adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Unudulan sənətkarlar

FAİQ QİSMƏTOĞLU
636 | 2022-09-14 14:51

Məmməd Cavadovun musiqi dünyası

 

...Hər bir sənətkarı yaşadan və gələcək nəsillərə sevdirən onun yaratdığı ölməz əsərlərdir. O sənət əsərləri ki, onlar xalq tərəfindən dinlənilir, sevilir, yada salınır və xatırlanır. Böyük bəstəkar Məmməd Kərim oğlu Cavadov da belə unudulmaz şəxsiyyətlərdən və bəstəkarlardan biridir. Onu bu xalq, bu millət heç vaxt yaddan çıxarmır. Sadəcə olaraq televiziya kanalları, mətbuat elə böyük sənətkarlar barəsində bir sujet göstərməyəndə, bir yazı çap etməyəndə onlar az da olsa yaddan çıxırlar. Amma ən əsası odur ki, Məmməd Cavadovu tək bir bəstələdiyi mahnı - «Barı Naxçıvan» onu həmişə yaşadır və yaşadacaqdır.

Məmməd Cavadov 1912-ci ildə Füzuli rayonunda (əvvəlki Qarabulaq)  anadan olub. O, musiqi təhsilini Şuşada alıb. Böyük bəstəkar Üzeyir Hacıbəyovun tələbəsi olub. Eyni zamanda onun istedadı və bacarığı Üzeyir bəyin diqqətindən yayınmayıb. Ona görə də Üzeyir bəy həmişə Məmməd Cavadovu diqqətdə saxlayır və ona çox böyük köməkliklər göstərib. O, Səid Rüstəmov, Hacı Xanməmmədovla bir yerdə çalışıblar. Bu sənətkarın ən böyük istedadı ondan ibarət olub ki, həm müxtəlif musiqi alətlərində musiqilər səsləndirib, həm də bir-birindən gözəl sənət əsərləri yaradıb. Bu sənət əsərləri onu deməyə əsas verir ki, Məmməd müəllim daim öz üzərində işləyib. Onun fortepiano üçün «Pyesləri», «Sonatina», «Etüd»,  iki tar və iki kamança üçün kvarteti, klarnet və fortepiano üçün «Konserti» birmənalı olaraq tamaşaçılar tərəfindən hörmətlə qarşılanıb. Onu ən çox sevdirən Hüseyn Əziminin sözlərinə yazdığı «Barı Naxçıvan» mahnısıdır.

O, harda olubsa, həmişə yeni əsərləri ilə tamaşaçıları, onu sevənləri sevindirməyi bacarıb. Naxçıvanda işləyəndə Üzeyir Hacıbəyovun «Leyli və Məcnun», «Əsli və Kərəm» operalarına, «Arşın mal alan» operettasına dirijorluq edib. O dövrdə İslam Səfərlinin «Bənövşə», «Badamlı», «Cəngi» şeirlərinə musiqi bəstələyib.

 

1993-cü ildən Füzuli işğal olunanda məcburi köçkün kimi ailəsi ilə birlikdə Lənkərana gəlir, orda da musiqi texnikumunda pedaqoji fəaliyyətə başlayır. Bununla yanaşı, şair Şəkər Aslanın «Bu yerlər», «Təkcə səni», Mirhaşım Talışlının «Lənkəran», «Rəssam-müəllim» şeirlərinə mahnı bəstələməyi unutmur. Ümumiyyətlə, Məmməd Cavadov M.Ə.Sabir, A.Səhhət, M.Müşfiq, S.Vurğun, M.Şəhriyar, O.Sarıvəlli, Ə.Tudə, M.Araz, B.Vahabzadə, Ə.Cəmil, Ə.Kərim, M.Dilbazi... və digər böyük şairlərin şeirlərinə mahnı və romanslar bəstələyib.

