Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB

175 | 2024-07-27 01:47

Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.

Adalet.az xəbər verir ki, tədbir tarixdə ilk dəfə stadiondan kənarda - Sena çayının ətrafında baş tutub.

Sena çayı boyunca 6 kilometrlik marşrutda 12 bədii səhnə, Fransanın irsi, Paris, şəhərin abidələri və marşrut boyunca körpüləri nümayiş etdirilib.

Bundan başqa, 10 500 idmançı Parisin mərkəzindən qayıqlarla Sena çayı boyunca üzüb. Yekunda Selin Dionun ifasında Edit Piafın “Sevgidə himn” mahnısının müşayiəti ilə Teddi Riner və Mari-Jo Perak tərəfindən Olimpiya mənşəli yandırılıb.

Açılış mərasimindəki paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyıblar.

Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

 

***21:47

"Paris-2024" Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi başlayıb.

Adalet.az xəbər verir ki, Sena çayında təşkil olunan tədbir minlərlə idmançını daşıyan 85 gəminin Austerlits körpüsündən hərəkətə başlaması ilə start götürüb.

Azərbaycan komandası ölkələrin paradında 16-cı sırada yer alıb. Ölkəmizin bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayevdir.

Azərbaycan millisi Fransa paytaxtında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.

Qeyd edək ki, avqustun 11-dək davam edəcək Paris Olimpiadasında 206 ölkədən olan 11 minə yaxın idmançı 32 idman növü üzrə ümumilikdə 329 dəst medal uğrunda mübarizə aparacaq.

 

TƏQVİM / ARXİV