adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Yalan evimizi yıxır...

FAİQ QİSMƏTOĞLU
594 | 2022-08-02 11:02

...Bizə o qədər yalan deyiblər ki, o yalanlara düz 70 il inanmışıq. Düz 70 il SSRİ-nin tərkibində olanda inanmışıq ki, kommunizm olacaq, südün, balın, yalın içində üzəcəyik. Amma illər keçdikcə tam başqa şeylərin şahidi olmuşuq. O şeylərin şahidi olmuşuq ki, ötən əsrin 60-cı illərində kommunizm əvəzinə ölkədə aclıq olub. Daha doğrusu, o vaxt biz uşaq idik. Amma görünən o idi ki, ölkədə çörək qıtlığı var idi, ərzaq çatışmazlığı olurdu və üstəlik də bəzi məhsullar talonla satılırdı...

...Ancaq yalan öz işində idi. Deyirdilər ki, bizim vətəndaşlar hamıdan yaxşı yaşayır, yaxşı dolanır və yaxşı günlər görür. Deyirdilər ki, bir az da dözün, 15 ildən sonra kommunizm olacaq və hər şey də insanlara pulsuz veriləcək. Bir az da dözdülər, gördülər ki, yox balam, pulsuz heç nə yoxdur, əksinə hər şey qəhətə çıxır. Və ötən əsrin 70-ci illərində yağı, əti talonla verirdilər. Camaat növbəyə durub saatlarla gözləyirdi ki, talonla ət alacaq, yağ alacaq...

Bax, beləcə saxta rəqəmlər, saxta statistika baş alıb gedirdi. Xüsusən də pambıq «pripiska»sı tüğyan edirdi və belə çıxırdı ki, SSRİ-də dünyanın hər yerindən daha çox pambıq, taxıl və digər kənd təsərrüfatı məhsulları istehsal olunur. Bunlar hamısı kağız üzərində idi, real həyatda isə hər şey başqa cür idi: yəni ölkədə məhsul qıtlığı, aclıq və yalavaclıq hiss olunurdu. Belə yalanların üstündə günlərin bir günündə o qüdrətli ölkə dağıldı...

Bəzən yalanı elə deyirlər ki, onun həqiqət olduğuna inanırsan. Hətta həqiqətə inanmırsan, o yalana inanıb onun dalınca düşürsən. Elə bilirsən həqiqətdir və o yalana çatırsan, görürsən ki, balam yox, üstü parıltılı olan, içi də zəhər kimi dad verən yalanın özünə rast gəlmisən. Və bu yalanlar bu gün də davam edir. Yalan vədlər... yalan sözlər...yalan söhbətlər... Düşünürsən ki, yəqin bu yalanın ömrü az olar. Amma görürsən ki, yox, yalanın ömrü uzundur, sənin ömrün bu yalanlara çatmır. Ən azından ona görə ki, yalanı o qədər bər-bəzək, şirinlik və rəng vurub insanlara çatdırırlar ki, insanlar onun yalan və həqiqət olduğunu heç cürə aydınlaşdıra bilmir...

Mənim bir qohumum var. Bütün günü yalan danışır. Qardaşının danışdığı həqiqətə heç kim inanmır, amma onun danışdığı yalana hamı inanır. Hətta həqiqəti danışan qardaş deyir ki, vallah, mənim özüm də məəttəl qalmışam. Qardaşım elə gözəl yalan danışır ki, hətta özüm də dediyim həqiqətə şübhə ilə yanaşıram və onun danışdığı yalana inanıram. Qardaşım olduğuna görə demirəm ha! O hər şeyi bacarır. Mən isə çox şeyi bacarmıram. Onu həyatda fərasətli, işgüzar və ağıllı adam kimi tanıyırlar. Məni isə düz danışan, amma fərsiz, maymaq, bir işə yaramayan, qohum-əqrəbaya əl tutmayan insan kimi dəyərləndirirlər. Neyniyim, dünya belədir! Kim yalan danışırsa, o həmişə sevilir və irəli gedir...

Bax, ermənilər də belədir. Bizim dediyimiz həqiqəti dünya qəbul eləmir və onların yalanlarına inanır. Çünki onlar yalanı elə gözəl deyirlər ki, bizim xətrimizə dəyməsin, o yalanlar həqiqətə bənzəyir. Ən azından ona görə ki, ermənilər yalan danışmaq üzrə dünya çempionudur. Biz isə həqiqəti dünyaya çatdırana qədər çox çətin anlar yaşayırıq, faktları, sübutları ortaya qoyuruq, hər şeyi beynəlxalq hüquq əsasında gündəmə gətiririk. Amma buna inanmırlar, onların yalanlarına inanırlar...

Bu yerdə Vaqif Bayatılı Odərin bir şeiri yadıma düşür. Şeirin məzmunu belədir ki, həqiqət və yalan bir-biri ilə savaşa girir, axırda da şair deyir ki, yaşasın yalan! Çünki həqiqəti heç kim qəbul eləmir. Amma yalanı nəinki insanlar, hətta bütün dünya qəbul edir və ona həqiqət kimi inanır. Bax, ona görə də yalanlar həm dünyanın, həm də bizim evimizi yıxıb, yıxır və yıxacaq!

 

TƏQVİM / ARXİV