adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Müharibənin uzanması Qərbdə inamsızlıq yaradır - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1333 | 2023-05-02 12:55

Bir ildən artıqdır ki, davam edən Rusiya-Ukrayna müharibəsi artıq Kiyevi dəstəkləyən dövlətlərdə narahatlıq yaşatmağa başlayıb. İstər ABŞ, istərsə də Ukraynanı dəstəkləyən, antirusiya sanksiyalarına qoşulan Qərb dövlətlərində Ukraynanın müvəffəqiyyət qazanacağına inamsızlıq yaranır. Hətta bu müharibənin uzanmasında maraqlarını açıq ortaya qoymuş Birləşmiş Ştatlarda da bu inamsızlıq hiss olunmaqdadır.

Bir çox Qərb liderləri cəbhədəki vəziyyətin getdikcə pisləşdiyini anlayırlar və Ukraynanın qələbəsinin çox uzaqda olduğunu və hətta qələbə qazana biləcəyini belə şübhə altına alırlar.

Polşanın Militaru watch magazine mətbu orqanı bildirir ki, ölkə ordusunun Baş Qərərgah rəisi, ordu generalı Raymund Andjeyçak, Polşa prezidenti yanında milli təhlükəsizlik bürosunun təşkil etdiyi debatda bildirib ki, çoxları anlamırlar ki, Ukrayna bu müharibədə qələbədən çox uzaqdadır. Ordu generalının sözlərinə görə, Rusiyanın aktivlərinin müsadirə edilməsinə baxmayaraq, müharibəni davam etdirmək üçün həm kifayət qədər vəsaiti, həm də hərbi gücü var. Ukrayna isə, göstərilən bütün hərbi və humanitar yardımlara rəğmən maliyyə problemləri ilə üzləşməkdədir.

Budan başqa, Andjeyçak, Qərb hərbi sənayesinin nəinki Ukraynaya hərbi texnika və silah sursat göndərməyə, heç özlərunin bu sahədə hərbi potensialını təmin etməyə gücü çatmadığına diqqəti cəlb edib.

Mətbuatda yayılan xəbərlərdən də görünür ki, Qərb Ukrayna silahlı qüvvələrinin, onlara göndərilən milyardlarla dollarlıq hərbi yardımlarına baxmayaraq, hələ də əks hücuma keçməyə hazır olmadıqlarından çox narahatlıq keçirir. Ukrayna göstərilən kifayət qədər hərbi yardımlardan, məqsədlərinə çatmaq üçün istifadə etmək qabiliyyətində deyil.

Qərbin bu münaqişənin sonsuzluğa qədər uzanmasından əndişələnməsini təbii ki, müharibənin uzanmasında hələ də maraqlı olan ABŞ -da görür. Lakin qarşısına nəyin bahasına olursa olsun Rusiyanı çökdürmək məqsədi qoyan Vaşinqton geri çəkilmək niyyətində olmadığını ortaya qoymaqdadır. Görünən odur ki okeanın o tayındakılar məqsədlərinə çatmaq üçün təkcə Ukraynanı deyil, həmçinin avropalı tərəfdaşlarını da qurban verməyə hazırdılar.

 

 

TƏQVİM / ARXİV