Mən də deputat olmaq istəyirəm - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1535 | 2024-08-16 10:00

İnsan hüquq və azadlığını özəl istəyə  çevirənlərə

İş saatı yenicə başlamışdı. Telefon zəng çaldı. Artıq adət etmişdim. Bilirdim ki, yenə də odur. Ən azı 30 il olar ki, hər səhər işə çatanda bu zəng çalınır. İndi də telefon səsləndi. Dəstəyi qaldırdım. Xəttin o biri başından həmin o tanış səs gəldi:
   
 - Sabahınız xeyir. Mən sizin daimi oxucunuzam...

   
Və beləcə həmişə dediyi sözləri təkrar etdi. Öncə qəzetimizdəki orfoqrafiya səhvlərini, üslub xətalarını bir-bir sadaladı. Sonra ürəyincə olan yazılardan danışdı, onların müəllifinə təşəkkürünü bildirdi...
   
Mən uzun illərdən bəri hər səhər bu diqqəti bizə ayıran oxucunun nə adını bilirəm, nə də Bakının hansı səmtində yaşadığını. Amma yüz faiz əminəm ki, bu insan əqidəli kommunist və məmur olub. Aradan ötən illər nə onun içindəki əqidəyə, nə də məmurluğuna toxuna bilməyib. Bu insan öz içini qoruyub saxlayıb. Çünki yaxşı yazıya görə, təşəkkürünü bildirəndə də onu o qədər səmimi və amiranə dilə gətirir ki, özünün ideal məmurluğunu gizlədə bilmir...
   
Artıq bir aya yaxındır ki, səhərlər o zəng çalınmır. Bilmirəm oxucumuzun başına nə iş gəlib. Allah ölümdən-itimdən qorusun. Gərgin zamanlardı, problemlər başdan aşır. Oğul atanı, ata oğulu ya televizorda görür, ya da telefonla arayır. Demək olar ki, çoxlu ölçülər, çoxlu mental dəyərlər ya itib, ya da gülüş obyektinə çevrilib. Bax, belə bir vaxtda o cür tələbkar, diqqətcil oxucunu itirmək, ondan ayrı düşmək heç ürəyimcə deyil. Yenə deyirəm, onun kimliyi, cəmiyyətdəki mövqeyi mənim üçün heç bir əhəmiyyət kəsb etmir. Sadəcə onun prinsipləri və bir də məni öz diqtəsi altında saxlayan zaman hökmü, yəni hər səhər eyni vaxtda zəng vurması məndə həm vərdişə, həm də bir xüsusi marağa çevrilmişdi. Hətta bazar günləri ürəyimdən keçirdi ki, həmin oxucu ev telefonuma zəng çalıb münasibətini bildirsin. Axı indi biz diqqətin, münasibətin kasadlığını yaşayırıq...

Son günlər ölkənin siyasi həyatı sükunətdən hərəkətə keçən bütöv bir varlığı xatırladır. Hara baxırsansa qruplaşan, pıçıldaşan, əlində qələm-dəftər qapılar döyən, vədlər verən, bir sözlə, qaynaşan insanları görürsən. Sizə təəccüblü gəlməsin, bu gözlənilən seçkinin gözlə görünən tərəfidi, yəni görüntüləridi. Sadəcə oturub onu müşahidə etməklə insan psixologiyası, insan davranışı, insan əxlaqı barəsində mükəmməl bir yazı qoymaq olar ortaya. Amma indi bu mövzuda o qədər yazırlar ki, hansının mükəmməl, hansının da onun əksi olduğunu nə deməyə, nə də yazmağa vaxt qalmır, həvəs olmur.

Mətbuatda çap olunmuş və çap olunmaqda da davam etdirilən namizədlərin siyahılarına baxıram. Tanıdığım və tanımadığım isimlər və simalar. Bu insanların hamısı millətin, o cümlədən də mənim də vəkilim olmaq iddiasındadırlar. Layiqlilərə, millətin sevgisini və sayğısını qazananlara heç bir etirazım yoxdu. Amma bütövlükdə siyahını gözdən keçirəndən sonra əvvəlcə əllərimi dizimə, sonra başıma çırpdım.
   
