adalet.az header logo
  • Bakı 28°C
  • USD 1.7

MÜHARİBƏ GÜLMƏCƏLƏRİ - Emin Piri yazır

Emin Piri
597 | 2022-04-19 16:37

Bilirəm, deyəssiniz gülməcələri, zarafatları niyə indi yazır?

Bəs, nə vaxt yazmalıydım? Ən azından insanların acısı vardı, ağrılıydı. Ona görə də ən azından bir ili gözləmək lazım idi. Öncə bəzilərini yazmışdım, indisə bəziləri...

MƏNİM SUBAYLIQ MƏSƏLƏM

İllər öncə N saylı hərbi hissədə xidmətdəyəm. Əlahiddə tabordu. Hazırda yerləşdiyi yer ləğv olunub. O vaxtı həmin rayonda bir neçə terrorist aktivlik yaranmışdı deyə yaratmışdılar.

Nə isə, həmin gün hərbi hissə növbətçisi mənəm.( ayrıca tabor növbətçisi də deyə bilərik. Zatən bizdən başqa tabor yoxdu.)

Həvəsim yarandı, əsgərləri yığdım, futbol oynamağa başladıq.

Yarım saat sonra NBM növbətçisi gəldi ki, bəs iki polkovnik gəlib türkcə danışırlar. Təlim və.s bildiyiniz belə şeylər üçün ara-sıra təkrarlanan məsələlərdir.

Getdim. İdman formasındayam. Rütbə və.s təbii ki, üzərimdə deyil. Türkiyəli polkovnik qayıtdı ki, subay senmisin?

Bir anlıq özümü itirdim. Subaylığın hərbiyə nə dəxli, Türkiyə-Azərbaycanın, ordularımızın ortaq problemi, məsələsi mənim subaylığımdı?

Yaşım az idi, bir anlıq elə bildim bura gəlmək səbəbləri mənim subay olmağımdı.

Bikef hərbi hissədə oturub nə olacağını gözləyirəm. Elə bilirəm nəsə olacaq.

Hərbi Hissə komandirimiz də gəldi.

Sonda bildim ki, subay deyərkən zabit olmağımı soruşurlar. Türklər zabitə subay deyirlər.

MƏN EMİN PİRİYƏM, E

Çıxış olmayıb. Düzülüşdəyik. Nəyəsə əsəbləşdim. Bir anlıq kiməsə hirsləndim, dedim; Emin Piriyəm, e..( ardına ehtiyac yoxdu)...

Zabit yoldaşlardan biri yaxınlaşdı ki, Allah canını sağ eləsin, orda nə idin, özün bilərsən. Burda Piriyevsən, get xidmətini elə!

Ta ondan sonra demədim...)

BU NƏ SAÇDI?!

Müharibə bitəndən 15 gün sonra Xocalı-Şuşa istiqamətindən Cəbrayılın kəndinə-toplanış yerinə qayıtdıq( vaxtilə bu kənddə ermənilərin hərbi hissəsi yerləşirdi.)

Dedim ta bitib müharibə, şairliyim və.s eqom artıb.

Dedim yuxarı komandanlıqda olan şəxslərlə görüşüm, yazı,müsahibə hazırlayım. Baxma da, orda hazırlayanda babat mövzu olar deyə düşünürəm.

Başımda çeçenka papaq getdim. Həmin vaxt korpusun qərargah rəisi olan general-mayorun qarşısına çıxdım.( müharibədən sonrasa korpus komandiri oldu. Ta özünüz bildiniz kimdi)

Ağzımı açmamışdım ki, çeçenka papağı başımdan dartdı.

-Cənab leytenantttt, bu nə saçdı?

Açığı saçımı heç kəsdirməmişdim bu müddətdə. İtaliya klublarının kubok oyununda ehtiyatda gözləyən futbolçuların saçlarına bənzəyirdi. Əslində, bu baxımdan haqlı idi.

Yanında olan iki polkovnik leytenant tez üzərimə düşdü;

-Tez elə bölməni de.

Özümü itirdim, anidən qaçmağa başladım palatkalarımıza doğru...

ERMƏNİ RAKETLƏRİNİ ALQIŞALAMAQ

İlk günlər Abşeronada yerləşən N saylı hərbi hərbi hissəyə bizim hissəni iki günlük təlimçün apardılar. Biz çatar çatmaz hərbi hissənin bir neçə yüz metrliyində dəhşətli ballistik raket partladı. Ermənilər atmışdı, eyni vaxtda üst-üstdə düşməsi və s aydındı niyə.

Plasda olan əsgərlər anidən alqışlamağa başladı. Elə bildilər bizimkilərdi, təlim keçir.

Bu vaxt alqışlara hirslənən yüksək rütbəli zabitlərdən biri:

-Bu g..laqları hardan gətiriblər?

-Sumqayıtdan, Bakıdan...

15 dəqiqə sonra hərbi hissə ətrafından səmanı yaran iki ədəd raket boy verdi.

Həmin zabit bu kərə:

-Bax, indi bunu alqışlayın, Bakıdan birbaşa Xankəndiyə getdi...

NƏTƏR DEYƏK Kİ, NƏ ÜSTÜNDƏ ÖLDÜ?

İlk günümüzdü. Uzandığımız səngər dərinliyi yarım metri keçməz. Baxan kimi, istiqamətinə və.s. bilirsən ki, I Qarabağ savaşından qalan, bizimkilərin qazdığı səngərdi. İçini də ot basıb.

İlk günlər belə idi, yağış kimi minamyot və top mərmiləri düşür.

Yüngül ehtiyacım var. Səngər həyatına və.s özü-özlüyündə səngəri zibilləməmək və bu kimi yüngül nəsə etməmək düşüncəsi hələ də qalıb.

Hər dəfə qalxıram ki, nəsə edim, mərmi düşür, mən də tullanıram səngərə. İki dəfə bu təkrarlandı.

Axırda əsgərim Mansur qayıtdı ki, komandir, qurban olum, iş.. səngərə. İndi mərmi tutacaq səni, ölsən nətər camaata deyək ki, Piriyev qəhrəmanlıqla i..əmək üstündə həlak oldu?

ARDI VAR...

 

TƏQVİM / ARXİV