Həyatımda elə insanlar olub ki və bu gün də var. Mən onlar barəsində keçmiş zamanda danışa bilmirəm. Onların xatirə olduğuna inanmıram. Çünki onlarla təmasım ürəyin, ruhun təması olubdu. Anlayışın, düşüncənin, həyata baxışın təması olubdur. Bu mənada bu gün barəsində düşündüklərimin kiçik bir hissəsini qələmə almaq istədiyim unutmadığım bir ADAM var. Sözün həqiqi mənasında UNUTMADIĞIM!
Bəli, gəlin etiraf edək ki, bəzən düşündüklərimizi, xəyalımızdan keçirdiklərimizi başqasının hərəkətində, fəaliyyətində, yazısında, hətta söhbətində dilə gətirildiyini, təqdim edildiyini görəndə, eşidəndə bir az çaş-baş qalırıq. Axı bu necə ola bilir? Məsələn, mən indi barəsində yazacağım adam haqqında son bir həftədir ki, özümdən asılı olmadan düşünürəm, kitablarını vərəqləyirəm və bu bir həftənin içərisində də həmin ADAM barəsində mətbuatda da, sosial şəbəkələrdə də, eləcə də həmsöhbət olduğum insanlarla, müzakirə etdiyim mövzularda da qarşılaşmışam və hər dəfə də təəəccüblənmişəm. İndi isə bütün bu təəccüblərə, təsadüflərə baxmayaraq, özüm üçün qətiləşdirdiyim bir məqama toxunum. Yəni mən artıq bilirəm ki, barəsində düşündüyüm ADAM təkcə mənim üçün deyil, hamı üçün, yəni onu tanıyan hər kəs üçün unudulmazdır, yadda qalandır. Elə ona görə də fikirlərimiz, düşüncələrimiz həm paralel, həm də kəsişən bir xətt üzrə hərəkətdədir. Və …
Əlimdə tutduğum kitaba qəribə bir avtoqraf yazılıb:
- Sevgili Qarabağımızın sarı simi Mədətoğlu Əbülfət bəyə müəllifdən. Ramiz Məmmədzadə, 25 yanvar, 2022-ci il.
Bəli, mənə bağışlanan kitabın adı «Bir ömürdü, o da keçdi beləcə…» adlanır. Kitab dəyərli yazıçımız Mustafa Çəmənlinin redaktorluğu ilə işıq üzü görüb. Və maraqlıdı ki, bu kitabda həm Ramiz Məmmədzadənin şeirləri, publisist yazıları,esseləri, məktubları, həm də onun barəsində yazılmış dost sözləri yer alıbdır. Mən böyük qürur hissi ilə vurğulamaq istəyirəm ki, kitabda əməkdar elm xadimi, professor Nizaməddin Şəmsizadə, şair əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə və bir də mənim – şair, əməkdar jurnalist Əbülfət Mədətoğlunun məqaləsi yer alıbdır. Təkrar vurğulayıram ki, bu mənim üçün son dərəcə qürurvericidi.
