adalet.az header logo
  • Bakı 10°C

Faiq QİSMƏTOĞLU: Dünya yanır... 

FAİQ QİSMƏTOĞLU
422 | 2022-08-23 11:33

Yazının başlığı hardasa çox narahatedici və qorxulu səslənir. Amma narahatedici olsa da, bir faktla razılaşmalıyıq ki, bu gün dünya od tutub yanır. Bir yanda müharibə, bir yanda sel, su, bir yanda da qarşısı alınmaz yanğınlar. Hətta ən nəhəng dövlətlər belə meşə yanğınlarının qarşısında əlik-dəlik qalıb, gücdən düşüb və o yanğınları söndürməkdə indiyə qədər üzləşmədikləri çətinlikləri yaşayırlar...

Bilmirik, Allah-Təala bizi sınağa çəkir, yaxud biz özümüz bu fəlakətləri törədirik. Amma görünən odur ki, bu gün insanların çoxu Allahın yolundan uzaq düşüb və şeytana xidmət edirlər. Hər halda, bu fəlakətlərin baş verməsi ilə bağlı konkret bir söz demək mümkün deyil. Mümkün olan odur ki, hər gün dünyanın bir yerində çox dəhşətli meşə yanğınlarının baş verməsinin şahidi oluruq...

Təbii ki, bu yanğınlar bizim ölkəmizdən də yan keçməyib. Yəni məmləkətimizdə də tez-tez yanğınların baş verməsinin şahidi oluruq və adamı ən çox narahat edən odur ki, bir yanğın söndürülür və ondan dəhşətli bir yanğın başlayır. Şabran və Quba rayonlarında baş vermiş meşə yanğını çox dəhşətli bir hadisə idi. Özü də bu meşə yanğınını öz günahını etiraf edən bir təsərrüfat adamı törədib. Belə ki, o biçilmiş taxıl sahəsinə od vurub, bundan sonra əsən güclü külək o yanğını daha da genişləndirib. Düz on günə yaxın Fövqəladə Hallar Nazirliyinin və eləcə də digər qurumların əməkdaşları bu dəhşətli yanğınla bağlı mücadilə apardı. Yanğın o qədər güclü idi ki, meşədən savayı, yaşayış sahələrinə və evlərə keçdi və orda da ağır yanğınlar yarandı.

Nə yaxşı ki, Fövqəladə Hallar Nazirliyinin yanğını söndürmək üçün xüsusi təyyarəsi və helikopterləri var. Əgər bu texnikalar olmasaydı, dağlıq ərazidə və meşəlikdə baş verən total yanğının qarşısını almaq daha çətin olardı. Və bir də bizim yanğından mühafizə idarəsinin əməkdaşları bu sahədə daha peşəkar, mütəşəkkil və çevikdir. Təbii ki, yanğın söndürülərkən xəsarət almış yanğınsöndürənlər də olur. Onlar operativ olaraq xəstəxanaya aparılır və müalicələri təşkil edilir.

Sözümüz canı ondan ibarətdir ki, istər meşə yanğınlarının, istərsə də sosial obyektlərin yanmasının əsas səbəbkarı insanlar özləridir. Düzdür, bəzən qısa qapanma nəticəsində yanğınlar törənir. Amma görünən odur ki, əksər meşə yanğınları və digər obyektlərdə yanğının baş vermə səbəbi ya səhlənkarlıqdan, ya da qəsdən kimlərinsə bu yanğının törətməsindən nəticələnir.

