adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Hacı Şahinin ölüsünü də dinləmək gözəldir.... - Eminquey yazır

EMİNQUEY AKİF
1385 | 2023-03-02 16:17

“ - Hacı, ruhuna qurban! 

Mərsiyəxanın səsi ucalır.

Adamlar bir-bir silkələnir, izdiham yırğalanır, başları aşağı dikilir. Kim başını yuxarı qaldırırsa, qızarmış gözlərindən yaş süzülür. Sanki Hacının illərdir moizələrdə danışdığı Kərbəla şəhidlərinin qanı qətrə-qətrə bu insanların gözlərinin dibinə axır”.

 

Bu, reportaj deyil, bir neçə dəqiqəlik sükutdur...

Sükut da danışa bilir.

Ağlaya bilir.

Ağlada bilir.

 

Sübhə yaxın yatsam da, saat 9-un yarısı elə bil kimsə vurub oyatdı məni. Adi günlərdə məni anam oyadır. Başımı yastıqdan qaldırdım, televizora diqqətim kəsildi, üzgün-üzgün danışırdılar. Anam qabaqladı:

- Emin, Hacı dünyasını dəyişib e...

- Nə Hacı? Hansı Hacı?

- Hacı Şahin...

- Nə? Necə yeni? Niyə?

Ayağa qalxıb tez-bazar əyinimi geyindim. Zəhrimara qalsın, siqaretim də bitib. Vərdişdir, yerimdən qalxan kimi həyətə çıxıb siqaret yandırıram.

- Nə? Nə? Nə?

 

Boşluğa sual verə-verə telefonumu götürüb evdən çıxıram.

- İşə gedirsən? – anam soruşur.

- Yox, Məşədi Dadaşa...

 

“Hacı Şahin niyə ölsün axı?! Xəstə deyildi axı?! Niyə belə qəfil?” – özümlə danışa-danışa taksi Məşədi Dadaşa gəlib çatır. Daha doğrusu, yaxınlıqda saxlatdırıb düşürəm. Mərsiyə səslərinə tərəf addımlayıram.

Sonuncu dəfə Məhərrəm ayında gəlmişdim. Dostlarımızdan biri dəvət etmişdi. İmamın üçündə. Ondan biraz öncə məsciddən reportajıma görə minlərlə insanın sevgi dolu rəylərini oxumuşdum sosial şəbəkə hesabımdan. Elə Məşədi Dadaşa gələndə də bunu insanların tanış baxışlarından sezmişdim. Hacı moizə oxuyurdu, mərsiyəxanlar isə Kərbəla şəhidləri üçün ağı deyirdilər, böyük izdiham var idi. Hacı növbəti görüş üçün məscidə gələnlərlə vədələşmişdi. Sonrakı günlərdə ya vaxt tapa bilmədim, ya da başqa nəsə, gedə bilmədim.

İndi məscidə yaxınlaşdıqca yenə eyni mərsiyəni eşidirəm, yenə eyni izdihamı görürəm. Adamların arasına qarışıb məscidin qapısına çatıb dayanıram.

- Hacı, ruhuna qurban!

Mərsiyəxanın səsi ucalır.

Adamlar bir-bir silkələnir, izdiham yırğalanır, izdihamın üstündən siqaret tüstülər qalxır, adamların başları aşağı dikilir. Kim başını yuxarı qaldırırsa, qızarmış gözlərindən yaş süzülür. Sanki Hacının illərdir moizələrdə danışdığı Kərbəla şəhidlərinin qanı qətrə-qətrə bu insanların gözlərinin dibinə axır. Hacı Şahin isə illərdir əzadarlıq gecələrində saatlarla moizə oxuduğu bu məsciddə bu dəfə minbərdə oturmayıb, lal-sükut dərin yuxuya gedib.

Başqa nə baş verir?

Heç nə.

Ağı oxunur.

Ağrılar kirimir.

Ağrıdır...

