adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7

Ququ adamlar -Eminquey yazır

EMİNQUEY AKİF
656 | 2022-10-12 11:34

Çox dəcəl olmuşam uşaq ikən. Küçə-bacaya çıxanda mütləq baş-gözümü yarırdım, sonra da metrin metrə həyətimizdə gic toyuq kimi fırlanırdım.

Amma heç vaxt kiminsə uşağına, maşınına, evinə zərrə qədər ziyanım dəyməyib. Qonaq gedəndə də arzuolunmaz uşaq olmamışam. Belə tərbiyə olunmuşam.

Atamın kasıb vaxtlarında evimizə kimsə gələndə mənə şirinlik üçün şokoladmı, konfetmi, pulmu - nəsə uzadanda götürməzmişəm. Deyərmişəm ki, çox sağ olun, atam alıb.

30 yaşa nə qalıb ki?!

Geriyə dönüb baxıram.

Bugünə kimi də o balaca uşaq kimi ömür sürmüşəm.

İndi baxıram çevrəsinə ziyan verən insanlara. Bu insanların bir çoxusu sonradan bu hala düşməyiblər. Onların uşaqlıq yaddaşında mərdiməzar bir uşaq yatır. Yəni uşaq söhbətləri gedəndə düşünməyin ki, bütün uşaqlar saf, təmiz, məsum olurlar.

Ququ quşunun balaları da əvvəl-əvvəl məsum olur.

Ən təhlükəli, ən məkrli quş növüdür ququ quşu.

Gözü bir yuvanı tutdusa, yuvanın ətrafında hərlənir, dolanır, istər sağsağan yuvası, istərsə də bülbül yuvası olsun, ana quşların yumurta qoymasını, kürt yatmasını gözləyir, hədəf aldığı yuva boş qaldıqda dərhal gəlir, bir göz qırpımında yumurtalardan birini yuvadan atır, öz yumurtasını yerinə qoyur və uçub gedir.

Yuva sahibi geri qayıdanda öz yumurtalarından birinin atıldığını və yerinə özünə aid olmayan yumurtanın qoyulduğunun  fərqinə varmır, kürt yatmağa davam edir.

Ququ balası onu oraya mindirən anası qədər təhlükəlidir, anası kimi məkrlidir, hansı yuvada qalmasından asılı olmayaraq, qabığını digər yumurtalardan ən azı bir gün əvvəl qırır, bir gün əvvəl doğulur.

Və doğulan kimi uyğun vaxtı izləyir, yuva boş qalanda digər yumurtaları itələyib yuvadan atır, sındırır.

Beləliklə, yuvanın əsl övladları məhv olur və ququ ona aid olmayan yuvanın yeganə varisinə çevrilir.

Aldadıb yerləşdiyi ananın sahiblik, şəfqət, fədakarlıq, qidalandırma, qoruma və böyümə instinktindən istifadə etməyə başlayır.

Ana isə heç nəyin fərqində olmadan onu bəsləyir, bəsləyir, ququ balası onu bəsləyən anadan da iri bir hala gəlib çıxır.

Ququ balası sonra nə edir, bilirsiniz?

Yuvanı dağıdır və gedir.

Övladlarınızı ququ quşu kimi məkrli böyütməyin.

Gələcəkdə dağıtmadıqları yuva, dəyər, mühit qalmayacaq…

TƏQVİM / ARXİV