adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Müharibə insanlara bir-birini qorumağı, sevməyi öyrətdi - "Sevgilim Vətən!" silsilə yazım: IV hissə 

Əntiqə RƏŞİD
2809 | 2021-10-03 15:07

Bu gündən başlayaraq, Vətən Müharibəsində gördüyüm ən xırda depalları belə unutmadan xatirələrimi yazacağam... Uzaq zaman deyil... Şahidlərimin hamısı sağdı. Onların şahidliyi ilə 10 noyabra qədər silsilə yazımı oxuyarsınız! Yazılarımda başlıqlar dəyişsə də silsilənin adı "Sevgilim Vətən!" olacaq

Atəş altındakı inam!

Hərbi komissarlığa üz tutan gənclərlə olan reportajımı   hazırladım.    İstəyirdim,yazının sonunu Quzanlıda gördüklərimlə bitirim... Bərdə tərəfə tələsən minik maşınları,  cəbhəyə üz tutmuş hərbi karvanan, təcil yardım maşınların vahiməsi ilə bitirim. Yalan olmasın yarım saat sual-cavab. Rəisə zəng etdilər: “Ədalət” qəzetinin əməkdaşıdır.  Amma adı terminalda yoxdu...Olmaz? “ 
-Çəkməyin!  Olmaz!..Azər rəis dedi ki, jurnalisti ərazidən uzaqlaşdırın. 
Azər deyilən ucaboy polis özünü yetirdi:
- Xanım, sürücünüzü çağırın gəlsin sizi aparsın...
 Evimiz 2 addımlıqda olsa da dirəşmək istədim:
-Sürücüm yoxdu ...Avtobus gözləyəcəm burda...(gülürəm) 
 Bayaq Azəri çağıran polis: 
-Azər noldu? Jurnalisti ərazidən kənarlaşdırmadın?!
Azər: -Ay anam, ay bajım uzaqlaş də burdan...
-Mən avtobus gözləyirəm...
-Onda dur burda, gedim öz maşınımı gətirim...
 Avtomatı çiyninə salıb iti addımlarla tələsik uzaqlaşır. Qayıdanda ağ köhnə- sınıq-salxaq bir 07” –nən qayıdır.
 -Polis, bu nə maşındı?
 Utanır: -Əşşi neyniyim, olanım budu də... hara sürüm..?  
Yolu tarif edirəm
Azər :-  Nç, nç, nç iki-üç addım yoldan ötrü bir də məni maşın dalınca göndərdin...
- Sənə demədilər jurnalisti uzaqlaşdır ərazidən ? uzaqlaşdırmalısan də!Düz evimizə qədər aparmalısan..
 Gəldik çatdıq
- Azər, sağol...
-Sən də sağ ol, amma səhər yola - irizə çıxma..benzinim azdır
 Gülürük.

 Kimsə əmim oğlu  Bəhruza zəng edib deyib ki, əmin qızını polislər “maşına basıb” ”şöbəyə aparıblar. Hadisəni danışdım. Gileyləndim.. “ Bacı onları qınama sən yolda olan vaxt cəbhə bölgəsindən yaralılar, şəhidlər gətirilir... Camaatda təşviş yaranmasın deyə  çəkilməsi düzgün deyil.. anlayışlı qarşıla!”

   30 sentyabr

(Kəndin yaxınlığına düşmüş mərminin açdığı quyu)

 

  Yenə 05:40, yenə mərmilər, yenə o yarıtmaz “səngər”  Atışma dayansaydı Bərdəyə gedib yazını ordan  redaksiyaya göndərərdim, düşüncəsi ilə gözləyirəm. Əlimi başıma atdım ,  saçlarımın arası, torpaq qum, yarpaq, ot qırıntıları...Necə deyərlər,  təpəmdən palçıq tökülür. Atam rəhmətə gedəndən sonra anam bu evdə tək-tənha yaşayıb... O səbəbdəndə evin hamamı ,  mətbəxi yoxdu, daha doğrusu suyu, krantı çəkilməyib. “Sağ qalsam, anama hamam tikdirəcəyəm...”
 Ara sakitləşir.. “Səngər”dən çıxanda Tərtərli, I Qarabağ müharibəsinin iştirakçısı Səbirə Mahmudova zəng edir, Halımı spruşur... Yəqin ki, mərmi səslərini də duyur .Vəziyyəti danışıram. Kirin, palçığın içində olduğumu deyirəm. Sabah təcili Bərdəyə, özünün yaxın qohumu gildə qaldığı evə dəvət edir .  

 Saat 12 radələridir .Qonşumuzun telefonu ilə yazını bir təhər iş yoldaşlarıma göndərdikdən sonra yeni yazı eşqi ilə  kəndi gəzməyə çıxıram.. Polislərin gözündən uzaq.

