adalet.az header logo
  • Bakı 11°C

Rejissordan "nurçulara" böyük zərbə

RZA RZAYEV
46599 | 2019-09-11 09:02

"Dost qalmaq istəyənlər din və siyasətdən mübahisə etməzlər”.

L.A. Noire

Bu yazım kimlərəsə cavab deyil, son dövrlər qatma-qarışıq münasibətlərin və hadisələrin baş verməsi və sənət insanlarının ictimai rəyə təsir edən olaylara münasibət bildirməməsi, bu mövzuya sənət insanı kimi münasibət bildirmək istəyi yaratdı. Həm də bu haqda da çoxdan yazmaq istəyirdim, amma yenə yerinə düşəcək günü və yerində yazmağın zamanın çatmasını düşünürdüm.

…Hələ millətçilik ideologiyası yaranmamışdı, millətçilik insanların psixologiyasına o qədər də təsir etməmişdi. İnsanlar daha çox dini və məzhəbləri əsas götürən dövlətlərin (imperiyaların) ətrafında birləşirdilər, milli mənsubiyyət arxa planda qalırdı.Məzhəblərin və təriqətlərin özünü daha qabarıq göstərməsi isə milli dövlətlərin yaranması ilə üst-üstə düşür.

Ən yaxın tarixdə də, Sovet imperiyası dağılan kimi, yaranan milli dövlətlərdə məzhəb və təriqət məsələsi yenidən dövrəyə girdi.Dağıdılan imperiyanın qalıqlarına yiyə çıxmaq istəyənlər yiyəsiz qalmış, hələ milli ideya axtarışında olan yeni yaranmış milli dövlətlərdə məzhəblər və təriqətlərlə özlərinə yer etdilər, ortanı yenidən qatdılar.

Yeni ideyaların yaranması həmişə özü ilə bərabər, bölücülük gətirir, parçalanmalar yaradır. Millətçilik ideologiyası da vüsət alan kimi, parçalanmalar, bölünmələr yaratdı, bir çox imperiyaların dağılmasına səbəb oldu. Bu gün isə artıq millətçilik keçmiş və bu gün özünü doğrultmayan keçilmiş mərhələdir.

Millətçilik müasir dövrdə birləşdirici yox, daha çox dağıdıcı funksiya daşıyır.Keçmiş əsrlərdə birləşdirici funksiya yerinə yetirən ənənəvi məzhəblərin əsasında yaradılan təriqətlərin də çoxu bu məqsədlə yaradılırdı, yəni bölücülük məqsədi ilə.

Köhnə sabit qaldığı üçün, yeni köhnənin "üstündə” yaranır və hərəkətdə olduğundan mövcud vəziyyətdən narazı qalan insanların yeni birliyini yaradır. Şəxsi maraqlar yeniliyi daha çox cəlbedici edir.

Dünya güclərinin ənənəvi məzhəbləri hədəf almaqda məqsədləri var: bu, həm həqiqi tarixə olan baxışı dəyişmək üçündür, həm də tarixi coğrafiyanı.

İslamda yeni məzhəblərin yaradılması və ənənəvi məzhəblərin əsasında ortaya çıxan təriqətlərin çoxu xarici təsirlər nəticəsində formalaşdırılıb. Bir çox yeni məzhəblərin və təriqətlərin yaradılması öndə gedən, "sözə baxmayan” müsəlman dövlətinin zəifləməsinə xidmət etmiş və bu gün də bundan təzyiq kimi istifadə olunur. Məsələn,sələfiliyinyarandığı dövrdə Şərqin kimlər tərəfindən idarə olunması məlumdur və sələfiliyin yaradılmasında məqsəd də həmin dövrdə Şərqi idarə edənlərə qarşı çıxmaq olub – yənimoğollara.

Sonra sələfiliyin davamı olaraq,vəhabiliyinyaradılmasında da məqsəd Şərqi əlində tutanOsmanlı imperiyasınıəldən salmaq idi.

Müasir dövrdə artıq bu taktika işləmədiyindən, hissələrdən ayrılmış bütövün (imperiyanın) mərkəzinə coğrafiya xaricindən (qopardılmış hissələrdən) təsir etmək az mümkün olduğundan, yeni və içdən yaradılan təriqətə ehtiyac duyuldu. Ehtiyacı ödəmək üçün mərkəzdə (daxildə), keçmişdə birləşdiriciHənəfi məzhəbini əsas götürənnurçuluq təriqətini önə çıxardılar, siyasiləşdirdilər, içəridən təsir qüvvəsi yetişdirməyə başladılar.

Nurçuluqdan istifadə edənlər əsas məqsədlərini gizlətmək üçün öncə təminedici məqsədləri Türkiyənin xeyrinə hesabladılar. "Müqəddəs” məqsədlərini həyata keçirməyi isə sonraya saxladılar.

Nurçuluğu "ixtira” edənlərin əsas məqsədləri –Müasir Türk gəncliyinə ənənəvi sünni məzhəbi ilə dünyanın üçdə birinə bağlı olan Osmanlı imperiyasının coğrafiyasını unutdurmaq və yaddaşlardan silməkdi.

