adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Mən azərbaycanlıyam, o isə finlandiyalı - Eminquey yazır

EMİNQUEY AKİF
929 | 2022-06-13 14:48

Yaşımın elə bir dövrünə gəlib çatmışam ki, kim qarşılaşır, “nə vaxt tərpənirsən?”, - sualını verir. Mən isə maddi problemlərimi ortaya qoyuram. Son dövrlər isə bu misalı çəkirəm.

İkimiz də insanıq.

Mən azərbaycanlıyam, o isə finlandiyalı.

Onun minimum əmək haqqı 2170 yevrodur.

Mənim isə 300 manat, yəni 169 yevro.

İkimiz də aşağı səviyyəli işçi sayılırıq.

Mən də alış-verişə çıxıram, o da.

Finlandiyalı qardaş, ya da bacı dana ətinin kilosunu 16 yevroya alır, yəni 28 manata.

Mən dana ətinin kilosunu 15 manata alıram, yəni təxminən 8-9 yevro arası.

Finlandiyalı qardaş, ya da bacı minimum əmək haqqına 135 kilo dana əti, mən isə 20 kilo dana əti ala bilirəm.

İndi deyərsiniz ki, finlandiyalı 135 kilo dana ətini neyləyir?

Yaxşı, siz deyən olsun! Finlandiyalı qardaşımız, ya da bacımız mənim kimi 20 kilo dana əti alsın, 1850 yevrosu qalsın cibində.

Şeşələnim, mən də 20 kilo dana əti alım, sonra da kommunala borclu qalım, uşağın tələbatlarını borc-xərclə ödəyim, arvadın tələbatlarını borc-xərclə ödəyim, toya nisyə gedim və sairətən və ilaxıratan.

Tutaq ki, bir azərbaycanlı aya 1000 manat qazanır və müqayisəni bu məbləğ üzərindən aparaq.

Azərbaycanlı kimi 1000 manatın 300 manatını ətə verəndən sonra bir toyuq əti də almalıyam, ya yox? Dana əti yeməkdən bezməzmi adam? Toyuq ətinin kilosu minimum 6 manatadır. Dana ətilə qiyaslasaq, 20 kilo toyuq ətinə də 120 manat verməliyəm. Qoyun ətinə girişmədən ət söhbətini 420 manatla bağlayıram.

Finlandiyalı toyuq ətinin kilosunu 8 yevroya alır. Tutaq ki, o da 20 kilo toyuq əti aldı və əlində qalanda 1850 yevrodan 180 yevronu verdi toyuq ətinə, əlində qaldı 1670 yevrosu.

Mən bu siyahını çox uzada bilərəm. Yağ və digər şeylərin qiymətini də müqayisə edə bilərəm, hətta həkimə işimizin düşə biləcəyini demirəm, amma nə başağrısı vermək istəmirəm, nə də hüzn.

Sözümün canı budur ki, mən də, finlandiyalı da hərəmiz öz ölkəmizin aşağı səviyyəli işçisiyik, elə bilməyin finlandiyalı varlı-zaddı. Xeyr.

İndi öz-özümə verdiyim sual budur – mən dünyaya qarnımı otarmaq üçünmü gəlmişəm? Sonra bu yandan da bir sual çıxır – ay bədbəxt, heç qarnını doğru-düzgün otara bilirsənmi?

Sən kim olmaq istəyirsən?

Vallah da, billah da azərbaycanlı!

TƏQVİM / ARXİV