 

 İnsanlar, arzular, ümidlər

 
 Hamı nigarandı. Amma hamı ümidlidir, qürurludur.. Adamın ürəyi riqqətlə atır...Yolların kənarında durub cəbhə tərəfdən gələnlərdən xəbər gözləyənlərə qoşuluram. O qədər maraqlı  söhbətlər başlayır ki...


  Yolun kənarında oturub, gələn-gedənləri fərəhlə müşayət edən bir ağsaqqalımıza yaxınlaşıram:
-Salam əmi, necəsən?
-Yaxşıyam a qızım, yaxşıyam yox e, əlayam. Allah əsgərlərimizi qorusun!Lap yaxşı olacam, İnşallah!
- Bəs, burda niyə oturmusunuz?
- Quzanlı 4 yolun ayrıcındadı. Ona görə burda oturmuşam ki, əsgərlərin gətirdiyi qələbə xəbərini birinci mən alım! Oturmuşam də, gözləyirəm burda!Amma Allaha and olsun, müharibəyə aparsalar gedərəm... aparmırlar...

 

Əslən rayonun Əlağalı kəndindən olan bu ata-bala-Hüseyn Hüseynov və oğlu Kazımdır. Hazırda Hüseyn çox əsəbləşib. Soruşsanız ki, Hüseyn qardaşı kim əsəbləşdirib, deyim ki, Putin, Tramp və Makron. O deyir ki, bu üç həpənd mən kəndimdən, el obamdan ermənilərin təcavüzü, terroru sayəsində döyülərək, öldürülərək, işgəncə verilərək qovulanda harda ölmüşdülər? Niyə çıxıb bir bəyanat vermədilər ki, günahsız xalqı işgəncəylə niyə soyqırım elədiniz, niyə körpələrə, qadınlara, qocalara rəhm eləmədiniz?Yaxşı deyək ki, o zaman başınız qarışıq olub, bəs biz köçkünlər, qaçqınlar düz 30 ildən çoxdur yurdumuzun həsrəti ilə yanıb qovruluruq, bu illər ərzində niyə səsiniz çıxmadı?İndi də, biz dayanmırıq! İndi də biz rəhm eləmiyəcəyik! Ancaq irəli, Azərbaycan əsgəri! Burdan o üç nəfərə səslənirəm: adamın kişiliyi olar, adamın sağlam əqidəsi olar, baxın, görün biz kiminsə torpağına girmişik ki..

 Dediklərini bir-bir  dəftərcəmə qeyd edirəm...

Ağdam sakini İsgəndərov Zaur söhbətinə belə başladı: Ağdamın təmas xəttində yerləşən Çəmənli kəndindənəm. Düz 27 ildir atəş zolağında, mərmi yağışı altında yaşayırdıq, işləyirdik. Bu illər ərzində namərd ermənilərin əhalimizi atəşə tutmasına dəfələrlə şahid olmuşuq. O qədər atəş səsinə öyrəncəli olmuşuq ki, atılan mərminin hansı növdən olduğunu hələ mərmi göydəykən anlayırıq. 


Amma həmişə ordumuza arxalanmışıq, ordumuza güvənmişik, kəndi tərk etməmişik. Elə neçə gündür Çəmənli də, digər təmas xəttində olan rayon və kəndlərimiz kimi mütəmadi bombalanır. Məncə ermənilər bunu ona görə edir ki, ordumuzun arxasında əhali yaşadığı yerlərdə təlaşa düşsün qaçsın, qarışıqlıq yaransın, fikri yayınan ordu həvəsdən düşsün və nəhayət bundan istifadə edən erməni ordusu hücuma keçsin, yenidən torpaqlarımızı işğal eləsin! Ay siz öləsiniz! 30 ildi xalq müharibə tələb edir, bu günü gözləyir, igidlərimiz bu dəqiqə cəbhədə tarix yazır, hara qaçacayıq! Sizin leşlərinizi kim dənləyəcək oralardan?Biz!
Ordu irəliləyəcək, xalq da arxasınca. Ermənilərin dinc əhalini vurma səbəbini bilməyən yoxdu. Ona görə də, heç kim evini, malını-mülkünü çıxarmır. Burda top atəşi ilə dağılsın, varidatım yansın, eybi yox təki orduda olan ruh yüksəkliyi enməsin!
 
Həmin kənddən olan Mehdiyev Şərif də söhbətə qoşulur: “Hazırda o ərazilərdə ot biçini başlayıb, ordumuza güvənim o qədərdi ki, əlimi işdən soyutmurdum. Dünən qonşumuz Möhtəsim Həsənovun evinə top mərmisi düşdü, ev bir anın işində darmadağın oldu. Ona görə də, qərara gəldik ki, uşaqları, qadınları, qocaları, döyüş xəttindən bir az aralı- təhlükəsiz kəndlərə gətirək. Nəinki, ev əşyalarımı heç traktorumu da çıxartmadım . Traktorum qaldı...