Məmməd müəllimin hansı mahnısını, hansı musiqisini dinləsən, istər-istəməz çox gözəl anlar yaşayırsan. Onun «Qarabağ lövhələri», «Sülh marşı» musiqiləri dediyimizə əyani sübutdur. Ən azından ona görə ki, o mahnılar bu gün də səslənəndə adam özünü göyün yeddinci qatında hiss edir və bir daha bu sənətkarın necə böyük bəstəkar olduğunu dərindən dərk edir.

Sənətkar odur ki, onun yazdığı musiqi əsərləri özündən sonra oxunur, səslənir və yenidən bir ömür yaşayır. Məmməd müəllimin bu mənada Azərbaycan televiziyasının və radiosunun qızıl fondunda saxlanılan neçə-neçə gözəl əsərləri var. Bir vaxtlar bu əsərlər heç olmasa ildə bir dəfə səslənirdi. Amma indi nədənsə qızıl fondda olan bu musiqilər məlum qurumun yadına düşmür və onu səsləndirmirlər. Bu musiqilərin səslənməməsi həm də milli, xalq musiqimizin unudulması deməkdir. Çünki bəstəkar Məmməd Cavadovun bütün mahnıları Azərbaycan xalq musiqisindən qidalanır və məhz ona görə də o musiqilər, o mahnılar həmişəyaşardır. Kim nə deyir desin, bir musiqi ki, 40 il, 50 il yaşayır, demək o musiqi uzun ömürlü sənət əsəridir. Məmməd müəllim «Barı Naxçıvan» mahnısını ötən əsrin 40-cı illərində bəstələyib. İndi 80 ilə yaxındır o mahnı yaşayır və Azərbaycan xalqı tərəfindən sevilir...

Mən Məmməd Cavadovun heç üzünü də görməmişəm. Amma onun ölməz mahnılarından və musiqilərindən tanımışam. Sonralar Füzuli rayonunda musiqi məktəbinin direktoru olan gözəl ziyalı və səmimi insan Azər Cavadovla tanış olmuşam. Görmüşəm ki, o da atası kimi Azərbaycan musiqisini, xalq musiqisini çox sevir, tarixini dərindən bilir və bu əbədiyaşar musiqini gənclərə böyük sevgi ilə öyrədir. Həmişə atası haqqında danışanda kövrələ-kövrələ danışır. Deyir ki, atamın bir arzusu vardı: torpaqlarımız azad olsun və «Qələbə marşı» yazsın! Amma torpaqlarımız azad olundu. Atam o marşı yaza bilmədi. Ancaq buna baxmayaraq, Şuşada keçirilən «Xarıbülbül» festivalında müğənnilər tərəfindən atamın bir neçə gözəl mahnısı səsləndirildi. Elə bununla da atam özü olmasa da, onun ruhu öz arzusuna qovuşdu...

Məmməd Cavadov 2002-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə 90 yaşında prezident təqaüdü ilə mükafatlandırılıb. Bu, Məmməd müəllimə çox böyük ruh yüksəkliyi yaradıb. Çünki Məmməd müəllim həmin hadisədən sonra neçə-neçə gözəl mahnılar bəstələmişdi. O, 2002-ci il dekabr ayının 10-da qarlı-çovğunlu bir qış günündə Allahın dərgahına qovuşdu.  Məmməd müəllim  Allahın dərgahına qovuşsa da, ruhu həmişə öz doğma ocağında - Füzulidə dolanır və indi onun ruhu tam sakitdir. Çünki digər işğal altında olan rayonlarımız kimi, Füzuli də 2020-ci ilin 44 günlük  ikinci Qarabağ savaşında erməni işğalından azad olundu. Nə vaxta qədər ki, Azərbaycan xalqı var, nə vaxta qədər ki, Azərbaycan musiqisi var, o vaxta qədər də bəstəkar Məmməd Cavadov həmişə yaşayacaq...

TƏQVİM / ARXİV