adalet.az header logo
  • Bakı 27°C
  • USD 1.7

...Qışqırmaq lazımdı

FAZİL MUSTAFA
91209 | 2013-07-27 05:31
Bir həmyerlimin yas mərasimində yaxınlaşdı mənə. Həkim-narkoloq olduğunu söylədi. Salafana bükülmüş iki kitabını masanın üzərinə qoyub vaxt tapanda oxumağımı xahiş etdi. Siqaret, içki və narkotik vasitələr əleyhinə yazılmış bir kitabdır, dedi. Sonra davam etdi ki, görürsünüzmü, hər kəs bir-birinə pıçıldayır mərhumun gənc yaşında narkotikdən ölməsini. Bu tanınmış nəslin üçüncü övladıdır bu xəstəlikdən dünyasını dəyişən. Hamısının da arxasında gənc ailə, körpə uşaqlar qalır. Açıb-ağartmaq da olmur. Əslində bunu pıçıldmaq yox, qışqırmaq lazımdır. Bu ölkənin gəncliyi siqaret, içki və narkotikdən məhv olur. Bunu sizlər hər an gündəmə gətirməli, insanları bu təhlükə ilə bağlı həyəcan içində saxlamalısınız. Evə dönüşdə kitabçaları birnəfəsə oxudum. Səmimi üslubda yazılmış hekayələr və pyeslər idi. Müəllifi Asif Kəngərli olan "Şər suyu" və "Zəhrimar" adlanan kitabçalarda problemin qoyuluşu diqqətimi çəkdi. "Sən kimin tərəfindəsən- Allahın, yoxsa Şeytanın? Siqaret çəkmək, içki içmək, narkotik qəbul etmək Allahın yolundan çıxmaq deyil, bəs nədir?" Sonda isə gəldiyi nəticəni paylaşır: "Azərbaycan qarşısında iki böyük problem durur -Qarabağ problemi və psixoaktiv maddələrin (siqaret, alkoqol, narkotik) gətirdiyi problemlər." Həkim kimi sadə həyat hekayələri ilə bu bəlanın bütün fəsadlarını insanlara çatdırır və təklif edir ki, bu orta məktəbdə şagirdlərə oxudulsun. Təbii ki, mən bu görüşləri heç tərəddüdsüz dəstəkləyirəm və Dövlət tərəfindən sistemli bir siyasət aparılmadığına həqiqətən üzülürəm. Çeşid-çeşid dövlət Proqramları, külli-miqdarda vəsait xərclənən dövlət qurumları, hər güç narkotik satışından və ya istifadəsindən həbsə atılan Azərbaycan gənci- ancaq sanki bütün bunlar görüntüdən uzağa getməyən bir mənzərələrdir. Orta məktəblərdə içki içmək, siqaret çəkmək, narkotikdən istifadə xeyli yayğın və buna qarşı ciddi mübarizə aparılmır. Bütün bunlara kampaniyaçılıqla son qoymaq mümkün deyil. Ancaq yuxarıda qeyd olunan təşəbbüslərin dəstəklənməsi, televiziyalarda əlində siqaret tüsdülədən, hallanan, viski və ya araq dolu bardağı döyüşdürən, reklam edən şəxslərə deyil, bu bəlaya qarşı tutarlı arqumentlər səsləndirən, onun fəsadlarını dilə gətirən həkimlərə, ziyalılara, idmançılara auditoriya vermək vacibdir.

Fazil Mustafa

TƏQVİM / ARXİV