Bəlkə də bu izdihamda hər adamın bir xatirəsi var Hacı Şahinlə. Buna əminəm. Məni də Məşədi Dadaşa gətirən məhz onunla olan xatirəmdir. Hələ iki il öncə doğum günündə onu niyə sevdiyimi yazmışdım.

Hacı düz dörd il öncə digər bir çox dindar, inanclı insanlardan fərqli olaraq kütləvi linç olunduğum zaman, saytların üzərimdən İP qazanıb məni söydürdüyü zaman oğlunun profilindən mənə mesaj yazıb çox mədəni şəkildə bəzi məqamlara iradını, xürafata qarşı çıxdığımı isə dəstəyini bildirmişdi. Həmin dövrdə Hacının bu mesajı içimə elə bir fərahlıq gətirmişdi ki, artıq kiminsə nəsə deməyi qəti vecimə deyildi. Onun sözlərini anama çatdıranda da yazıq qadın göz yaşını kəsmiş, kirimişdi.

“Qapıdan çəkilin, indi xanımlar Hacı ilə vidalaşıb məsciddən çıxacaqlar”.

“Xahiş edirik, gözəl insanlar, cığır açın”.

“Hacı ilə vidalaşmaq istəyənlər məscidin arxa qapısından girsinlər”.

 

Üstündən heç bir il keçməmişdi, Hacıdan müsahibə almağa gedəndə də onun və ətrafındakılarının mənə qarşı insani münasibətini görmüşdüm. Hacını hamı kimi 10 il qabaq tanımışdımsa, özüm kimi 4 il qabaq tanımışdım. Daha sonralar Hacı mənim dəvətimlə kitabımın təqdimatına gəlmişdi. Həmin radikal kəsim Hacını da, məni də mövzuya çevirib nələr deməmişdilər.

Bütün bunları xatırlaya-xatırlaya gözlərim dolur, insanların üzünə baxıram, sanki onların da bir çoxusu mənim kimi xatirələrini dilləndirib ağlayırlar. Bəlkə də bir çoxları ümumiyyətlə bu ölümün mahiyyətini hələ dərk etmirlər. Hacının bəzi ölkəiçi söhbətlərdə niyə səssiz qaldığını anlamırlar. Mən gözəl anlayıram, anladığım həqiqəti öz-özümə deyirəm. Bu yazını oxuyanlar da bir gün özləri o həqiqətə varacaqlar.

Əslində məscidin ətrafındakı susmuş hər bir adamın içi danışır. Mən indi necə xatirələrimi danışıramsa bu izdiham da ağlaya-ağlaya buna oxşar şeyləri öz içlərində danışıb ağlayırlar.

“Hacının dəfninə gedib ürək-dirək olduğu analar gəliblər. İndi onlar Hacını şəhid övladlarının yanına yola salacaqlar. Keçin, ehtiyatlı olun, Hacıyla vidalaşın” – deyir Mərsiyəxan.

Hacı Şahin isə bugün moizə oxumur, gələn görüşlərə vəd vermir, lal-sükut, dinməz-tərpənməz öz sevənlərinin gəlişinə baxır. 

Məncə ora gəlib, Hacı Şahinlə vidalaşan insanlar, əyləşib onu dinləmək istəyərdilər. Nə olsun ki, o, daha danışmır. Hacı Şahinin ölüsünü də dinləmək gözəldir

***

Dəfn mərasimi.

İzdiham.

Göz yaşları.

Və Hacı o dünyada...

... ki, mən hansısa bir başqa dünyanın olmasına inanıram.

... o yerdə, o məkanda dünyasını dəyişmiş inanclı insanları başına yığıb söhbət etmək üçün bir müddətlik məzarına uzanıb dincəlir.

O ölmür, sadəcə mənəvi dinclik dövrünə qədəm basır.

Onu kim qarşılayacaq, bilmirəm, amma hər kimdirsə, Hacı bizdən də o qüvvəyə danışacaq.

Bizim üçün nə xeyri olacaq, bilmirəm.

Amma əminəm.

Danışacaq...

 

TƏQVİM / ARXİV