Ömrün Aya, Günə sirdaş...

ETİBAR CƏBRAYILOĞLU
134641 | 2020-12-16 12:02

Dəyərli ziyalımız, Əməkdar jurnalist, professor Etibar Babayevin 70 yaşı tamam olur

 

Şair-dramaturq, tərcüməçi Adil Babayevin əziz yadigarı, gözəl dostumuz Etibar müəllim ömrün 70-ci pilləsinə qədəm qoyur. Mətin, özünəməxsus enerjili və etibarlı addımlarla.

 

Tənqidçi- yaradıcı partiya funksioneri

 

Etibar Babayev 1950-ci il, dekabrın 15-də Bakıda anadan olub. İlk ali təhsilini indiki Mədəniyyət və İncəsənət Universitetində teatrşünaslıq ixtisası üzrə alıb, sonra Bakı Ali Partiya Məktəbini bitirib. İndi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası adlanan həmin ali məktəb bir vaxtlar partiya və sovet orqanları üçün mütəxəssis hazırlayırdı.

Etibar müəllim Kommunist Partiyasının və onun balaca qardaşı Komsomolun hər cümləsinin az qala qanun kimi qəbul olunduğu dövrlərdə Komsomolun Mərkəzi Komitəsində təlimatçı, Kommunist Partiyası Mərkəzi Komitəsinin mədəniyyət şöbəsində təlimatçı, partiyanın Bakı şəhər komitəsində şöbə müdiri vəzifələrində çalışıb, Bakı Şəhər Sovetinin deputatı olub.

Etibar Babayev hansı məsul və rəsmiyyət tələb edən vəzifələrdə çalışmasından asılı olmayaraq hər zaman məsələlərə yaradıcı yanaşması, insanlarla xoş, səmimi münasibəti ilə seçilib, nüfuz qazanıb. Məhz bu xüsusiyyətlərinə görə bu gün də Etibar müəllimi tədbirlərdə, məclislərdə böyük hörmətlə qarşılayırlar.

İki adaş “Həsən Bəy Zərdabi” mükafatının təqdimat mərasimində.

22 iyul 2012-ci il

 

Şairin jurnalist oğlu

 

İstedadlı qələm sahibi Adil Babayevin ailəsində dünyaya gələn Etibar müəllim televiziyanın və jurnalistikamızın patriarxlarından biri sayılır. Hələ gənc yaşlarından Azərbaycan Dövlət Televiziyası ilə sıx əməkdaşlıq edən yubilyar “Tələbə klubu”, “Yeddinci qitə”, “Sözlü-nəğməli İstanbul”, “Kanal-6 təqdim” edir kimi zamanında çox populyar, necə deyərlər reytinq toplayan proqramların müəllifi və aparıcısı olub. Bir müddət “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinə rəhbərlik edib, Dövlət Televiziya Verilişləri Komitəsinin sədr müavini vəzifəsində çalışıb. “Space” Müstəqil Teleradio Şirkətinə prezidentlik etdiyi illər bu kanalın “qızıl dövrü” kimi xarakterizə olunur.

Etibar Babayev müəllim sözünü uca tutan və bu adı fəxrlə daşımağa layiq olan pedaqoqlardandır. Bir zamanlar təhsil aldığı Mədəniyyət və İncəsənət Universitetində müəllimliyə başlayan Etibar Adil oğlu daha sonra Bakı Slavyan Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olub, bu nüfuzlu ali tədris ocağında jurnalistika kafedrasına rəhbərlik edib. Az.TV-də yaradılan Teleradio Akademiyasına rəhbərlik etmək də ilk dəfə məhz Etibar müəllimə həvalə olunub.

Dəyərli ziyalımız, peşəkar insan, professor Etibar Babayev bu gün “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin Bədii Şurasına uğurla sədrlik edir.

Əməkdar jurnalist Etibar Babayev hansı vəzifədə çalışmasından asılı olmayaraq həm Azərbaycanda, həm də müxtəlif xarici ölkələrə çoxsaylı səfərləri zamanı hər zaman mədəniyyətimizin, incəsənətimizin təbliğinə çalışır, əsl vətəndaşlıq nümunəsi göstərir. Ötən əsrin 90-cı illərinin sonlarında “Bakı-Raks” studiyasında görkəmli ifaçılarımızın musiqi albomlarının Türkiyədə hazırlanması üçün onun nə qədər əziyyət çəkdiyinin şahidlərindən biriyəm. Son illər “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətində tanınmış rəssamlarımızın sərgilərini təşkil etmək, fırça ustalarının kataloqlarını nəşrə hazırlamaq bu dəyərli ziyalımızın fədakarlığı bahasına başa gəldi. Etibar Babayevin elmi-pedaqoji fəaliyyəti və maarifçilik sahəsindəki xidmətləri “Həsən bəy Zərdabi”, “Hacı Zeynalabdin Tağıyev” mükafatlarına, “Yusif Məmmədəliyev” medalına layiq görülüb.

Etibar müəllim Azərbaycanın hər bir guşəsini, o cümlədən Bakını hədsiz məhəbbətlə sevir. Onunla paytaxtımızın küçələrini piyada gəzib-dolaşmaq, möcüzəli İçərişəhərin məhəllələri, tikililəri barədə söhbətlərini dinləmək gözəl hissdir. Yubilyarı belə cavan, pozitiv, enerjili saxlayan bəlkə də elə Bakıya sevgisidir.

Mərhum atası Adil Babayev şeirlərinin birində öz ömrünü Aya, Günəşə sirdaş hesab edirdi:

 

Ömrüm Aya, Günəşə sirdaş.

Ağarır saç, çoxalır yaş...

 

Şairin misralarını bu gün 70 yaşını qeyd edən həmişə cavan dostumuza da şamil etmək olar. İnşallah biz hələ Etibar Adil oğlunun neçə-neçə yubileylərini qeyd edəcək, paytaxtımızın küçə və meydanlarını, İçərişəhərin məhəllələrini birlikdə gəzib dolaşacağıq. Yubilyarın özünün dediyi kimi, 70 yaşın tamamı ömrün tamamı deyil...

Etibar CƏBRAYILOĞLU

TƏQVİM / ARXİV