Pandemiya GİROVU... - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1789 | 2024-02-08 10:14

İndi adamların əhvalı elə bil not üzərindədi ki, nə adamların özləri bu notdan baş açırlar, nə də bu notlara kənardan diqqət yetirənlər. Hamı ovqatının girovuna çevrilib, nə edəcəyini, necə edəcəyini saf-çürük edə bilmir. Əslində, bütün bunların bir günahkarı var. Düşünməyin ki, bu günahkar zamandı. Xeyr! Burda zamanlıq bir iş yoxdu. Ağıllı dostlarımdan birinin dediyi kimi, günahkar elmdi  - Naşının, İnsanlığın  və  Təbiyyətin  qənimi  olanların  silahlandığı  ELM!. O inkişaf etdikcə, təbiətə, ekologiyaya, ətraf mühitə, canlı aləmə, bir sözlə, insanın özünə qənim kəsilir, zərbələr vurur, fəsadlar törədir. Və ən dəhşətlisi budur ki, insan güvəndiyi elmin girovuna çevrilir. Bu, sadə şəkildə izah etsəm, insanın bir əlində olan ixtiranın o biri əlindəki həyata tətbiqi zamanı nələr baş verəcəyini dəqiq hesablaya bilməyəndə bax, bugünkü baş açılmayan bir şərait yaranır, bir təzadlı mühit hakim olur hər birimizin başı üzərində...

Bəli, əslində biz bu təzadlı zamanın içərinsində nöqsanlarımızı aramaqdan, günahlarımızı çözməkdən yapışmırıq. Əksinə, bir-birimizi, ayrı-ayrı qrupları, şəxsləri günahlandırırıq. Unuduruq ki, həmin o qruplar da, şəxslər də bir canlı varlıq olaraq hər kəsi təlaşdıran virusdan qorumaq gücündə deyil. Sadəcə, onların üstünlüyü maddi imkanlarından qaynaqlanır. Amma Əzrayıl hökmünü verəndə imkanları göz önünə gətirmir. Getməli olan onu gözləyən qatara minməlidir, heç bir sorğu-sualsız... lap evin hansı küncündə, hansı qatında gizlənməyindən asılı olmayaraq...

Hə, indi hamımızın sonunun nə olacağını narahatlıqla gözlədiyimiz, izlədiyimiz virus problemi əlaqələrimizə çox kəskin şəkildə təsir edib, görüşlər azalıb, toplantılar demək olar ki, unudulub və ən vacibi insanlar bir-birilə telefon əlaqələri saxalamağa artıq həvəs göstərmirlər. Elə bil ki, hamı gözə görünməyən bir çubuqla üzü sükuta, üzü sirlər dünyasına doğru istiqamətləndirilir. Belə kütləvi yönəldilmənin fantastik filmlərdə yəqin siz də hiss etmisiniz. Mən də o filmləri son vaxtlar tez-tez xatırlayıram. Nə isə...

Öz-özümə verdiyim sualların içərisində önə çıxan bir məqam var. O da insan dünyasının, insanın ruhunun, düşüncəsinin, təzyiqə məruz qalmasıdı, basqılara tuş gəlməsidi. Yəni öz həyatımda, öz ailəmdə müşahidə etdiyim bir mənzərə məni bu fikri deməyə, bu sözləri yazmağa məcbur edir. Belə ki, ailənin ən böyük sevinci, ən böyük şadyanalığı, hətta bir ömrə bəs edəcək uğuru o qədər sakit, o qədər adi şəkildə qarşılanır ki, özün-özündən bədgüman olursan. İçində Allahından və bir də özündən soruşursan ki, bu qədər sevincin qarşısında niyə bu qədər sönük durumdayam?! Axı, o sevinci günlərlə aylarla, illərlə gözləmişik?! O da gəlib qismət olub. Amma biz ürəkdolusu sevinmirik. Çünki virus xofu artıq içimizdə əyləşib. Hansı mövzuda danışmağımızdan, hansı xatirəni dilə gətirməyimizdən asılı olmayaraq, rəhmətlik Mirzə Fətəli Axundov demişkən, o yada düşür. Yəni meymun xatırlanır. Nə isə...

Mən meymunun xatırladığı bütün məqamlarda özümü toparlayıb içimdəki duyğuları misralamağa, onu şeirə çevirməyə çalışıram. Hətta birmənalı şəkildə sənə yazıram ki:

 

Əlim əldən, gözüm gözdən,

Odum oddan, közüm közdən.

Dilim dildən, sözüm sözdən –

Xiffət çəkir...

 

 

Gecəm ulduz, gündüzüm gün

Ulduz saydım, gün düzdüm, gün...

İçdiyim ah, süzdüyün ün –

Xiffət çəkir.

 

Ruhum körpü, cismim ələk

Fikrim naxış, yuxum bələk...

Özüm kölgə, ürək mələk –

Xiffət çəkir.

 

Sünbül-sünbül, dəni dənə

Böldüm bir-bir təni tənə!

Mənli günlər, məni sənə -

Ülfət çəkir!..

