adalet.az header logo
  • Bakı 25°C

Qaynana idarəsi - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
531 | 2022-08-06 17:31

Əgər ailəyə dövlətin əsası deyiriksə ... Ki, uzun illər belə demişik – qaynana önəmli adam sayılmalıdı... Əslində evdəki qadınların hər ikisi (bəzən çox da ola bilər) eyni bir kişini – evin sahibini, yiyəsini sevir və paylaşmağa məcburdu... Ortaq dəyər deyək...

Amma, amma, amma... Uzaq tarixlərdən evdəki qadınların qatı düşmənlər kimi davranışı da məlumdu axı... Təbii ki, bu, ev yiyəsini tədirgin edən bir durumdu və o, belə hallardan uzaq olmaq istəyir. Zamana görə dəyişik hallar ola bilər və hər kəsdə fərqli, mental olaraq toplumlar arasında da fərqli deyək... Amma ortaq tərəfləri də var bu ailəvi xəstəliyin... Qısqanclıq deyək. Hər iki qadın haqlı olduğunu düşünür və öz haqqının daha çox, daha üstün olduğunu düşünür... Burda “qardaş payı” sözünü işlədə bilməyəcəyik, dava elementləri, dava üçün səbəblər həddən çoxdur... Və həm də təcrübə də çoxdur... Aşağı-yuxarı ailə sözü varsa bu fiqurlar da mövcuddur...

Böyük qadın... Yəni mövqeyi böyük, təcrübəsi böyük, nüfuz qabiliyyəti çox olan qadın bir müddət anadır əlbət. Bir müddət... İllər keçdikcə, yaş artdıqca və kapital azaldıqca yerlər dəyişə bilər... Və əlbəttə burda evin idarəsi kimin əlindədirsə (kişinin yəni) onun xasiyyəti mühüm rol oynayacaq. Bəzən özünü qurban, bəzən də vampir kimi aparan qadın. Xüsusən də qadının özünün şəxsi həyatı yoxdursa... Vacib amildir... Şəxsi həyat... Həyat ümumilikdə... Varsa yola getmək mümkün olur...

Xarakter, savad, tərbiyə fərqi var. Fizioloji fərq var. Lazımsızlıq hissinin yaranması var... Gəncliyin getmə təəssüfü var... Varlar var bir xeyli...

Ailə modeli – təsəvvür edək. Çaydan qaynana – qaynayır pakkaa-pakla, gəlin dəmlənir altdan-altdan, damad hər iki qadının doldurduğu çay stəkanı, qaynata (çox da müzakirə mövzusu olmayan obraz) sakit qalan, yerində qalan sini, baldız da çay qaşığıymış - qarışdırırmış ortalığı... Kobud bənzətmə oldu deyəsən .... Amma həyatında ikinci qadının peyda olacağına hazır olmalısan. O, mütləq gələcək. Və səndən asılı olmayacaq bu yalnız...

Ana oğluna uşaq kimi yanaşsa da, gəlini çox böyümüş biri kimi görsə də... Hər iki qadın münasibətlərdə ancaq qüsur axtarır, üstünlük yox. Danlaq artıq dərəcədə çoxalır... Hər addımını lupayla izləməyə çalışırsan... Tam da bir iqtidar-müxalifət savaşına çevrilir münasibətlər. Ya da ölkələr arası diplomatik savaşa. Ana qadın özünü hər zaman haqlı sayır. Eqolar tüğyan edir... Tam da bir cəmiyyət münasibətləri.

“Qarabağ” futbol klubunun oyununda bizə olunan ləçərliyi görüb xatırladım Vaqif Səmədoğlunu... Onun Strasburqda foyedə royalda Şopeni ifa etməsini, təəccüb və ikrahla baxan Avropalıları da xatırladım. Qaynana gəlinə baxan kimi baxırdılar bizə... Onun söhbətindən xatırladım yəni... Yəni bunlara baxın da... Adam sayırlar özlərini...

Əlbəttə, çox yerləri görmüş biri kimi deyim - Avropada futbol oynayan və ya royalda ifa edənlərimiz də var... Azdı sadəcə... Sonra məcbur olub qayıdacaqlar elə bura... Ora bizim deyil... Amma buranı da ora kimi etməliyik!!! Bizim kəndi şəhərə çevirməliyik, yoxsa xeyiri yoxdu... Yoxsa elə irqçi yanaşma davam edəcək... Yoxsa yenə hamının qarşısında təzim etməyə məcbur olacağıq...Yoxsa yenə olmayan elmdən, olmayan TV-dən danışacağıq...

Olanlar isə var... Sadəcə qoruya bilmirik...

