayınmaq osla da, o gözdən heç vaxt yayınmaq olmaz. Yəni el-oba bilir ki, o rayon icra başçısı və digər vəzifəli şəxslər millətə və xalqa necə xidmət edirlər. Sözümüzün canı ondan ibarətdir ki, hələ də gec deyil. Bəzi vəzifəli şəxslər daşı ətəklərindən tökməli, dövlətin və millətin qanını sormamalı, zalımlıqlarından əl çəkməlidilər. Əgər onlar bu bəd əməllərini davam etdirəcəklərsə, günlərin bir günü həmin məmurların da müttəhimlər kürsüsündə əyləşməsi heç də uzaqda deyil.

TƏQVİM / ARXİV