adalet.az header logo
  • Bakı 33°C
  • USD 1.7

Göy üzündə sevgi söhbəti - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
322 | 2022-06-16 13:59

Şair İnqilab İsaqın həmkarlığı ilə...

Yaxın günlərin söhbətidi. Bir ruh dostum, sözü, şeiri, ovqatı ruhuma doğma olan bir şəxs sözarası keçmişindən danışaraq vurğuladı ki, o, düşüncələrini yazır. Düzünü deyim ki, bu fikir məni razı salmadı. Çünki düşüncəni yazmaq üçün yaşamalısan. Onda yazdığın, yəni düşüncən kimlərəsə təsir edə bilər. çünki faktdan, həyatdan çıxış edirsən. Əks halda, fantaziya ilə nələri uydura bilsən də, sevgini uydura bilməzsən. Çünki sevgi hər kəsdə yalnız və yalnız bir formadadı. Burda söhbət intim həyatdan getmir. O heyvani hissdi. Bütün canlılarda olur, amma sevgi hər kəs üçün bir rəngdə, bir biçimdə, bir ölçüdə, bir çəkidə, hətta bir formadadır. Məsələn mənim üçün sevgi dan üzü, göy üzünə baxıb gördüyünüz rəngdədi. O qədər bəmbəyaz, o qədər şəffafdı ki, mən o rəngin içində sevginin ləpə kimi pıçıltısını  da duyuram.   O rəngin içərisindəki yad qarışıqları da görürəm. Necə ki, dupduru suyun dibində iynəni görən kimi. Hələ onun nəfəsi, onun qoxusu, onun hərəkətləri, saçlarının, kipriklərinin düzümü, daranışı, bir-birinə toxunuşu... və sairə və ilaxır. Bax, bu toplum halında mənim ruhumun hakimi olan sevgidir. Ona görə də mən ruh dostuma etirazımı bildirdim. Dedim ki, hər kəsə bu fikri deyə bilərsən. Ancaq məndə keçməz. Çünki sənin sevgi şeirlərin yaşanmış günlərin, anların ifadəsidi, rəsmidi. Susdu... Və bu məqamdan istifadə edib onu da əlavə etdim ki, cinsindən asılı olmayaraq, heç kim sevgini ömrünün dünəni   ilə tamamlaya bilməz. Çünki ürək döyünürsə, göz görürsə, əl təmas anını yaşayırsa, bu üç şərt sevgini ölməyə qoymaz. Deməli, bir zaman dillər əzbəri olan mərhum müğənnimizin  təbirincə desək, sevgidə yaşın heç önəmi yoxdur. Və...

Bəli, yenə masamın üstündəki kitablarla söhbətləşirəm. Çünki özümdən xəbərsiz artıq sevgiyə köklənmişəm. Gözüm «sevgi» sözünü, ruhum sevgini axtarır və ... Qarşıma çıxan misralar mənə bir azca öz notu üzərində pıçıldamağa, öz notuna uyğunlaşmağa vadar edir. Şair yazır ki: 

 

Yanağında göz yaşı

Susub...göynəyir hələ.

Dördgözlü otağında

Yer qalmayıbdı gülə.

 

Deməli, bu misralardan artıq mənim nə deyəcəyimi yəqin ki, təxmin etdiniz. Çünki sevgi bir otağa, bir dünyaya sığışmır. Bu sığışmayan, bu ölçüsüz sevgi bir gilə göz yaşı ilə də özünü ifadə edir. Bir otaq küncündə sakit oturmaqla da. Hər iki halda səni buna vadar edən, səni bu hala salan sevgidi. O sevgi ki:

 

indi dan söküləcək

gülümsəyəcək günəş

öncə özünü dinlə

ürəyinə bir gənəş –

sevirmi məni?

 

Bəli, sual yersiz deyil, zənnimcə. Çünki sökülən danın ilk dumanlı işığında səhəri diri gözlə açan aşiqi, məşuqu görmək bu dünyanın ən müqəddəs adamını ziyarət etmək kimi bir anlamı var mənim üçün. Təsəvvür edin ki, yuxu gözdən qaçır, yatağa qor səpilir, xəyal pərvanə kimi fırlanır, xatirələr kino lenti kimi bir-birini əvəzləyir və sən öz içində, o da öz içində eyni mövzunu danışır, çözür. Səsi bircə Allah eşidir. O səs də elə sevginin səsidi. Hətta qolundakı, divardakı saatın səsi də onun ahəngini pozmur. Bir az primitiv desəm, onu züy tutur, dəstək olur, tamamlayır onu. Elə şair də bunu deyir:

 

Divar saatı kimi

Deyinirsən durmadan.

Pəncərələr qapanıb

Qapı açılmır asan.