Həqiqətən təəssüfləndim. Təəssüfləndim ki, dost-tanışı, qohum-əqrəbanı gərək səfərbər edəydim, qapı-qapı düşəydim, ocaqlara-pirlərə gedəyim, nəzir-niyaz paylayaydım, Nuhdan qalma maşınımı hədiyyə kimi Dairə Seçki Məntəqəsinin qarşısında aparıb saxlayaydım. Son illərdə çıxmış şeir kitablarımdan mənə cani - dildən dəstək verənlərin, maliyyə yardımı göstərənlərin xeyrinə imtina edəydim.
   
 Bir sözlə, hər cür havaya oynayıb, hər cür sifətə düşüb namizədliyimi irəli sürəydim. Və birmənalı olaraq ölkə KİV-lərinə bəyanat verəydim:
   
 - Mən Millət Vəkili Olmaq İstəyirəm!

Bu bəyanatdan sonra üstümə yüyürən jurnalistlər, qulağıma tərəf əyilən insanlara imkan vermədən birmənalı şəkildə onlardan soruşaydım:
   
- Niyə də olmayım? Mənim millət vəkili olmaq üçün nəyim çatmır? Əgər qaçqın deyirsiniz mən (rəhmətlik Vahid Əlifoğlu demişkən, ölkənin ən bərk qaçan və bir nömrəli qaçqını - Ə.M)! Əgər müharibə iştirakçısı deyirsiniz, mən! Əgər evsiz-eşiksiz deyirsinizsə, mən! Əgər bölgə söhbətləri edirsinizsə, coğrafi baxımdan bağlılığı olan mən! Əgər yazı-pozu deyirsiniz, qələmi-kitabı olan mən! Əgər gecəqondu söhbəti edirsinizsə, o da məndə! Ən vacibi ermənilərlə danışmaq, qarşılaşmaq söhbəti varsa, onların dilini bilən də mən!!!
   
Butun bu saydıqlarım və saymadıqlarım mənə əsas verir ki, rahatca millətimi (evimi-eşiyimi, qohum-əqrəbamı, dost-tanışımı, yaradıcılığımı, dolanışığımı, bir sözlə özümü - Ə.M.) parlamentdə təmsil edim. Əgər bu şərtlər keçərli deyilsə, onda siyahıda adını oxuduğum qələm dostları, iş adamları, siyasət xəstələri və başqaları hansı üstün cəhətlərinə görə namizədliklərini veriblər, onu zəhmət olmasa açıqlasınlar. Sadəcə mən Kommunist Partiyasının üzvü olmuşam, bu gün isə heç bir partiyada təmsil olunmadan qələmimin və ailəmin partiya mənsubluğunu qoruyuram. Lazım gəlsə, seçilmək xatirinə bu məsələyə evdə, ailədə geniş müzakirə açmadan baxa bilərəm. Sadəcə millət vəkili olmaq hər bir vətəndaş kimi mənim də haqqımdı   Eh, bir də ki, utanmasan oynamağa  nə  var ki?!.

Doğrudan da zarafatı qoyaq bir kənara, özünü millətin vəkili kimi görmək istəyən və hətta artıq təsəvvür edən adları, şəkilləri qəzetləri bəzəyən insanlara, ən çox da tanıdığım insanlara baxanda namizədliyimi vermədiyim üçün çox üzülürəm. Az  qalıram  gedib oturam parlamentin pilləkənlərində! Şəkil əla alınar!!!

İndi diqqətin, səmimiyyətin və ən vacibi insanlığın qıtlaşdığı bir məqamda qarın qardaşdan, əl çirki sayılan pul, vəzifə qohumdan irəlidi, vacibdi. Bu zərurət gödəniyyətin mədəniyyətə üstün gəlməsinin birinci şərtidi. Görünür hər səhər redaksiyamıza telefon açan daimi oxucumuz gödəniyyətin üstün gəlməsinə imkan verməyib. Amma layiq olmadığı halda el-obanın gülünc yerinə, arvadın, qaynananın qapazaltısına çevrilənlər millət vəkili olmaq iddiasına düşüblər. Ümid  edirlər ki,  bulanıq suda balıq tutmaq daha asandı.Amma  unudurlar ki, sular   hər  gün   durulur...
   
 Bax belə...

  • Noyabr:
  • 1

TƏQVİM / ARXİV