Mən yalnız bir yol tanıyıram - Əbülfət  Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
682 | 2024-10-06 16:50

Atılan hər bir addımın səbəbi olmalıdı. Bu, fiziki mənada atılan addımı, yəni hərəkət mənasında deyil. Hansısa bir işi görmək, nəyəsə nail olmaq üçün atılan addımdan gedir söhbət. Birmənalı olaraq hamımız bilirik ki, həm fiziki, həm də fikri qərarlar qəbul edib onu reallaşdırmaq üçün tərpəniş göstərməsən, fəaliyyətə başlamasan heç bir nəticəyə qovuşa bilməzsən. Yəni nail ola biləcəyin bir nəticə ortaya çıxmayacaq. Deməli, fiziki və zehni hərəkətin özü də addım atmaqdır. Mən də yazımın ilk cümləsində bunu nəzərdə tutmuşam. Və istəmişəm ki, bizim iç dünyamızda atılan addımların reallıqdakı addımlarla paralelliyi ortada olsun, tərs-mütənasibliyi yox. Məhz belə olduqda onda həmin o məram da, o məqsəd də, o atılan addım da ən azından bizə bir xoş an yaşadar. Bir iynə ucu boyda könül rahatlığı gətirər. Bu isə bizim üçün yaşam stimulu olar.

Zaman-zaman içimdə çək-çevir etdiyim, ələkdən, xəlbirdən keçirtdiyim hisslərimi, duyğularımı, düşüncələrimi bəzən küskün halda yaddaşın bir küncünə atmaq istəmişəm. Bəzən də onlardan əl çəkmək, tərki-dünya olmaq arzusuna düşmüşəm. Amma o hisslər, o duyğular o qədər incə, o qədər mübhəm olub ki, çox qısa bir andan sonra yenidən qayıtmışam onların qapısına. Diz çökmüşəm o hisslərin, o duyğuların önündə. Anlamışam ki, insanın ürəyi və ağlı bir nöqtəyə köklənibsə, ordan qopub ayrılması, üz çevirməsi mümkün deyil. O mümkünsüzlük bəlkə də bir insan olaraq, bir varlıq olaraq Allahın şəxsən mənə bəxt kimi, qədər kimi yazdığı və qırmızı xətlə ömrümdən keçən bir yoldu, bir həyatdı. O yol bitəndə, həyat da bitəcək. O yol qırılanda həyat da qırılacaqdı. Çünki…

Bəlkə də çox təkrarlayıram. Bəlkə də zamanı geri qaytarmaq, olmuşları olacaqlara gətirib calamaq, onları bir-birinin içində, varlığında görmək kimi istəklər hardasa xülyadı, ilğımdı, ya da sadəcə olaraq bir cəfəngiyyatdı. Amma nə olur-olsun mən bu dediklərimin hamısını həmin o içimdən, ömrümdən keçən bu xəttin heç həndəvərində də görmürəm. Ona görə də harda olsam, nəyi düşünsəm, hansı işi görsəm, bilirəm ki, sonunda yenə qayıdacam, yenə gələcəm. Çünki  və həm də   əslində heç hara getməmişəm, heç də uzaqda deyiləm ki, gəlmək, qayıtmaq çətin olsun. Mən elə sən olan yerdəyəm. Deməli:

 

Dil öyrənə bilmədim ki,

Danışım güllə, çiçəklə…

Ya da ki, şəkil çəkdirim –

Sənintək güldən göyçəklə!..

 

Atıb qəm daşın bir küncə,

Ürəyimi qoydum dincə…

Mən səni hamıdan incə –

Gördüm gül saçla, birçəklə!..

 

Həyat cəza, ömür qəza

Eşqdi məndə bütün əza!

Gələcəm Sənə – namaza –

Bir gün bu dillə, dilçəklə!

