Heç olmasa silin də o lənətə gəlmiş xəbəri... - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
3714 | 2023-09-26 18:34

Azərbaycan mediasının "gopa basdı" nümayəndələri neçə gündür ki, rusiyalı milyarder, qondarma s"artsax"ın "dövlət naziri olmuş Ruben Vardanyanı yıxıb sürüyür, guya bununla düşməni alçaldır.

Mediamız yazır ki, Vardanyan “Laçın” sərhəd-buraxılış məntəqəsini (SBM) rahat keçmək üçün qadın qiyafəsinə girib. Lakın SBM-ə çatmamış anlayıb ki, kimliyi texniki vasitələrlə müəyyənləşdiriləcək, buna görə də avtomobili geri çevirərək yenidən Xankəndiyə qayıdıb.

Bu xəbərə ilk imza atmış curnalist anlamayıb ki, 55 yaşlı ictimai-siyasi xadim, milyardların sahibi və hiyləgər erməni Laçın dəhlizindəki vəziyyətdən xəbərsiz deyil.

İkincisi Vardanyanın milyardları o həddədir ki, istəsə ABŞ-dan təyyarə gətizdirər və nümayişkaranə o təyyarə ilə Qarabağı tərk edə bilər. Hələ mən demək istəmirəm ki, Rusiya hərbçilərinin yaralıları daşımaq üçün gətirtdirdiyi helikopterdə şubhə doğurur!

Ruben Vardanyanın həmin helikopterlərin birində uçmadığı nə məlum??? O helikopterlərin içərisi yoxlanıldımı? Bildiyim qədəri ilə xeyir! Demək pul hərisi, tamahkar ruslar Ruben Vardanyanın Qarabağdan çıxarmayacağına , onu Azərbaycana təhvil verəcəyinə bir söz, vəd verməyiblər.

Yeri gəlmişkən, yaralılar çəndən benzin dilənən kasıb təbəqə olub. Onların ölməsi , qalması heç kimin umrunda deyil. O yaralılar Xankəndidə bir neçə tipli xəstəxanada, o cümlədən ruslara məxsus hospitalda müalicə alsalar da bir problem olmaz!

İndi isə Ruben Vardanyanın kim olmasını bilmək istəyirsinizsə onun sərvətlərini gözdən keçirin

Milyarder Ruben

O, qazancının bir hissəsini erməni xalqına yardım üçün xeyriyyə işlərinə sərf edib. O, 2014-cü ildə həyat yoldaşı Veronika Zonabend və tərəfdaşları ilə birlikdə Ermənistanın Dilican şəhərində kapital dəyəri 150 milyon dollar olan UWC Dilican Kollecini açıb. Həmçinin burada təhsil alan tələbələrin yerləşməsi üçün Dilican tələbə yataqxanasını inşa etdirib.

Vardanyan bir çox layihənin təşəbbüskarı olub və dini obyektlərin bərpası işlərinə maliyyə dəstəyi verib. O, “Ermənistan-2020/2031/2041” layihələrinin təşəbbüskarlarından biridir.

Milyarder 20 il ərzində təkcə Ermənistan yox, digər ölkələrdə də dini obyektlərin bərpasına maliyyə ayırıb və Gürcüstandakı Erməni Apostol Kilsəsinin Yeparxiya Katedralı, Müqəddəs Gevorq kilsəsinin bərpasına dəstək olub.

Onun pulu ilə 2017-ci ildə isə Dağlıq Qarabağın Müşkapat kəndində yerləşən Müqəddəs Ana Kilsəsi bərpa edilərək yenidən açılıb.

2016-cı ildə Ermənistanda texnoloji innovasiyalar üçün mühit yaratmaq və həm Ermənistanın, həm də erməni diasporanın elmi, texnoloji və maliyyə resurslarını səfərbər etmək üçün Ermənistan Elm və Texnologiyası Fondu (FAST) fəaliyyətə başlayıb. Dəyəri 15 milyon dollar olan fondu FAST IDeA Fondu adından Ruben Vardanyan və Nubar Afeyan təsis edib.

1968-ci ildə Yerevanda doğulan Ruben Vardanyan Moskvada, ABŞ-da, Fransada və Sinqapurda təhsil alıb, “Skolkovo” Biznes Məktəbinin təsisçisidir. 1 milyard ABŞ dollarına qədər sərvəti olan Vardanyan “Forbes” jurnalının 2021-ci ildəki məlumatına görə, Rusiyanın 200 ən varlı adamı siyahısında 116-cı yerdə olub. Hazırda isə onun sərvəti 1,3 milyard ABŞ dolları təşkil edir.

İnvestor iş həyatına ilk böyük addımı 1991-ci ildə atıb. Həmin ildə amerikalı Peter Derbi ilə Rusiyanın beynəlxalq bank lisenziyası alan ilk özəl bankı “Troyka Dialoq”u təsis edib və 10 il banka rəhbərlik edib. 2012-ci ildə “Troyka Diaoluq”un bütün səhmlərini “Sberbank” aldıqdan 1 il sonra isə “Troyka Dialoq”un icraçı direktoru, keçmiş partnyoru Mixail Broytman ilə birlikdə “Vardanyan, Broitman and Partners” investisiya şirkətini yaradaraq bu şirkətlərin 75%-nə sahiblik edib. Milyarderin “Vardanyan, Broitman and Partners” tərəfindən idarə olunan aktivləri arasında Ermənistanın özəl bankı “Ameriabank”ın səhmləri də var.

Bundan başqa, müxtəlif dövrlərdə Rusiyanın və bir çox xarici şirkətlərdə direktorlar şuralarının, ekspert və məsləhət şuralarının üzvü olub. Buraya Rusiyanın aparıcı “Sollers Avto”, “AvtoVAZ”, “Sibur Holdinq”, “Novatek”, “Şeremetyevo” havalimanı daxildir.

Bu gün o, Rusiyada “Romanov Dvor” biznes mərkəzinin sahibidir, “Kamaz” avtomobil konsernində payı var, 2022-ci ilin fevralına qədər isə “BaltTransService” dəmiryol operatorunda pay sahibi olub.

Ay mənim təmsil olunduğum media nümayəndələri, yalan məlumat yayanda heç olmasa bir təkzib verin... Yazın ki, səhv olub, mənbə bizi aldadıb... 2 gündür ermənilər sizin "informasiya döyüşünüzü" seyr edib gülür... Heç olmasa silin də o lənətə gəlmiş xəbəri...

  • Sentyabr:
  • 20

TƏQVİM / ARXİV