Ömrə yazılan bir gün - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
3145 | 2024-06-01 11:08

Bu barədə… Yox, doğru başlanğıc olmadı.  May ayının 26 – da Niderlandın Rotterdam şəhərində "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə 28 May Müstəqillik Günü və Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbir keçrildi. Bu barədə Azərbaycan mətbuatında xəbər verilib, həmçinin social şəbəkələrdə yazılıb. Odur ki, tədbir barədə xəbər vermək fikrindən çox uzağam. Amma tədbir barədə yazmaya da bilmədim. Əvvala onu qeyd edim ki,tədbirdən çox böyük zövq aldım.  Çəkinmədən deyə bilərəm ki, hər bir şey olduqca yüksək səviyyədə hazırlanmışdı. Bu ölkədə yaşayan soydaşlarımızın da tədbirə marağı böyük oldu.  Düşünürəm ki, Bakıdan dəvət olunmuş qonaqların da bunda xüsusi rolu var idi. Tədbirin təşkilatçısı Mayisə Ağamirzayeva, fikrimcə, olduca doğru seçim etmiş və tədbirin maraqlı keçməsini, dəvət etdiyi qonaqları ilə, öncədən təmin etmişdi. 

Gələn qonaqlar, həmçinin Niderlanddakı səfirliyimizin tədbirdə iştirak edən nümayəndəsi yerlərini aldıqdan sonra tədbir başlandı. M.Ə.Rəsulzadənin nəvəsi rəssam Rəis Rəsulzadə tədbir iştirakçılarına video müraciəti soydaşlarımız tərəfindən böyük diqqətlə qarşılandı. Ümumiyyətlə, edilən bütün çıxışlar məzmunlu idi. Azərbaycan Xalq Cümhuriyyətinin və M.Ə.Rəsulzadə irsinin tədqiqatçısı, tarix elmləri doktoru, professor Nəsiman Yaqublu cumhuriyyət dövrü ilə, M.Ə.Rəsulzadə və silahdşları ilə bağlı çıxışı xüusilə maraqlı və öyrədici idi. Təvazökarlıqdan kənar da olsa qeyd edim ki, Azərbaycan Xalq Cuhuriyyətinin mövcud olduğu dövrlə, M.Ə.Rəsulzadə və silahdaşları ilə bağlı bir çox kitab oxumağıma baxmayaraq, bu çıxışdan çox şey öyrəndim. Nəsiman bəy elə maraqla çıxış edirdi ki, zalda əyləşmiş hər kəs, necə deyərlər, nəfəsini içinə çəkərək diqqətlə onu dinlədi. Zaldakı sakitlikdən, el dili ilə desək, milçək uçsa idi səsi eşidilərdi.  

Zala toplaşan insanların aktivliyi həm də təşkil olunmuş interaktiv oyunla təmin olundu.  Zala toplaşanların əksəriyyətinin bu oyunda iştirakı soydaşlarımızın cumhuriyyət dövrünə, M.Ə. Rəsulzadəyə sevgisini bir daha nümayiş etdirdi. 

Fasilədən sonra, tədbirin ikinci hissəsində Azərbaycan Respublikasının Əməkdar artisti, Ağdam Musiqi Kollecinin direktoru Firuz Səxavət öz gözəl ifası ilə zalı coşdurdu. Daha doğrusu, zal gah coşdu, gah tam səssiz  onu dinlədi. Əməllicə bayram əhvalı var idi; Firuz Səxavətə qoşulub oxuyan kim, səhnəyə düşüb oynayan kim. Tədbirin ikinci hissəsi də olduqca maraqlı və rəngarəng oldu; musiqi, poeziya, rəqslər…

Daha sonra Azərbaycandan gələn qonaqlar və tədbir iştirakçılarının xeyli hissəsi Beniluks Azərbaycanlııarı Konqresinin, “Qarabağ İdman Klubu”nun ofisinə təşrif apardılar. Təşkilatın sədri Elsevər Məmmədov yüksək qonaqpərvərlik nümayiş etdirərək qonaqların rahatlığı üçün əlindən gələni etməyə çalışırdı. Burada isə hər şey qeyri rəsmi idi. Deyib-gülən kim, söhbət edən kim… Nəsiman bəy burada da soydaşlarımızın suallarını cavabsız qoymadı. Sonra isə kaman ustası Xəyyam bəy kamanını, Niderlandda yaşayan soydaşımız, tarzən Cavid Slimov tarını dilə gətirdi və təbii ki, Firuz bəy bu ifalara biganə qala bilməzdi. O da qavalını götürərək trionu tamamladı. Üçlüyün ifası həqiqətən möhtəşəm idi, doymaq olmurdu. 

Olduqca səmimi bir mühit vardı. Rəsmiyyət tamamilə aradan qalxmışdı. Hər kəs bir-biri ilə deyib-gülür, zarafatlaşır,söhbət edir, musiqi dinləyirdi… Həmən gün özümü sanki Azərbaycana gedib-gəlmiş kimi hiss etdim. Orada olan dostlara üzümü tutaraq zarafatla ”Siz nə yaxşı adamlarmışsınız, bunu indiyə qədər niyə bilməmişəm?”- dedim. Bu isə bir lətifədəndir və lətifə belədir:  Bir gün birinin evində internet xarab olur. Hər kəs, əvvəlki illərdə olduğu kimi, bir yerə yığışıb xeyli söhbət edir. Sonda övladladan biri deyir: “Siz nə yaxşı, maraqlı adamlarmışsınız. Mən bunu niyə bilməmişəm?” 

Ömrə yazılan bir gün oldu. Kimsə getmək istəmirdi. Axşam saat 23:30 – da, könülsüz də olsa, dağlışmağa qərar verildi. Bu gözəl günü bizlərə yaşatdıqları üçün başda bu tədbirin təşkilatçısı "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzayevaya, bizi öz ofisində səmimi mühitdə qəbul edən Beniluks Azərbaycanlııarı Konqresinin, “Qarabağ İdman Klubu”nun sədri Elsevər Məmmədova, Azərbaycandan gələn qonaqlara, buradakı soydaşlarımıza və zəhməti keçən hər kəsə öz adımdan dərin təşəkkürlərimi bildirirəm. Bir mahnının sözlərində deyildiyi kimi, belə olaq həmişə. 

 


 

TƏQVİM / ARXİV