adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

PƏNCƏRƏ - İlqar Rəsul yazır

İLQAR RƏSUL
47481 | 2021-02-22 12:51

Bir ev var, oranın pəncərələrinin pərdələri köhnədi...

Əvvəl insanlar çöldən evə girirdilər. İndi insanlar çöldən evə girəndən sonra internetə girir, dünyaya çıxırlar. Pəncərələr ta heç kimə lazım deyil sanki. Pandemiyaya görə indi evlər qonaq-qarasızdı deyə əvvəlki qədər silinmir də pəncərələr. Gerçək dünya getdikcə boz, dumanlı şüşələrin arxasında itir. Əvəzində gün kimi aydın görünən yalançı dünyan ilə başımızı qatırıq. Bir vaxtlar pəncərəyə sığınan insan indi pəncərəni ovcunda gəzdirir, cibinə sığışdırır.

Yox, ovucumuz, cibimiz böyüməyib. Pəncərəmiz kiçilib. Həm də bizi kiçildib. Əl boyda bir şüşənin təsirinə düşüb gerçək dünyadan, doğmaları, qohum-əqrəbanı, dost-tanışı gerçək görmək həvəsindən məhrum olacaq qədər kiçilmişik. Və bu kiçilmə hələ son deyil...

Bakıdan maşınla 20 dəqiqəlik məsafədə bir ev var. Oranın pəncərələrinin pərdələri keçən əsrin 80-ci illərinin pərdəsidir. Elə qab-qacağı, stəkan-nəlbəkisi də. Döşəməsindəki də "Kirovabad xalısı"dı. Hərdən ora gedirəm. Pəncərələri açıram. Sərin meh narıncı ipək pərdələri, ağ tülləri oynadır. Evin havası yaxşıca dəyişir. Keçmişin çayxanalarında gördüyümüz stəkan-nəlbəkidə çay və otaqdan-otağa səkərək hər an pəncərələri xatırladan təmiz hava. Səndən çox pəncərələr xoşbəxt olur sanki...

Birdən cibindəki pəncərənin şüşəsi döyülür və sən tez onu söndürürsən...

TƏQVİM / ARXİV