adalet.az header logo
  • Bakı 28°C
  • USD 1.7

Klubda yaralanan Aysel, ölən Fərqanə, İP “partladan” mətbuat – Eminquey yazır

EMİNQUEY AKİF
854 | 2022-04-07 14:56

Xalq böyük anlayışdır. Min cür insan var. Axmağı, ağıllısı, yaxşısı, pisi, bəyi, gədası, ağırı, yüngülü, dindarı, dinsizi. Hər ağızdan bir avaz gəlməyi normaldır. Bir bədbəxt hadisəyə sevinənlər də ola bilər, kədərlənənlər də. Nəticədə heç kim bir-birinin önündə məsuliyyət daşımır. Uzaqbaşı inciyərsən, uzaqbaşı linç edərsən, lap belə söyərsən, dalaşarsan.

Amma mətbuat...

Mətbuat xalqın dili ola bilər, amma xalq deyil.

Mətbuat birbaşa məsuliyyət daşıyan orqandır.

Bəs bu məmləkətin mətbuatı nə işlə məşğuldur?

“Klubda ölən Ayselin yeni fotoları” başlığı ilə xəbər yayımlayan mətbuat orqanının nənəm demiş, boyuna İP ölçüm!

Mətbuat orqanı olmaqdan çox mətbuatın “orqan”ı olan bəzi saytcığazlar klubda dünyasını dəyişən qızların fotolarını, videolarını yaymaqla aqressiv, mühafizəkar kütlənin söyüşü, ağır ifadələrilə özlərinə xal qazanmaq yolunu seçiblər. Təəccüblənmirəm, qəzəblənirəm.

Bu saytları yaxşı tanıyıram. Onların önünə qoyulan tələblərdən də aşağı-yuxarı xəbərim var. Bilirəm ki, redaktorları, müxbirləri nəyin peşindədirlər. Amma bu vicdansızlıqdır!

Əvvəla normal ölkələrdə klub əyləncə yeridir. İnsanlar gündəlik stresslərini bu məkanlarda atırlar. İçki, rəqs, dost-aşına. Yalnız bizim kimi həyatı, əyləncəsi yarım qalan ac cəmiyyətlərin klub anlayışı belə ola bilər. Bizim insan üçün klublar ona görə əxlaqsız yuvasıdır ki, həqiqətən də kişili-qadınlı əksəriyyət o klublara əyləncə yox, əxlaqsızlıq məqsədi ilə gedir. Əylənmək, yüngülləşmək üçün gedənlər də bunların oduna yanır. Gedə bilməyənlər isə gedənlərə həmişə nifrətlə yanaşırlar. Halbuki əksəriyyəti elə o bahalı klubların yan-yörəsində sülənib qız peşindədirlər. Ki, aha, bu dəqiqə o klubdan bir qız çıxacaq, düşüm dalınca.

İkincisi, yaxşı, tutaq ki, bu klublar əxlaqsızlıq yuvasıdır, bundan kimə nə? Kiminsə əxlaqının keşiyini çəkmək sizə qalıb? Bura İrandı? Siz də əxlaq polisisiniz? Və nə üçün klub deyiləndə əxlaqsızlıq damğası ancaq qızlara yapışdırılır? Orada oğlanlar olmur? O oğlanlar kluba girib fəlsəfə icad edirlər? Ya dindən moizə-zad oxuyurlar, xəbərimiz yoxdur?

Üçüncüsü, klublar haqqında təsəvvür budur ki, ora getmək üçün mütləq çoxlu pulun olmalıdır, halbuki 20-30 manatla da orada əylənmək mümkündür. Amma bu fikir niyə belə formalaşıb? Ona görə ki, bizimkilərin beynində “klub” sözü “fahişəxana” kimi oturuşub. Ona görə ki, o klublara girən kişilər əylənmək yox, mübarəkbazlıq peşindədirlər. Bu da yalnız çoxlu pulun hesabına mümkündür. Kim ki o klublara bu niyyətlə getmək istəyir, bəli, onlar üçün klublar fahişəxanadır, oraya çoxlu pulu olanlar girə bilər.