 

Bir anlıq düşünürəm. Və bu düşüncənin də zərgər dəqiqliyi ilə az qala hüceyrələrini bir-bir oxşamaq, bir-bir ovutmaq, bir-bir əzizləmək istəyirəm. Çünki düşüncənin özülü ürəyim və ağlımdır. Deməli, insan üçün ən önəmli olan ürək və ağıl məni həmin o düşüncə məkanına atanda, ora yönəldəndə bilib ki və yaxud da hiss edib ki, burda nələr baş verəcək, burda hansı özəlliklərin pərvərişi, qanadlanması, uçuşu reallaşacaq. Elə bu məntiqlə də mən öz düşüncələrimə hər zaman hakim olmağa çalışıram. İstəyirəm ki, hətta düşüncələrim onun aid olduğu kimsənisə incitməsin, kimsənisə yanından meh kimi də keçməsin. Axı, bu düşüncənin ünvanı o qədər zərifdir ki, onu yalnız ürəklə, ruhla oxşamaq lazımdı, onun pərvanəsi ürək və ruh olmalıdı. Bax, onda düşüncə də, o düşüncənin ifadə etdiyi məram və məqsəd də həm səmimiyyəti, həm də dürüstlüyü ilə razılığa, təbəssümə, qarşılıqlı minnətdarlığa səbəb olacaq. Bu, həm də o deməkdir ki, ortadakı anlayış yeni düşüncələrin qapısını açacaq, yolunu göstərəcək və…

Ömrün eni, boyu heç vaxt bilinməyib və bundan sonra da bilinməyəcək. Təbii ki, söhbət həyatda olan adamdan, var   olandan gedir. Əgər insan nə qədər yaşayacağını bilsə, onda nələr baş verəcəyini inanmıram ki, kimsə təxmin edə bilməsin. Elə  insana  Allahın bir lütfü də odur ki, biz bəndələr doğum və ölüm anımızı öncədən bilmirik. Bax, mən də bütün məqamlarda həyat reallığını və bir də iç dünyamın mənə bağışlandığını heç vaxt diqqətimdən uzağa buraxmıram, onlarla hesablaşıram. Bilirəm ki, reallıq hər şeydən güclüdü.

İndiki reallığın diktəsi də odur ki, atdığım hər bir addım qarşılıq  olaraq  mənə sərt zərbələr vurur. Yəni hər addım atdıqca aldığım zərbə məni dayanmağa, durmağa yönəltməyə çalışır. Elə bil ki, irəli durduqca kimsə səni geri itələyir, kimsə sənə geri çəkil deyir. Mən isə bu deyilənə, bu göstərilən laqeydliyə, bu, hardasa ürəyimi və ruhumu şum edən basqılara duruş gətirirəm, dözürəm. Çünki mən əvvəldə də söylədim, daha doğrusu yazdım ki, atılan addım zehni və fiziki baxımdan məqsədlidirsə, ondan geri durmaq olmaz, ondan geri çəkilmək isə özünü unutmaq, özünü aşağılamaq kimi bir şeydir.

Elə buna görə də mən ürəyin və ruhun yönəltdiyi o addımlarla sənə doğru,  hər gün ( lap olsun bir nöqtə boyu-Ə,M. ) yol gəlirəm və gələcəm də. Bilirəm və əminəm ki, mən bu gəlişdə anın miloynda biri qədər geciksəm, sən darıxacaqsan. Çünki sən də deməsən də, büruzə verməsən də məni gözləyirsən, gəlişimi izləyirsən və bilirsən ki, gəlməsəm:

 

Ya axşam, ya sabah qapını külək –

Döyəcək! – söyləyib, ümidlənmə sən…

Bütün çırpıntını, ay dəli ürək –

Gözünə yığaraq kilidlənməsən –

Yollara, mənimçün darıxacaqsan…

 

Alın söykədiyin pəncərə şüşən

Hər an damlalarla şırımlanmasa…

Dünyada ən isti yağışa düşən –

Varlığın sığınıb qımıldanmasa –

Qollara, mənimçün darıxacaqsan…

 

Ötən saata da, bitən günə də

Yaşıl budamatək baxmasan sonda,

İbadət etdiyin Haqqa, dinə də,

Sevgini gizlədib saxlasan, onda –

Mənimçün, səninçün darıxacaqsan…

 