 

Bəli, açılmayan, yozulmayan sirlər, möcüzələr yer üzündə hələ çoxdur. İnsan övladı da bütün həyatını yeniliyə, axtarışa, sirlərə baş vurmağa həsr edib və edir. Elə sevgi qapıları da sirlidi. Hər «sim-sim»-ə açılmır. Axı hər qapının öz açarı olduğu kimi hər tilsimin də öz açarı var. Mən də az-çox bu sirlərin dalınca yol getdiyimdən, ona ömür , gün həsr etdiyimdən bu qənaətə gəlmişəm ki, sənə verdiyim sualı bütün hallarda sakit, bir az da sadə şəkildə ünvanlayıb cavabını da elə o cürə alım. Və deyim ki:

 

dayan güzgü önündə

saçlarını qarışdır

nə var aç, tök könlündə

gözlərini danışdır –

sevirmi məni?

 

Soruşa bilərsiniz ki, bu cavab sənin üçün bü qədərmi önəmlidi? Tərəddüdsüz, düşünmədən deyərəm. Bəli, bu cavab mənim həyatımın mənası, yaşama davamım deməkdir. Hansı formada olur-olsun, «yox» və «hə» onun verdiyi cavabdı, onun dilindən, ürəyindən gələndi. Birmənalı olaraq ruhun ifadəsi, ruhun bütün çalarları o cavabda ehtiva olunursa, həsrət də, vüsal da sevəni yaşadır. Bir də ki, gəlin özümüzü aldatmayaq. Bu dünyanın Məcnunu, Sənanı, Valehi, Kərəmi, Fərhadı və elə lap Əbülfəti də bilir ki, sevgi əzabın vüsala daşınmasıdı. Sevgi həsrətin sevincə qovuşmasıdı. Bunlar isə  ağrı, acı, dözüm, bir də sədaqət tələb edir. Bunlar səndə özünü ifadə etsə, həsrətin də sənə bal gələcək vüsalın kimi. Bu məqamda hardasa oxuduğum və yaxud eşitdiyim bir fikir yadıma düşür. Mənası belədi ki, vüsal sevginin sonu deyil, əksinə, vüsal yeni vüsallara gedən həsrət yolunun başlanğıcıdı. Buna hazır olmaq, bunu göz önünə gətirmək, göz altına almaq... Bu, əsl yaşamdı sevən üçün. Ona görə də yolların bağlanması, fikirlərin çarpazlaşması sizi qorxutmasın. Sevirsinizsə, onda şairə qulaq asın. O deyir ki:

 

Bağlayıbdı yolları

Göz yaşından düşən iz.

Ayrılaq, ayrılmayaq

Birikmi heç görən biz?

 

Yəqin ki, bu bənd mənim söylədiyim, bir az filosofsayağı vurğuladığım fikirləri aydınlaşdırdı. Sizi inandırdı ki, göz yaşı da, aylılıq da o adam üçün əzizdir ki, o sevir və mən də bu dünyada sığındığım dörd divarın içərisində, dayandığım nöqtədə Allahdan və Səndən başqa özümə əziz və doğma başqa kimsəni görmədiyim üçün, hər an təkrar etdiyim dualarım kimi, yenə öz ovqatımda, öz fikrimdə israrlıyam. Deyirəm ki, məni sevirəm -sualı və yaxud nidası ilə qarşı-qarşıya qoyma. Onu hiss etdir, onu baxışınla, nazınla, saçının sığalı ilə, kipriklərinin toqquşması ilə çatdır mənə. Qarşılaşanda, gözüm-gözünə baxanda bu görüşə çıxarkən hansı ovqatda olduğunu onsuz da biləcəm. Anlayacam ki, sən güzgü önündə dayananda nələri düşünmüsən. Qəlbindəki hansı tərəddüdləri  özündən uzaqlaşdırmısan və əl çantanı masanın üstündə qarşında buğlanan çaya baxa-baxa «gedim, getməyim» sualını necə həll etmisən. Çünki mən yazmışdım:

 

sonra yuyun və bəzən

çay süz, amma tələsmə

fikir dəyişir bəzən

sən də ruhunu səslə –

sevirmi məni?

 

Bəli, mən Gəncəbasarda yaşayan şair İnqilab İsaqın bir şeiri ilə başladığım, amma əslində o şeirin içində keçdiyim yolun müəyyən nüanslarını şərh etməyə çalışdım. Şeir yolçuluğunda İnqilabın sevgisini də gördüm, həsrətini də. Onun dolayısına verdiyi sualı mən birbaşa dilə gətirdim. Elə indi də birbaşa Allaha və Sənə üz tuturam:

- Sevirsənmi?

Cavab üçün tələsmə. Sən nə desən və yaxud sussan belə, ruhunun səsini, gözlərinin ifadəsini Tanrı sədasının işığında eşidəcəm, biləcəm. Çünki mən sevməyə başladığım andan ruhən göy üzündəyəm.

TƏQVİM / ARXİV