***

Bütün hallarda insanı ayaqda saxlayan, onun öz tarazlığını, müvazinətini itirməsinə yol verməyən ruhdu. Yəni ruh yüksəkliyi, ruhun diribaşlığı adamı çətinliklərdən çəkib çıxaran xilaskar əldi, mələkdi, ilahi gücdü. Ona görə də insan bədbinliyə qapılanda, tərkidünya olanda hər şeydən küsəndə ruhundan uzaqda qalır, ruh onu atıb gedir. Bu, diri ikən ölmək deməkdi. Yəni cism mövcuddur, amma heç nəyə yaramır. Görünür, elə buna görədi ki, insan dünyasını ruh bədəndən çıxıb gedəndə dəyişir. Mən filosofluq, ya da dinşünaslıq etmirəm. Sadəcə olaraq, düşündüyüm və içimdə olan inanca söykənərək bu məntiqə gəlmişəm. Anlamışam ki, ruh mənim üçün hər şeydi. Deməli, mənim üçün hər şeyə və hər kəsə olan doğru elə mənim özümsən. Və mən də hər duamda, hər yazımda, hər nəfəs alanda o ruhu, yəni səni düşünürəm. Təbii ki, bu düşüncələr bir xəyal yazısına, bir xəyal filminə çevrilir. Heç kimin oxumadığı, heç kimin izləmədiyi yazıya, filmə. Onların müəllifi də, ssenaristi də mənim özüməm. Və bütün hadisələr də sənin çevrəndə, sənin dünyanda baş verir. Xatırlayıram ki, belə anların birində özüm-özümə pıçıldamışam, sonra o pıçıltının kağız üzərində necə misralandığını da görmüşəm. Axı mən onda o pıçıltıları sənə söyləyirdim, o misraları sənin üçün yazırdım. Yəqin ki, indi o pıçıltılar, o misralar sənin üçün maraqlı olar. Mən də sənin marağını nəzərə alıb indi hamının eşidə biləcəyi səslə onu ucadan səsləndirirəm.

 

Üzü sənə yüyürmüşəm, gəlmişəm

Əllərini əllərimdə bilmişəm...

Mən üzümü tellərinlə silmişəm –

Məni ümid qapısından qaytarma...

 

Gözlərimin yuxusu göy çəkib

Bomboz çəkib, qara çəkib, göy çəkib...

İstəyirsən ayağıma döy, çəkib –

Məni ümid qapısından qaytarma...

 

İstəyimdi çox demirəm, bir gilə

Xəyalıma təbəssüm çək, nur çilə!

Bu ricamı Allahımdan dur, dilə -

Məni ümid qapısından qaytarma!..

 

Hə, mən ümid qapısının harda olduğunu, o qapıya gedən yolu, o qapının açarını tanıyıram, görmüşəm. Amma neyləyim ki, o qapılar  təkcə açarla açılmır ... Əgər açarla açılsaydı, Qarabağdan, Tuğdan özümlə gətirdiyim bir topa açarla  30  il  gözləmədən  girovluqdakı evimin, yaşadığım acıların, ağrıların  qapısını çoxdan açmışdım. Təəssüf...

İndi hər kəsi daha çox narahat edən mövzunun ipucu təbii ki, yenə  rahatlığımızı  pozan  və  dünyanın  müxtəlif  məmləkətlərində "doğulub"  bütün cahana  yayılan  viruslar olsa da, mən dipdiri ruhumun dizinə başımı qoyub bu gündən bir az uzaqlaşmaq, bu basqılardan bir az kənara çəkilmək istəyirəm. Cəhd etdiyim, çalışıb-vuruşduğum da məhz budur. İstəyirəm ki, səni, yəni ruhumu uzaq tutum bütün bunlardan. Nə qədər çətin olsa da, bəlkə də mümkünsüz bir iş sayılsa da, amma mən israrımdan çəkinən deyiləm. Ürəyimin səsini dinləyərək son ana qədər ruhumu - Səni hər şeyin fövqündə tutmağa çalışacağam. Yəqin ki, Sən də, yəni ruhum da məni bu meydanda tək buraxmayacaqsınız. Çünki bütün mücadilələrimiz  Həyata  və  Hər kəsə  Sevgi naminədir və qalib də SEVGİ   olmalıdır. Elə bu istəklə də mən bilgisayara diqtə etdiyim yazının yaradacağı effekti, auranı xəyalımda canlandırmağa çalışıram. İstəyirəm ki, öncədən bu düşüncələrimin sənə necə təsir edəcəyini fəhm edim, anlayım. Elə həmin anlamaq istəyi də indi yazacağım misraların yaranışına təkan veribdi. O misralar belədir:

Ömrümü mat etmişəm

Vəzirsiz...

Mat olanı eh...siz də -

Əzirsiz...

 

Əl tutmağa – əl yuxu

Dəhrə, kəndir, şəl yuxu...

Haray salıb gəl, yuxu –

Gəzirsiz...

 

Gündüzünüz, gecəniz

Sevgi deyil seçəsiz...

Mənim kimi neçəniz –

Əsirsiz?!

 

Su çiləyib təndiri

Boğursunuz, fəndini...

Tutduğunuz kəndiri –

Kəsirsiz...

 

Günəş batar, saralmaz

Tanrı nuru qaralmaz!

Kinsiz ürək daralmaz –

Əsilsiz!..

 

Bax, belə! İndi gəlin , birlikdə düşünək. Doğrudanmı, bu viruslar, bu pandemiyalar   bizdən, sevgimizdən güclüdür?  Yoxsa, əksinədi?   Bəlkə onun girovuna çevrilməməliyik,  sonuncu   gülənlərdən olaq!..

TƏQVİM / ARXİV