adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Ölənin arxasınca danışmazlar - FAİQ QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
967 | 2022-12-14 11:21

 

Amma bizdə danışanlar çoxdur

…Kimliyindən aslı olmayaraq hamımız gec- tez ölümün dadını hiss edəcəyik. Çünki Allah-Təala hamının ömrünün harda bitəcəyini daha yaxşı bilir. Və bir də ölüm haqdır və heç kəs ondan çıxa bilməz! Bilirsiniz, bu yazını niyə qələmə alıram?! Bu günlər tanıdığım bir adam uzun müddət dostluq etdiyi və müyyən zaman kəsiyində isə aralarında soyuqluq yarandığı insanın dünyasını dəyişməyini çox sevinclə qarşıladı. Hətta sevinə- sevinə dedi ki, bəs filankəs ömrün sənə bağışladı! Sözün düzü, matım- qutum qurudu. Az qaldım ürəyim dayansın! Çünki hər iki adamın neçə illərdir dostluq etdiyini və çörək kəsdiyini görmüşdüm. Görmüşdüm ki, dostunun ölüm xəbərinə sevinən bu adam hər gün həmin insanla görüşür, çörək kəsir və hətta bir- birinə qardaş deyirdilər…

Bu anları yaşayandan sonra bir daha mənim insanlara olan-qalan ümidim puç oldu. Necə yəni, 40 il dostluq edəsən və axırda da dostluq etdiyin adamın ölmünə sevinəsən?! Gərək onda sənin ürəyin ürək olmaya, daş ola, dəmir ola, polad ola. Mən həmişə yazılarımda qeyd etmişəm ki, heyvanlar insanlardan bir- birinə daha sədaqətli olurlar. Mən gördüyümü deyirəm ha! Bir dəfə maşınla kəndimizə gedəndə gördüm ki, yolda iti maşın vurub və başqa it də vurulmuş itin yanından əl çəkmir. İt ölsə də onun ətrafında fırlanan it sanki insanlara deyirdi ki, maşını saxlayın və dostumu burdan aparmağa kömək edin. Avtomobili idarə edən dostum maşını saxladı. İtin cəsədini sürüyüb yoldan uzaq bir yerə qoydu. Yanındakı it yenə dostundan əl çəkmir, onu iyləyir, dili ilə yalayır və qəribə səslər çıxarırdı. Daha doğrusu, it adam kimi hönkürüb ağlayırdı. Bu, itin sədaqəti , bu da insanın!

Dünyada ən zəhləm gedən şey rəhmətə gedən adamın dalınca danışmaqdır. Bir də zəhləm gedən şey vəzifədən çıxarılan insanın söyülməsi, təhqir edilməsidir. Kişiliyiniz varsa, həmin adamlara sağ olanda sözünüzü deyerədiniz. Axı sağ olanda onlara sözünüzü deyə bilmədiniz. Çoxunuz həmin adamlara yaltaqlanır və hətta aftafasını götürürdünüz. Bəs indi nə oldu?
Kimsə dünyasını dəyişirsə, ona görə heç kəs sorğu- sual edilməyəcək. Elə həmin adam özü sorğu- sual ediləcək. Yəni heç kəs heç kəsin günahını daşımır. Amma elə günah var ki, bu, ölümdən də betərdir. Məsələn, ölənin arxasınca danışmaq. Heç kişilik deyil e! Arvad kimi oturub hansısa rəhmətə getmiş adam haqda qeybət edəsən...

Birinin düşməni ölür, oğlu qaça- qaça atasına deyir ki, ata, gözün aydın, düşmənimiz öldü! Kişi də ağıllı adam imiş. Soruşur ki, oğul, onu sən öldürdün? Deyir ki, yox, Allahın əmri ilə ölüb. Ata oğluna bir nəsihət kimi səslənir: “ Heç vaxt kiminsə ölmünə sevinmək olmaz. Həmin adam ,hətta düşmənin olsa belə. Çünki biz hamımız öləcəyik”.

… Nə isə… Ürəyim doluydu, ürəyimi də boşaltdım. Biz ölümə sevinmək yox, ölən adamın qohumlarına arxa durmalı, kömək etməliyik. Biz bir- birimizin ətini yeməli deyil, bir- birimizə sevgi paylamalıyıq. Böyük Zəlimxan Yaqub çox gözəl deyib:

Gül- gülü sevirsə, çiçək –çiçəyi,
Biz niyə sevməyək bir- birimizi?..

TƏQVİM / ARXİV