Ramiz Məmmədzadə şair, publisist olmaqla yanaşı, həm də ictimai-siyasi xadim olub, dövlət vəzifələrində çalışıb. Amma hansı vəzifəni icra etməsindən asılı olmayaraq, həmişə sözün, ədəbiyyatın yanında olub. Ona görə də onun tutduğu dövlət vəzifələri həmişə ikinci planda qalıb. Bunu hər kəs etiraf edə bilər və bir də yəqin ki, hər kəs Ramiz Məmmədzadənin söz adamlarına diqqətini də, qayğısını da xatırlatmaqda çətinlik çəkməz. Və yeri gəlmişkən onu da qeyd edim ki, Ramiz Məmmədzadə (mən dəfələrlə şahidi olmuşam - Ə.M) söz adamlarının xahişini, problemini çözmək üçün ərki keçən məmurlara zəng etməyi də heç vaxt özünə qüsur saymayıb. Əksinə, bunu ürəklə, sayqı ilə yerinə yetirib. Elə edib ki, gördüyü iş kiməsə minnətli olmasın. Bax, bütün bunları xatırlaya-xatırlaya mən əlimdə tutduğum kitabı vərəqləyirəm. Bu kitabdakı şeirlərin yazılma tarixi 2010-cu ildən 2020-ci ilə qədər olan zaman kəsiyidir. Və mənim üçün burda bir məqam da önəmlidir ki, kitabdakı şeirlərin demək olar ki, hamısını dövrü mətbuatda, o cümlədən «Ədalət» qəzetində ilk oxucusu olmuşam. Ramiz müəllimin özünəməxsus bir qəribəliyi var idi. Redaksiyaya yazılarını göndərməmişdən öncə telefonla əlaqə saxlayardı. Çap olunmaq imkanını, şəraiti öyrənərdi. Və sonra çox mehriban bir şəkildə deyərdi:
- Əbülfət, şeirlərimi göndərirəm. Əvvəlcə oxuyarsan, sonra telefonda danışarıq. Sənin fikirlərin mənim üçün maraqlıdı. Nə xoşuna gəlmədisə və yaxud anlaşılmaz oldusa, mənə de. Birlikdə müzakirə edək. İstəmirəm ki, xoşun gəlməyən, nöqsanlı şeirim çap olunsun…
Bəli, Ramiz Məmmədzadə redaksiyamıza göndərdiyi bütün yazılardan öncə mütləq bu zəngi edirdi. Mən də böyük həvəslə onun şeirlərini və yaxud publisist yazılarını oxuyurdum. Üstəlik, onu da çox gözəl bilirdim ki, Ramiz müəllimdə «Ədalət»dəki bütün yazıları birmənalı olaraq gözdən keçirir və telefon zəngimizdə mənə də yazılarımız barəsində çox açıq bir münasibət bildirir. Bu da etiraf edim ki, mənim məsuliyyətimi artırırdı. İndi isə…
«Bir ömürdü, o da keçdi beləcə…» kitabındakı şeirlərin ovqatına üz tuturam. Bu şeirlərin xeyli hissəsi Qarabağa, xüsusilə Ağdama həsr olunub. Ramiz müəllim canından da çox sevdiyi Ağdama yazmaqdan, Ağdamı tərənnüm etməkdən, Ağdamı şeirə gətirməkdən yorulmurdu, doymurdu. Hətta onun şeirlərinin qəhrəmanı olan Ağdam və ağdamlılar o qədər obrazlı şəkildə təqdir və tərənnüm edilirdi ki, bəzən şeirdəki mənzərənin bugünümüzün özü olduğuna, gerçəklik olduğuna inanırdım. Unudurdum ki, Ağdam işğal altındadır, unudurdum ki, həmin qəhrəmanlar dünyasını çoxdan dəyişib. Bunu mənə Ramiz Məmmədzadənin Ağdam sevgisi sübut edirdi. Məsələn o:
Bir payız səhəri
ova gedib
Evinə qayıtmayan…
İtib-batan,
yoxa çıxan
Faytonçu Çərkəz kişinin
Atlarını yuxuda gördüm
dünən gecə…
Özü də necə?
Atlar kişniyə-kişniyə
qaçırdılar,
Üz tutmuşdular meşəyə, dağa…
Gedirdilər
Çərkəz kişini axtarmağa…
Və yaxud «Ağdam Cümə məscidi» şeirində yazdığı kimi:
Rəhmətlik Molla Mürşüd babamın
and yeri, iman yeri.
Çiçək nənəm Gözəlin
ümid yeri, güman yeri
Ağdam Cümə məscidi.
Əliqurumuşlar
Sənə əl uzatdılar
Onlar bəşər deyil,
ayrı kafir zaddılar…
Diddilər, yedilər səni…
Bir parçasını təqdim etdiyim bu şeirin özündə də təkcə Ağdam Cümə məscidinə deyil, bütünlükdə dinimizə, inancımıza, müqəddəs kitabımıza böyük sayqı, milləti Zəfərə aparan sərkərdəyə güvənc, bir şair səmimiyyəti ilə qələmə alınıbdır. Ona görə də Ramiz müəllimin istər Milli qəhrəman Allahverdi Bağırova, istər professor Rafiq Əliyevə, lap elə birbaşa Ağdamın özünə etdiyi müraciətlərdə də həmin səmimiyyət, həmin inam və inanc həmişə qabarıq bir şəkildə özünü göstərir. Yəni şeiri oxuyanda ilk nəzərə çarpan məhz həmin o səmimiyyətdi, inamdı. Ona görə də mən bir oxucu olaraq Ramiz Məmmədzadənin poeziyasında bu cizgiləri daha çox müşahidə etmişəm, daha çox görmüşəm. Tutaq ki, onun «Ağdam haqqı, gəlirik eyy!» şeirinə nəzər salanda təkcə başlığın özü, yəni ad artıq səni həmin dediyim o duyğulara kökləyir. Başlıqdakı tam sadə, səmimi, qəti fikir şeirin bütün məzmununu üzə çıxardır:
Ağdam, mənim varlığımsan,
Həyatımın əzəlisən!
