adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7

MTT-LƏR MÜHARİBƏDƏ NƏ İŞ GÖRÜB?! - Emin Piri yazır

Emin Piri
1268 | 2021-11-02 10:43

Bu sualı ara-sıra eşidə bilərsiniz. Və ya efirlərdə bir çox hallarda onlara diqqət ayrılmır. Sanki insanlar birbaşa döyüş, çarpışma həvəsindədir. Yaxud MTT-də( maddi texniki təminat) xidmət etmiş birinə sırf hücum döyüş əməliyyatı keçirənə verilən sualları ünvanlayırlar. Belə də bəzilərinin qüruru sınmış olur, ya da bilmədən biz sındırmış oluruq. Sanki ölüm axtarışındayıq. Belə halla kimlər daha çox üzləşir? Dediyim kimi, xüsusən MTT-də xidmət edənlər.

Eləsə yaxın oturaq. Bəs, o qəhrəmaları bəzən ölümdən xilas edən, öz həyati təhlükəsinə baxmayaraq yaralıları bəzən döyüş meydanından aparan, hospitala və.s çatdıraraq zamanlama ilə xilas edənlər kim idi?

Eləcə o qəhrəman igidləri bir çox hallarda çətinliyə baxmayaraq su, ərzaq, sursatla təmin etmək?

Müharibə həm də sursatdır, həm də sudur, həm də yeməkdir, həm də dərmandır, həm də elə siqaretdir. Bunlarsız bir neçə gün dözdün? Bəs, 44 gün???

Problemlər və.s hər zaman ola bilər, amma ümumi qaydalar istisnaları dəyişmir.

Sadəcə onların xidmətini gördüyüm bir neçə MTT olayı danışım.

Füzuli-Cəbrayıl istiqamətində olarkən sözün əsl mənasında 4 tərəfimizə artileriya mərmiləri düşür. Nə bizə təminat gətirə bilirlər, nə də biz bir şey edə bilirik. Bir sözlə iki gündür tam susuz və halsız durumdayıq. Gecənin soyuğu, günortanın günəşi başımıza döyür. Buna görə Mtt rəisi mayor Cəfərov Ruslan, tabor komandiri polkovnik Hüseynov və digərləri bizə su, sursat və.s gətirməkçün yola düşürlər. Yoldasa atəş altına düşürlər. Bir neçə nəfər yaralanır, mayor Cəfərovsa şəhid olur. Əsgərini susuz qoymamaq naminə şəhid olan bir mayor rütbəli Mtt rəisinin fədakarlığını nə ilə müqayisə etmək olar?

İkinci hal, elə bu hadisənin səhəri yaşandı. Pirəküşküldən olan hərbi hissənin Mtt-dən olan əsgərlər "Ural" maşınını mövqelərə qədər sürür. Təsəvvür edin, minamyot, top mərmisi düşür, onlarsa su dolu maşınla irəliləyir. İki təpə arasındakı dərəyə maşını salırlar. Tək öz bölmələrinə deyil, bizi də çağırıb su paylayırlar. Deyirəm, artileriya vurur, bura nə ağılla gəlmisiniz özü də maşınla.

"Siz burda susuz qalanda biz arxada kef etməliydik?" -deyir.

Üçüncü olay Xocalı kəndlərində müəyyən məsafəyə(təbii ki, meşə yoluyla) kimi maşınla getdik. Növbəti yürüşümüz isə meşəylə, cığırlarla piyada olaraq yüksəklikdə mövqelərə yerləşməliyik. Səhv etmirəmsə ermənilərdən ələ keçirilən Uralı sürən Bayramov adlı zabit idi. Yolboyu çevikliyi, manevrləri nəticəsində neçə mərmidən yayındıra bildi maşını. Halbuki, indiyə kimi nə o yolları tanımırdı nə və.s.

30yaxın əsgər, zabitin o yolboyu burnu qanamadı.

Bu olayların 4cüsünü də yazmaq olar, 5cisini də lap yüzüncüsünü də, minini də...

Təminatda olmasaq da, döyüş bölmələri olsaq da onların zəhmətini, fədakarlığını görməzdən gələ bilmərəm. Bu həm də özün naminə haqq yemək olar.

Elə isə yenə bu başlıqdakı sualları yenə verəcəklər? Məncə...

TƏQVİM / ARXİV