Dördüncüsü, bu partlayışı Ramazan ayına calayanlar sanırlar ki, həm özləri əsl müsəlmandırlar, həm də bütün ölkə İslam dini ilə yaşayır. Halbuki nə özləri belədir, nə də digərləri. Və guya ki, Ramazan ayında heç kim kluba gedə bilməz. Əgər öz dininə hörmət istəyirsənsə, sən də digərlərinin düşüncəsinə hörmət etməli deyilsənmi? Gözünün önündəmi əylənir? Evinin içindəmi əxlaqsızlıq edir? Sən məscidə gedəndə klubda əylənənlər gəlib qolundan tutub saxlayırmı ki, niyə məscidə gedirsən? Azan veriləndə kimsə ağız büzürmü ki, niyə Azan verilir? Sən öz inancını yaşayırsan, onlar öz inancını. Və hələ o da şübhəlidir ki, sən öz inancını doğru-düzgün yaşayırsan, yoxsa o klubda əylənənlər? Əminəm ki, sosial şəbəkə əxlaq, din dərsi keçənlərin əksəriyyəti öz inancıda nə səmimidirlər, nə də doğru. Amma əminəm ki, hətta o klubun əxlaqsızı belə öz yoluna sadiqdir.

Deyirlər ki, Ramazan ayında kluba getdikləri üçün Allah onları cəzalandırıb. Guya ki Allahın işi-gücü qurtarıb, dünyada bütün məsələlər həll olunub, qalıb Bakıdakı hansısa gecə klubu. Gözümüzün önündə Ukraynada o boyda hadisələr baş verir, Allah Ukraynanı yaddan çıxarıb, düşüb hansısa balaca bir klubun dalınca ki, görüm Ramazan ayında bu kluba kimlər girir?! Tez elə edim ki, o klub partlasın.

Beşincisi, ölənlərin ölümü qalsın bir qırağa, hətta yası ilə məzələnənlər. Məsələn, bu xalqın sənətçisi Nadir Qafarzadə. Kişinin oğlu deyib ki, anası klubda ölən qızını nə deyib ağlayacaq? Təsəvvür edirsiniz də, bir insan, hələ-hələ sənətçi belə bir yanaşma sərgiləyir. Rəzillik deyilmi? Guya ki, Nadir Qafarzadə özü atom parçalayıb çörək qazanır. Ölkənin gələcəyinə fayda verir. Ömründə heç vaxt klublarda olmayıb. Oğlu da Roma Papasıdır. Oxuduğu restoranlarda da toyun axırında diskoteka olmur. Və o diskoteka hissəsində də heç kim tullanıb-düşmür. Və hamı da o toylara çox abırlı-ismətli geyinib gedir. Elə o toylarda bir-birilə tanış olanlar az deyilmi? Özü də məhz o diskoteka hissəsində. Elə o toylarda keflənib heyvan kimi rəqs edənlər azdırmı?

Altıncısı...

Nə isə.

Yaz-yaz bitməz bu mövzu.

Qayıdaq əsas mətləbə - mətbuata!

Hə, klubda ölənlərin, yaralananların şəxsi həyatı ilə oxunuş qazananlara. Bu o mətbuatdır ki, matəm günlərində “genosid”, “soyqırım” kimi sözlərlə dolu yazılar, xəbərlər yayımlayır. Yəni əliyalın insanların ölümünə haqq qazandırmır, əksinə pisləyir. Klubda ölənlərin hansı silah dayamışdı başınıza? Hansı sizə qarşı savaş elan etmişdi? Heç biri. Bəs niyə bu insanların ölümü üzərindən çörək qazanırsınız? O çörəyi evinizə necə aparırsınız? Paylaşdığınız xəbərlərin altındakı söyüşlər, aqressiya bir gün özünüzə qayıtmayacaqmı? Qayıdacaq!

Çörəyi onun-bunun çılpaq görüntülərindən çıxan sizsiniz də! Mətbuatı gözdən salan, boyunu yerə soxan sizsiniz də! Şəhərin mərkəzində partlayışda insanlar ölür, siz isə öz saytınızda “partlayış” etmək üçün min hoqqadan çıxırsınız. Bunun özü də əxlaqsızlıqdır!

Və sizin uşaqları, qocaları, qadınları öldürüb bundan həzz alan ermənidən heç bir fərqiniz yoxdur.

 

 

TƏQVİM / ARXİV