Sən bizim Xan Qarabağın
Sevgili ağ gözəlisən!
………………
Ağdam, sənə salam olsun
Türkün böyük ellərindən!
Gözlə, gəlib öpəcəyəm
Güllə dəymiş əllərindən!
Bu döyüşlər – taleyimiz!
Cəngdə pələng balasıyıq!
Allah haqqı!
Ağdam haqqı!
Ağdam! Sənin
Qisasını alasıyıq!
Ağdam!
Ağdam!
Allah haqqı, Adın haqqı
Gəlirik eyy!!!
Bəli, müəyyən hissələrini sizə təqdim etdiyim bu şeirin yaratdığı ovqatı hər kəsin öz ixtiyarına buraxıram. Yəni siz necə qəbul etdinizsə, özünüz bilərsiz. Amma mən bu andın səmimiyyətinə, bu çağırışın, bu bəyanatın gerçəkliyinə inanmışam və bu gün də inanıram. Və mənə görə hardasa, böyük qələbəmizdə bu və bu tipli çağırışların rolu danılmazdır.
Mən Ramiz müəllimlə bağlı fikirlərimi bilgisayara diktə edəndə yadıma bir xatirə də düşdü. Deməli, 1994-cü ilin yayı idi. Görüşdük. Təbii ki, əsas mövzumuz olan Qarabağdan, qaçqınçılıqdan, sonra da yazı-pozudan danışdıq. Sözarası Ramiz müəllim dedi ki, Biləsuvar çadır şəhərciyində sənin dostun ilə qarşılaşdım. Çadırında bir stəkan çay da içdik. Xeyli söhbət etdik. Çox maraqlı adamdı…
Diqqətlə üzünə baxdım. Ramiz müəllim özünəməxsus təbəssümlə fikrini tamamladı:
- Vahid Əlifoğlu çox maraqlı şairdi. Şeirləri də əladı. Özünə də dedim. Yazsın, yazılan qalacaq!
Bəli, mən indi həmin xatirəni yaddaşımda təzələyəndə onu da qeyd etməliyəm ki, rəhmətlik unudulmaz şair dostum Vahid Əlifoğlu da Ramiz müəllimlə bağlı isti bir təəssürat bölüşmüşdü mənimlə. İndi hər ikisi cənnətdə olan şair dostlarımın, qardaşlarımın yaddaşımda qalan, ömrümə hopan xatirələrini, söhbətlərini göz önündən keçirə-keçirə bir əminliyimi ifadə etmək istəyirəm. Həqiqətən yazılan qalır, həqiqətən yazılan yaşadır. Ona görə də Ramiz Məmmədzadənin bir şeirində dediyi kimi:
Məndən bir gün qaçasıymış bu ömür,
Harda olsam, onu gəzdim, hayladım.
Sən demə, od parçasıymış bu ömür,
Zərrə-zərrə, gilə-gilə payladım.
Bir ömürdü,
o da keçdi beləcə…
Yox, sən demə, bu dünyanın yolunu,
Necə tutsan əvvəl-axır bir imiş…
Bu qismətdi, mənim ömür qalamı
Öz bəxtimin yarpaqları bürümüş…
Bir taleydi,
bir ömürdü beləcə…
Bu yazının bu gün üçün, bu an üçün sonuna gəlib çıxdım... Və bu sonluğa gəlib çatana qədər anladım ki, bu da elə bir ömürdü beləcə. Xatirələrlə, xəyallarla, gerçəkliklə və bir də şeirlə keçən bir ömür...