adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

O uçan boşqab Azərbaycana gəlsəydi... – Eminquey yazır

EMİNQUEY AKİF
1439 | 2023-02-13 14:11

“Hollywood”un fantastik filmlərinə çox baxmışıq. Bu öz yerində ki Amerikanın ən böyük silahlarından biri “Hollywood”dur və o, istədiyi ideyanı, mesajı bu silahın vasitəsilə istədiyi ölkənin, istədiyi xalqın beyninə tuşlayır. Bu da sirr deyil ki fantastik filmlərin xeylisinin mövzusu yadplanetlilər, uçan boşqabların dünyaya hücumu və bu yağı düşmənlərlə mübarizədir. Və düşmənin bağrını qan, gəmisini viran eyləyən də hansı gücdür? Amerika! Amerika dünyanın xilaskarıdır! O bu ideya ilə indiyə kimi film də çəkib, müharibələrə də burnunu soxub, ərəb ölkələrindəki inqilablara dəstək də verib.

İndi də deyəsən bu filmləri reallaşdırmaq fikrinə düşüb. Səmada bir dənə uçan şarfason nəyisə vurublar. Əvvəl dedilər ki, yadplanetlilərin nəlbəkisidir. Sonra gördülər ki, dünya insanı bu saat qonaq qəbul eləməyə hazır deyil, indi də başlayıblar ki, yox, Rusiyanın kəşfiyyat şarıdır. O Vanqaya kor baxım, nə zibilə düşmüük?!

Sözüm onda deyil e. Amerikaya nə var, oyuncaqdan boldu, istəyir uçan boşqabla oynayır, istəyir hansısa ölkənin taleyi ilə.

Qarnımın azzarı alayı şeydir.

Düşünürəm ki, elə nə yaxşı, başımız yerin işlərinə qarışıb, göylə əlləşməyə vaxtımız, amanımız yoxdur. Yoxsa düşünün, ölkəmizin üzərində bir şar peyda olub. Neylərdik, ilahi?!

İstəyirsinizsə, deyim.

Əvvəlcə o şarı möcüzə zənn edib haqqında bir xeyli lətifə, hekayə quraşdırıb yayardıq camaatın dilinə. Sonra hekayələrə birazca da din qatıb ilahiləşdirərdik. Deyərdik ki, İmam Zaman zühur edir. Şarın içində oturub.

Sonra məsələni siyasiləşdirib atardıq ermənilərin üstünə. Deyərdik ki, yağı düşmən şar buraxıb Vətənimizin üstünə.

Sonra bundan da bezib nəhayət deyərdik ki, yadplanetlilərdir. Qonaqpərvərliyimiz işə düşərdi. Tədbir tədbir dalınca, küçələrdə tonqallar, vur-çatlasın, çal-oynasın. Aktrisaları, qiraətçiləri verərdik qabağa. Şeir guppuldadardıq bu şarın şəninə. Kabablar şişə, şişdəkilər də dişə.

Şəhərin girişində, bulvarda, Tarqovıda şarın maketləri nümayiş olunardı. Şəkil çəkdirməyin biri bir manatdan. İşi biraz da böyüdüb yadplanetliyə bənzər qiyafələr geyinmiş aktyorları salardıq tədbirlərin canına.

Hələ tiktok fenomenləri də işə əl atdımı, vəssalam. Hərəsi əlinə bir telefon alıb düşərdi küçələrə. Şar hardan yaxşı görünürsə gedib orada durub canlı yayım açardılar, video çəkərdilər, yarım aksiyası-filan keçirərdilər.

Lap belə irəli gedib Ramiz Rövşənə şeir də oxutdurardıq. O da qayıdardı ki, ruhum dur, yığış, gedirik, sən yuxarı, mən aşağı.

Şardakılar da bu haləti görüb könül xoşluğu ilə çəkilib gedərdilər ölkəmizin üstündən.

Deyirəm, yaxşı ki başımız yerdəkilərə qarışıb, göylə əlləşməmişik.

Bu boyda ağır xərcdən sonra yenə nəyinsə qiyməti qalxardı, qalardıq zarıya-zarıya. Nə yerdəkilər eşidərdi, nə də göydəkilər.

 

TƏQVİM / ARXİV