Dilin titrəyəndə, dodaq əsəndə

Saçında ilişib qalanda daraq…

Mətbəxdə əlini bıçaq kəsəndə

Qana bələnəndə yaxdığın varaq –

Olanlara… mənimçün darıxacaqsan…

 

Əlimin altında çoxlu kitab, jurnal, qəzet var. Gözümün önündə də bilgisayar. Yəni söz dünyası məni öz əhatəsinə alıb. İnformasiyalar az qala havaya, suya çevrilib. Ona görə də hansısa  bilgini bölüşəndə və yaxud özüm üçün əxz edəndə bilirəm ki, bu bir mənəvi qazancdı və həmin mənəvi qazancda hardasa, nə zamansa köməyə çatacaqdı. Ən azından ona görə ki, həmin qazanılan hər nədirsə, insana şamildi, insana xidmət edir.

Bax, bu anlamda mənim sənə , sənin varlığına  olan istəyim   və atdığım addım bütünlüklə mənəviyyata söykənir. Yəni onun kökü də, rişələri də ürək və ruhdur. O da mənim heç  vaxt, hətta bəzən özümü kənara çəkmək istədiyim anda da  belə tək qoymur, tənhalığıma sirdaşlıq edir, gözümün önünə şəklini, yaddaşıma xatirələrini çəkib gətirir. Və beləcə bütün anlarım səninlə keçir. Hətta hərdən hansısa bir cizgini gözdən qaçıracağımdan qorxuram. İstəmirəm baxışını, duruşunu, yerişini, səsini, nəfəsini, küləyə qısqandığım tellərini bir-birinə qarışdıram, istəyirəm hər biri  ilə  ayrı-ayrılıqda göz-gözə dayanam, diz-dizə oturam. Bu, bir dəli istəkdi. Amma ürəyin və ruhun tələbatıdı, ehtiyacıdı. Yüzə-yüz əminəm ki, sən bu hisslərə qarşı nə qədər laqeydlik göstərməyə çalışsan da, sənin də qəlbinin, ruhunun hansısa incə bir nöqtəsində mən varam. O varlıq da mənə sevgi dünyasını birlikdə qurmağa, yaşamağa ümid verir və:

 

Elə kövrəlmişəm, elə donmuşam –

Belə kövrəlməyi bulud da bilməz…

Dərdin saçlarını dibdən yolmuşam –

Daha ağrısını unuda bilməz!

 

Yaramın qaysağı qopduğu andan

İncidim həyatdan, küsdüm bu candan…

Nə qədər analiz versəm də qandan

Dərmanlar yaramı quruda bilməz!

 

Mənimlə bir canda dolanıb gəzən,

Könlümü incidən, ruhumu əzən…

İndi ha sığallan, indi ha bəzən –

Heç nə əhvalımı durulda bilməz!

 

İçimdə çəkdiyim içimdən böyük,

İkimiz birlikdə yerik, həm göyük!

Ürəyim, ətrafa baxıb az döyük –

Sevdiyin sevirsə, unuda bilməz!

 

Yolun əvvəli olduğu kimi sonu da var deyirlər. Amma sona qədər kim gedir, necə gedir, onu öncədən demək mümkün deyil və bir də yolun qırılması və yaxud sapdırılması da var. Kimsə yolundan sapırsa başqa yola üz tutursa, burda günah ayaqlarda deyil. Günahkar heç yol da deyil. Əsl günahkar ürəklə ruhdur. Çünki onlar ya yolu düzgün seçməyiblər, ya da yolla oynayıblar. Mən isə…

Mənim yolum üzü sənədi. Məndə başlayıb səndə bitir. Özü də yolumuz kəsişən gündən. Ona görə «səndə bitir» yazdım ki, mən artıq yalnız özümü bu yolda görürəm, axtaranda orda tapıram. Deməli, yolum elə həqiqətən birmənalı olaraq səninlə   və səndə  tamamlanıb!..Bəs sənin yolun?..

TƏQVİM / ARXİV