İnsana işgəncə verəndə əvvəl qışqırır, ağlayır, sızıldayır, sonra heç nəyə reaksiyası olmur... Susur və ağrını hiss eləmir... Ağlayan, sızlayan, qışqıran adamın həyata qayıtmaq şansı var... Susdunsa öləcəksən - bir nömrəli qanun!!!!!!!! Ağrını hiss eləmək lazımdı...

Bağırmaq lazımdı!!! Lap qaynana-gəlin kimi savaşmaq…

 

Nə sirrdi bilmirəm, hər iyul ayında tufan qopur mətbuat aləmində... Ümumiyyətlə, mətbuatda xanlıqlara parçalanma hökm sürür. Vaxtilə məşhur bir film vardı "Qatır Məmməd" - adını ruscaya belə tərcümə etmişdilər "Mstitel iz Qəndjabasara"... Gəncəbasarlı qisasçı... Region söhbəti oldu... Bu söhbət əbədi məsələdi deyəsən, çıxmır gündəmdən. Bir vaxtlar mətbuat Fatma xanımın protektoratı altında idi – onun hansı bölgəyə aid olduğunu bilmirəm, sonra məlum kim oldu. Regionu da məlum, nəticələri də məlum. Yetirmələrini də bilirik. Hazır materialdı, niyə dəyişsinlər? Gəncəbasarlı qisasçı (filmin adını deyirəm haa) da qanadları altına aldı onları və qanadlar geniş açıldığından yer tapıldı hamısına. Amma arada yerli əhəmiyyətli mövqe savaşları davam edir... Müşahidələrim deyir ki, köhnə (köhnəlməyən) xozeyin daha güclüdür və qisasçı onun adamlarına tabe olacaq ... Görək savaş hansı strateji və taktiki əsaslarla davam edəcək. Çünki ortada başqa fiqurlar da mövcuddu… Hər sahədə qaynana idarəsi var.

Ən kütləvi peşədi - bizim işimiz. Bir vətəndaşa üç jurnalist düşür təxminən. Ona görə hamı çalışır bu sahədə monopoliyanı ələ keçirsin.

Yazanlara arzum – Oxumağı bacaran, anlayan, qiymətləndirən bir cəmiyyətiniz olsun. Cəmiyyət derkən əlahəzrət Oxucunu nəzərdə tutdum. İMZAnızın gətirdiyi parayla, çörəklə yaşamağı arzu edirəm. Bax, o zaman gələndə...

 

Obyektiv səbəblərdən TV izləməli olmuşam son günlər... Nə görürəm? Müğənnilər samo-soboy... Həm də yemək bişirmək dərsləri çoxalıb...

Deməli, partiya və hökumətimiz bizdən əlini üzüb... Siyasət özlərinə aiddi, düşüncə də eləcə... Deyirlər nə eləmişik əcəb eləmişik, əlimizin içindən gəlib...

 

Şir və tülkü ac olurlar, qarşılarına eşşək çıxır... Eşşək görür ki, bunu yeyəcəklər - deyir ki, məni yesəniz padşahla başınız dərdə girər. Şir də, tülkü də soruşur ki, niyə? Eşşək cavab verir ki, mən padşahın fərmanlı eşşəyiyəm! Deyirlər hadi ya - fərmanın harda? Eşşək deyir - arxa sağ ayağımın altındakı nalda yazılıb,oxuyun görəcəksiz... Şir bağırır ki, ay tülkü, oxu görək... Tülkü də çoxbilmiş... Deyir mən savadsızam, oxumaq-yazmaq bilmirəm... Şir qəzəblə özü gedir eşşəyin ayağının altını oxumağa və eşşək buna elə bir təpik vurur ki, sümükləri qırıq-qırıq olur... Tülkü qorxudan aradan çıxır və deyinir ki, bu dövrdə oxumaq da başa bəla...

Nəsə deyirdimee... Yadımdan çıxdı...

Bu didişməni nahaqdan fikirləşməyiblər.

Reklamlara baxıram - "Sən ana olacaqsan" - deyir... Nə üçün olsun ki? Bir qrup adam pul qazanacaq deyə? Həkim, memar, əsgər, alim? Bu proyekt nədən yaradılıb? Bu qısa ömürdə çürüməkdən ötrü?

Bayaqdan müşahidə edirəm ana zarıyır, oğul da sürüyür ananı həkim kabinetlərində. Oğul da gənc deyil, o da az keçmiş elə ananın tayı olacaq... Özü sürünəcək... Anlaya bilmirəm bizim kimi yoxsul ölkələrdə niyə artmağa, doğub-törəməyə çalışırıq... Bir qrup üçün??? Qaynana idarəsi olsun deyə...

Dövlət Baba, bizim qaynanamız kimdir?

 

  • Avqust:
  • 6

TƏQVİM / ARXİV