GÜNAHIMI YUMAQ VAXTIDI - Aqil ABBAS yazır

AQİL ABBAS
1676 | 2024-06-19 18:10

Xan qızının qardaşı ilə bağlı bir təhrifə yol vermişəm. Əslində bu mənim yox, bəzi tarixçilərin səhvidi. 

Xan qızı rus təbəəsi deyildi. Çar hökuməti nə qədər istəsə də Natəvan təbəəliyi  qəbul eləmirdi.  Bütöv Qarabağ da onun mülki idi. Ruslar bu barlı-bərəkətli Qarabağı, bu varı-dövləti əldən vermək istəmirdilər. Ona görə də min oyun qurub Xan qızını bir az zorla Xasay xan  Usmiyevə ərə verdilər, Xasay xan Çar ordusunun  polkovnikiydi. Beləliklə, Xan qızı  Xasay xana ərə getdiyinə görə rus təəbəsi sayıldı.
Xasay xan Car-Balakən xanı Ümmə xanın nəslindəniydi. Ümmə xan da İbrahimxəlil xanın  qaynı idi. Yəni Natəvanın Xasay xanla qohumluq əlaqəsi vardı. 

Bu izdivacdan onların Mehdiqulu  adında bir oğlu, Xanbikə adında bir qızı dünyaya gəlir. 

Amma sonradan Xan qızı başa düşür ki, onu oyuna salıblar, Xasay xandan ayrılır və Seyid Hüseyn adlı rəiyyət içindən çıxmış bir şuşalıya ərə gedir. Bu da Qarabağ bəylərinin  xoşuna gəlmir ki,  Xan qızı  rəiyyətlə evlənib. Necə ki Həmidə xanım Mirzə Cəlilə ərə gedəndə Qarabağ bəyləri Həmidə xanımdan incimişdilər, amma Həmidə xanımın qorxusundan bir söz deyə bilmirdilər. 

Mehdiqulu Usmiyev  ata tərəfə çəkir, rus zabitləri kimi o da sərxoşluq edir, əyyaşlıq edir, qumar oynayır. Xan qızı Ağdam şəhərini Mehdiquluya bağışlayıbmış. Bir gün qumarda Mehdiqulu Ağdamı uduzur. Bundan sonra anasının bir sandıq  qızılını oğurlayır, ona görə də  ikinci su xətti yarımçıq qalır və Mehdiqulu həbs olunur.  Xan qızı da oğlunun Sibirə  sürgününün qarşısını almaq üçün Şuşa həbsxanasını tikdirir. 

Natəvanın ikinci ərindən də  övladları olur. Oğlu Mir Abbas çox cavan vaxtı  vəfat edir. Bu da təbii ki,  bütün analar kimi Xan qızına  çox böyük  təsir edir. Ömür boyu bu faciəylə yaşayır.  Qədir Rüstəmovun oxuduğu «Neyçün gəlməz» mahnısının sözləri də Natəvana aiddir. O, bu qəzəli vaxtsız ölən oğlu  Mir Abbasa həsr edib. Qədir də bu mahnını elə yanıqlı oxuyur ki, Xan qızının  ruhu həmişə onu eşidir.

Onu da qeyd edim ki, Xan qızı  bizim nəslə də böyük bir yaxşılıq edib. Ulu babam  Kərbəlayı Abbas yeddi qardaşı ilə birlikdə qaçaq-quldurluq edibmiş. Babam qardaşları ilə Ağdam bazarını dağıdıb yağmalayır, sonra Xan qızı onu tapdırıb yanına  çağırtdırır. Xahiş edir ki, o apardığı malların da bir hissəsini  qaytarsın, desinlər ki, Xan qızı malını qaytartdı, yəni onu nüfuzdan salmasın.  Babam da onu eşidir. Bundan sonra Xan qızı  onu əfv elətdirir və indiki Ağcabədi rayonunun Bayat obasının yaxınlığında bir kənd və torpaq bağışlayır.  Babam da dağ Kolanıdan nəslini götürüb gedir həmin kənddə binə qurur. İndi həmin kənd Kolanı adlanır və bütün kənd camaatının familiyası da əsasən Kərbəlayı Abbasın adına Abbasov soyadı daşıyır. Sonra da oğlu Kərbəlayı Muxtara, yəni mənim babama Pənah xanın nəslindən olan Paşa bəyin qızı Əsmət xanımı  alır. Yəni mənim atamın anası bəy qızıdı. Ona görə də anası seyid olanlara cümə  günləri seyidlik düşdüyünə görə, mənə də nənəm bəy qızı olduğundan cümə günləri bəylik düşür. 

Mən də hər dəfə xanımımın yanında şellənəndə ki, xan - bəy nəsliyəm.

İradə də deyir:

- Burnunu silməyindən bilinir.

Bu yazını yazmaqla Xan qızı qarşısında günahımı yumaq istədim.  Həm də gələcəkdə  kiminsə mənə istinad edərkən səhv etməməsini istədim. 


 

TƏQVİM / ARXİV