 Əhval –ruhiyyə yüksək! Hamı  qələbəyə köklənib.. Özümü evə güclə salıram... Yorulmuşam.. Amma əhvalım yaxşı olduğuna görə yazını isti-isti  yazmaq üçün kompyüteri açıram...  Bahoo, bu da qaralmağa vaxt tapdı... İşləmədi..Dilxor oldum.  Anam zəng vurur. Televizorda Quzanlya  mərmi düşdüyünü deyir... Sonra  “ bala qayıt evinə, Allaha bax, Tanrıya bax”
-Gəlmiyəjəm,  havayı yerə konturunu tükətmə...
Yazıq arvad necə əsəbləşdisə: 
-O top sənin başına düşsə, gəlib səni orda parçalayajam ”
Ya ucadan qəhqəhəmə əsbləşdi, ya da öz qurduğu cümləyə, telefonu qapatdı...  Məzən olsun ana, arvad hələ də elə bilir ki, mən məktəbliyəm, 7 yaşım var....

1 oktyabr

Gecəni də belə yola verib, sabahı  “səngər”də qarşılayıram.  Kompyüter olan yol çantamı  çiynimə keçirib  asfalta , Quzanlının mərkəzinə gedirəm. Bu arada sağ olsun, polislərimiz, diqqətlərin üzərimdən əskik eləmədilər.Nnövbəti dəfə vəzifələrin yerinə yetirdilər... Sorğu sual, vəsiqələr. Polis Azər özünü yetirdi.. Yenə uzaqlaşdırmaq lazımdı?
Əsəbləşdim:-Şəkil çəkmirəm, video çəkmirəm, dinməzcə yolumla gedirəm... Nağayrıram ki,?
 Polislərin üzündə  gülümsəməni görəndə yoluma davam etdim. “Telefon  təmiri və satışı mağazasında”  satıcı kompyüterin müayinəsindən sonra  “format” olunmasını, yenidən vacib proqramlarların eyni zamanda “antivirus”un  yazılmasını məsləhət etdi.   Uzun sözün qısası, təxminən hesablayıram ki, ən azı 50 manatlıq iş var. Məcburam! Razılaşıram.... 

Orda nəyi müşahidə elədim. Hərbçi maşınları dayanıb  elə maşının içindən üzü mağazaya “ Ay qaqaş adaptırın var?” deməklə, bəlkə yolda dayanan 10 nəfər birdən özünü mağazaya atdı. Kim əlinə “nauşnik”, müxtəlif ölçülü adapter keçirdisə , qaça-qaça aparıb hərbçilərə verdi. Heç hərbçilərin maşından düşməsinə də imkan vermədilər. Hərbçilər yola düşəndən sonra  mağazaya ”basqın” edənlər götürdükləri malların pulunu ödədilər.
3 saata qədər orda oturdum. Satıcı ilə söhbətləşirik, Adı Tural soyadı Abbasovdur. Ağcabədinin Sarıcalı kəndindəndir. Deyir, kənd həyatıdır, pis dolanmırıq. İstəsəydim, mağazanı bağlayıb  gedərdim . Amma hər gün hərbçilər  buradan nəsə alır... Ağdam zonasında təkcə bu mağazada mal çoxdu və həmişə qapısı  açıqdır. İstəmirəm, əsgərlərimiz əliboş qayıtsın burdan... 
 Kompyüterim  əvvəlkindən də yaxşı işlədi. Hələ üstəlik  Tural bir qulaqcıq, bir də  adaptır hədiyyə verdi. Cibimdə 60 manat vardı bir  50, bir də 10 manat... 50 manatı stolun üstünə qoyuram. Tural elə təəcüblə baxır ki... “ Mən siznən pul söhbəti eləmədim axı”
-Pulsuz iş var?
- Siz ki ,  belə təhlükəli bir zamanda rahat evinizi qoyub bombanın altına gəlmisiniz, sizdən pul götürsəm vicdanım məni bağışlamaz... Çox mübahisədən sonra zorla 10 manat  atıb sürətlə ordan uzaqlaşıram, mənə çatıb o cüzi pulu da qaytarmasın.
 Bu zaman “Təcili Yardım” maşını həyəcanlı  siqnal verə-verə kəndə tərəf şütüdü. 

Kimsə ucadan dedi ki, deyəsən şəhid gətirdilər kəndə... Amma şəhid olan kim idi, heç kəs bilmədi...
 Taksilərdən birini saxladıb, mindim. Yolum Bərdəyədi. Qarabağın Həcərinə söz vermişəm... 
 

TƏQVİM / ARXİV