Cəlilabaddakı ticarət mərkəzinin yanması və eləcə də bir çox rayonlarda tövlələrin, yaşayış evlərinin, ot bağlamalarının yanması onu deməyə əsas verir ki, burda görünməyən məqamlar da var. Bu gün kimin kimdən xoşu gəlmirsə ya gedib onun evinə od vurur, ya da təsərrüfatına. Bu cür faktlar istintaq orqanları tərəfindən dəfələrlə sübut edilib. Sübut edilib ki, bəzi yanğınlar qəsdən törədilir. Kiminsə bir başqası ilə ədavəti olur. O da gedib onun evinə, mal-qara saxlandığı tövləyə və çoxlu sayda ot bağlamaları toplandığı yerə od vururlar. Bu isə nadanlıqdan və cahillikdən başqa bir şey demək deyil. Görünən odur ki, hələ də bir çox insanların düşüncəsi və təfəkkürü ibtidai icma quruluşu səviyyəsindədi.

Qəribə də olsa deyəcəyik ki, qəsdən yanğınların törədilməsi motivi son vaxtlar daha da artıb. Bunu həm də yanğın zamanı zərər çəkmiş insanlar söyləyirlər. Onlar deyirlər ki, mənim obyektim iki dəfə yanıb. Yaxşı, bu necə olur?! Bir dəfə yanır, başa düşürük, amma ikinci dəfə yanırsa, bu, yanğın deyil, yandırılmadı. Məsələn, Cəlilabaddakı ticarət mərkəzində mağazası və eləcə də malları yanan adam ağlaya-ağlaya bildirdi ki, 15 min manat dəyərində nisyə mal götürmüşdüm. O da yanıb külə döndü. İndi bilmirəm o aldığım malın pulunu necə ödəyəcəm...

Ümumiyyətlə, yanğınlar zamanı ayrı-ayrı sahibkarlar daha çox ziyan çəkirlər. Yanğın olur, onlara külli miqdarda ziyan dəyir və bu ziyana görə konpensasiya ala bilmirlər. Çünki onlar mağazalarını sığortalamayıblar. Ancaq sığortalasalar, dəymiş ziyanın dəyəri müqabilində sığorta şirkətindən konpensasiyanı almaq mümkün olar. Ona görə də həmin xırda ticarətlə və eləcə də böyük ticarətlə məşğul olan sahibkarların maarifləndirilməsinə çox ciddi ehtiyac var. Çünki onlara bu məsələlərin bütün hüquqi tərəfləri izah edilməli və başa salınmalıdır.

Sığorta pulu da o qədər böyük deyil. Məsələn, yüz min manat dəyərində olan obyektin illik sığortası 250-300 manat arasındadır. Əgər hər hansı sahibkar sonradan yanğın zamanı dəymiş  ziyana görə konpensasiya istəyirsə, mütləq sığorta məsələsini diqqətdə saxlamalıdır.

Bizimkilər isə o vaxt ayılırlar və dizlərinə, başlarına döyürlər ki, yüz min manatdan çox və bahalı obyektlər yanır, bax onda peşman olurlar. Deyirlər ki, gərək obyektimi sığortalatdıraydım. Bax, yanğınlar hər an baş verə bilər. Həm səhlənkarlıqdan, həm qısa qapanmadan, həm də qəsdən. Ona görə də hər bir iş adamı daha diqqətli olmalı, bu məsələləri gündəmdə saxlamalı, çıxış yolunu, problemi hüquqü müstəvidə həll etməkdə görməlidi. Onsuz da bu gün dünya yanır.

Əgər dünya yanırsa, deməli, biz də yanğından çıxış yolu axtarmalı və dərindən düşünməliyik. Dərindən düşünməliyik ki, biçdiyimiz taxıl sahəsinə od vurmayaq, meşədə istirahət edib qayıdandan sonra kabab bişirdiyimiz ocağı söndürək, siqaret çəkib quru otlaq sahəsinə atmayaq. Və bir az da insaflı olub kimdənsə qisas almaq üçün onun obyektinə, evinə, topladığı ot bağlamalarına od vurmayaq. Sadəcə olaraq adam olub adam kimi yaşayaq və dünyada baş verən bu mürəkkəb proseslərdən çıxış yolu tapaq...

TƏQVİM / ARXİV