adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Əzablı ömür...

FAİQ QİSMƏTOĞLU
454 | 2022-05-18 12:26

Onlara dəyər verilməlidir

 

...Mən o qadınlara həmişə çox böyük hörmət və məhəbbətlə yanaşmışam. Çünki onlar digər qadınlardan zəhmətkeşliyinə, əzab-əziyyət çəkdiyinə və ən nəhayət, halal zəhmətlə pul qazandıqlarına görə seçilirlər. Belə baxanda onlar adi həyat tərzi yaşayırlar. Amma ona heç adi də demək olmaz. Daha doğrusu, ona çox əzablı və əziyyətli bir ömür deyə bilərik...

Hər gün səhər saat dörddə, beşin yarısında yuxudan qalxır və beşdə isə küçələrdə təmizlik, abadlıq işləri görürlər. Onlar bu işləri heç də asanlıqla görə bilmirlər. Çünki bu qadınlar qışın soyuğunda, şaxtasında, qarında dan yeri söküləndən küçələrdə olur, oraları təmizləyir, səliqə-səhman yaradır və sözün həqiqi mənasında bu millətə, bu xalqa xidmət edirlər. Bilirsiniz də kimlərdən söhbət açmaq istəyirəm?! Bilmirsinizsə deyim. Mənzil Kommunal Təsərrüfatı Birliklərində çalışan qadınlardan söhbət açmaq istəyirəm. O qadınlar ki, səhər saatlarında, lap erkən işə gedərkən onların Bakının küçələrini süpürdüklərini, təmizlik işləri apardıqlarını görürük. Görürük ki, bu qadınlar havanın soyuq, yaxud isti olmasından asılı olmayaraq hər gün iş başında olur, tapşırığı yerinə yetirir və eyni zamanda halal zəhmətlə çörək qazanırlar...

...Onlar tək küçələri, prospektləri süpürmürlər, həm də ərazilərdə ağaclara, yaşıllıqlara xidmət göstərirlər və bəzən də görürük ki, həmin qadınlar əllərində bel, ya ağacların dibini belləyir, ya da əllərində başqa bir alətlə o ağacların gövdəsini əhəngləyirlər. Bir sözlə, bu qadınlar yayın istisində, qışın soyuğunda öz işlərinə çox vicdanla, namusla yanaşırlar. Biz yayın istisində dincəlmək istəyəndə, kölgə axtaranda onların sifətini gün qarsa-qarsa iş görürlər. Özü də gördükləri işdən zövq alırlar...

Bəzi halda səhər saatlarında avtomobillə hərəkət edən harınlamış sürücülər onları ya bilərəkdən, ya da bilməyərəkdən maşınla vurub qaçırlar. Demək, bu insanların da taleyi həm də bir tükdən asılıdır. Çünki küçələri süpürərkən bəzi məsuliyyətsiz sürücülər onlara diqqət yetirmir, laqeydlik və səhlənkarlıq üzündən həmin qadınları avtomobillə vuraraq aradan çıxırlar. Bir neçə il bundan əvvəl Bakıda küçəni süpürən bir qadını avtomobillə sürücü vurmuşdu, ona kömək etmək əvəzinə, ağır xəsarət alan qadını yolun ortasına qoyub qaçmışdı. Əgər o qadına vaxtında köməklik göstərilsəydi, bəlkə də həyatını xilas etmək mümkün olardı. Qaçıb aradan çıxan sürücünü isə bir neçə gündən sonra polis Şəmkir rayonunda axtarıb tapmışdı. Bax, bu qadınların həyatı mən deyərdim ki, hər gün təhlükə qarşısındadı və sürücülər diqqətli olmalıdır ki, onlar xidmət apararkən hadisə baş verməsin. Amma bəzi hallarda bayaq dediyimiz kimi, səhlənkar sürücülərin günahı üzündən belə hadisələr və qəzalar yaranır. Yolda təmizlik işi aparan qadınları avtomobillə vururlar.

Gəlin görək ən əzablı və əziyyətli işlə məşğul olan bu qadınlar hər ay nə qədər əmək haqqı alır?! Təbii ki, onların əmək haqqı 300 manatdan yuxarı deyil. Bu qədər əziyyət çəkəsən, tər tökəsən, həyatını təhlükəyə atasan və ayın sonunda da 300 manat əmək haqqı alasan. Məncə, bundan böyük haqsızlıq və ədalətsizlik yoxdur. Ən azından ona görə ki, sübh tezdən yuxudan duran və küçələrdə təmizlik işləri görən qadınların əməyi çox ədalətsiz qiymətləndirilir. Bizim hörmətli millət vəkilləri və eləcə də digər səlahiyyətli nümayəndələr, məgər onların necə əziyyət çəkdiyini görmürlərmi? Heç olmasa bir dəfə Milli Məclisdə bu insanların hüquqları qorunubmu və onların əmək haqqının artırılması ilə bağlı məsələ qaldırılıbmı?! Bax, bu barədə dəqiq heç nə deyə bilmərik. Bircə onu deyə bilərik ki, həmin zəhmətkeş qadınlar da yaşadıqları ərazilərdə hansısa millət vəkilinə səs verib. Deməli, bu insanların da haqqı qorunmalıdır.

Hətta bəzən onların kimsəsizliyindən və zəifliyindən istifadə edən bəzi adamlar üstlərinə qışqırır və təhqir etməkdən belə çəkinmirlər. Çünki bilirlər ki, onların elə bir arxası yoxdur. Bir tikə çörəyə möhtacdır. Məgər görmürsünüz, həmin qadınların şaxtada, qarda, günün istisində işləməkdən sifətləri qapqara olub. Amma sifətlərini gün qaraltsa da, onların üzləri xalqın qarşısında həmişə ağdır. Çünki heç vaxt haram çörək qazanmayıblar və balalarını halal yolla əldə etdikləri çörəklə dolandırırlar. Bu qadınları, bu insanları qorumaq və sevmək lazımdı.

Yadıma böyük Üzeyir Hacıbəyovun «Cin» felyetonu düşür. O felyetonda yazılır ki, yazıq müsəlman qadınları, başınızda, belinizdə yük daşımaqdan əldən düşmüsünüz. İndi bu qadınlar da XX əsrin əvvəllərində əziyyət çəkən müsəlman qadınlarından heç də fərqlənmir. Əksinə, onların yükü bir qədər də ağırlaşıb. Çünki səhərdən axşama qədər işləyirlər, evlərinə qəpik-quruş aparırlar. Və bu qəpik-quruşla onlar dolanmağa məcburdular. Amma yaxşı olardı ki, bu insanların taleyi haqqında daha dərindən düşünək, onların layiq olduğu və əziyyət çəkdiyi zəhmətin qarşısında əmək haqqını verək. O insanlara dəyər verilsə, bu Allaha da xoş gedər, həmin adamların özləri və ailələri isə rahat nəfəs alar, sevinərlər.

 

TƏQVİM / ARXİV