adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

LAVROVA VERİLMƏYƏN SUALLAR - Aqil ABBAS yazır

AQİL ABBAS
657 | 2023-03-01 17:33

Lavrov dedi ki, üçtərəfli Bəyannaməyə görə, Laçın dəhlizi açıq olmalıdır, qısası, orda nəzarət məntəqəsi qura bilməzsiniz. Çox gözəl. Bəy dediyin nədi, Bəyannaməni yerinə yetirməməyin nədi?!

Bu üçtərəfli Bəyannaməyə əməl eləmək yalnız Azərbaycan tərəfinin borcudur, bəs Ermənistan tərəfi niyə yerinə yetirmir? Bəyannamənin qəbul olunmasından iki ildən çox vaxt keçib, Ermənistan hələ də kommunikasiya xətlərini açmayıb, Zəngəzur dəhlizi bağlıdı, Naxçıvanda 400 mindən artıq adam blokada şəraitində yaşayır.

Bəyannamədə göstərilib ki, qaçqınlar, daha doğrusu, məcburi köçkünlər yurd-yuvalarına qayıtmalıdır. Sülhməramlıların vəzifə borclarından biri də buna əməl etməkdir. Bu günədək separatçıların və sülhməramlıların nəzarəti altında olan bir kəndə, bir şəhərə bircəcə dənə məcburi köçkün gedə bilirmi? Cəhənnəm yaşamağa, heç olmasa dədəsinin-nənəsinin qəbrini ziyarət etməyə gedə bilirmi? Təbii ki, yox.

Xocalılar soyqırımın 31-ci ildönümündə də Xocalısız qaldılar.

Laçın dəhlizi açıqdırsa və ordan həm separatçılar, həm də Ermənistan maksimum istifadə edə bilirsə, biz niyə Şuşaya 37 kilometr yolu Ağdamdan gedə bilməyək və milyardlarla pul töküb Şuşa - Füzuli - Əhmədbəyliyə  101,5  kilometrlik yol çəkək?!

Biz niyə Ağdamdan, Tərtərdən Kəlbəcərə rahat 83-84 kilometr yolu deyil, gedib Murovdan keçməliyik. Özü də belə qarlı-şaxtalı havalarda.

Niyə erməni separatçıları Əsgəranda, Xocavənddə, Suqovuşanda postlarını qurub öz polislərini qoyub nəinki bizə nəzarət eləyirlər, heç buraxmırlar da.

Niyə ermənilər ürəkləri istəyəndə bizim postlardan keçib Dədəvəng kilsəsini ziyarət etməyə gedə bilər, amma biz separatçıların nəzarəti altında olan ərazilərdəki məscidlərimizi (dağıdılmış olsa da), məbədlərimizi (dağıdılmış olsa da) ziyarət edə bilmərik?

Jurnalistlərimizi də o qədər gözüqıpıq ediblər ki, mətbuat konfransında bu sualları Lavrova ünvanlaya bilmədik.

80 gündür qarda-qiyamətdə, şaxtada Laçın dəhlizində dinc aksiya keçirən gənclərimiz, sizə eşq olsun! Darıxmayın, bir gün sizin səsinizi eşidən tapılacaq. Düzdür, dünya kardı, kordu, sizi görmək istəmir, eşitmək istəmir. Gələr bir gün barmağımızı soxub dünyanın o kor gözlərini çıxardarıq, kar qulaqlarını da deşərik. 44 günlük müharibədə elədiyimiz kimi.

TƏQVİM / ARXİV