Dünya gücləri nurçuluqla müasir Türkiyənin parçalanmış Osmanlı coğrafiyası ilə mədəni (məzhəbi) bağlarını kəsmək , birləşdirici , bütövləşdirici mədəniyyəti yox etmək və yeni düşüncə (təriqət) yayıb özləri üçün yeni insanlar və inanclar yaradıb coğrafiyanı ələ keçirmək istəyirdilər, buna, az da olsa, nail oldular.

Zamanında Atatürkün dinə qarşı yox, yeni məzhəblərə və təriqətlərə qarşı apardığı mübarizənin səbəbləri yuxarıda söylədiklərimdir. Nurçuluğun hansı dövrdə vüsət almasına diqqət etsəniz, söylədiklərim öz təsdiqini tapacaq.

İslam yeni dinin və peyğəmbərin yaradılmasının qarşısını aldığı üçün dünya güclərinin yaratmaq istədiyi tək və idarəedici mədəniyyətə maneə yaradır.Düzləşmənin qarşısını alır.

Dünya gücləri başlatdıqları yeni mərhələni, yəni bütün mədəniyyətləri düzləşdirmə və post-insan yaratmaq siyasətini müsəlman ölkələrində nurçuluq təriqəti ilə yenidən həyata keçirməyə başladılar. Nurçuların əli ilə müsəlman ölkələrində başqa-başqa millətlərdən özləri üçün tək millət (post-insan) yaratmaq məqsədlərini həyata keçirmək üçün – komandanı sorğu-sualsız icra edən, sual verə bilməyən, sual (problem) yaratmayan, seçilmiş suallara cavab verən, hazır reseptlər ilə hərəkət edən briqada yaratdılar. Yəni, bilgisayarlara bənzəyən adamlar yığını – içinə nə yığırsansa, həmin çərçivə daxilində çıxış edə bilən, əlavə yaradıcılığa yer saxlamayan.

Nurçuların təhsil verdiyi insanlar da düymə ilə işləyirlər, xüsusi hazırlanıblar, düymə basılan kimi, şüuraltına yerləşdirilən kodlar şüuru idarəolunmaz hala gətirir, istənilən əmr müqəddəs sayılır və yerinə yetirilir.Biz bunun acı nəticələrini Türkiyədə gördük. Xaricdən düymə basılan kimi, inanılmaz olaylar baş verdi.

Nurçular hər yerə girdikləri kimi, Azərbaycana da təhsil adı ilə gəldilər.Görünməz təbliğat və təhsilimizdəki böhran da öz işini gördü, alternativsizlik də təsir etdi, ən imkanlı, vəzifəli şəxslər də övladlarını Türk liseylərində oxutdurdular.Onlar, ilk öncə, həm də orta məktəblərimizdə ən yaxşı oxuyan uşaqları seçdilər. Təhsilimizin yetişdirdiyi savadlı uşaqları seçib öz sistemləri ilə özləri üçün hazırladılar ki, gələcək məqsədlərini həyata keçirmək üçün yönəltsinlər.Məqsədləri əgər xalqa təhsil vermək idisə, niyə təhsildə geri qalmış uşaqları seçib xüsusi təhsil verməklə onların səviyyələrini qaldırmadılar?!

Azərbaycan təhsil sisteminin güclü təməlləri var idi, bu sistem kimləri yetişdirməyib ki… Və bu insanların çoxu ancaq Azərbaycana xidmət ediblər – Azərbaycan elminə, mədəniyyətinə, sənətinə."Yenilik” adı qoyub "köhnə” adı ilə təməli dağıtmaq cinayətə bərabərdir.Milli təhsil sisteminin yaradılmasında xarici təcrübədən istifadə edilməlidir, çünki təhsil həm də – xaric və xaricilər ilə münasibət qurmaq vasitəsidir.Amma mövcud olandan ən yaxşısı yoxdursa, mövcud olanı qorumaq lazımdır, çünki təhsil sistemində dövlətin keçmiş və gələcək münasibətləri nəzərə alınmalıdır.

"Görünməz” təbliğat – ad ilə məzmun dəyişikliyidi , görünən ad altında görünməz məqsədi həyata keçirməkdi, sən bilmədən səni dəyişməkdi.

Verilən "dərman” (ideya) – üzərinə içindən fərqli ad yazılmış kapsul kimidir: illərlə görünməz ve sürəkli olaraq bədəninə yeridilən mayenin (ideyanın) fərqində olmursan, mayeni (ideyanın) öz bədəninin (beyninin) məhsulu hesab edirsən və düşünürsən ki, ən doğrusu budur.

Nurçuların təhsil sistemində "görünməz” məqsədləri – insan və böyük insanlar yetişdirmək yox, dövrə uyğun, istifadə tarixi bəlli olan, idarə olunan, "bilikli” itaət edən adamlar yetişdirməkdi.

Almaniyada bir məktəb direktoru hər tədris ilinin başlanğıcında müəllimlərinə bu məktubu göndərirmiş:"Mən ölüm düşərgəsindən sağ qurtulanlardan biriyəm. Gözlərim heç bir insanın görməməli olduğu şeyləri görüb. Yaxşı təhsil verilmiş və yetişdirilmiş mühəndislərin inşa etdiyi qaz otaqları, yaxşı yetişdirilmiş, savadlı həkimlərin zəhərlədiyi uşaqlar, işini yaxşı bilən tibb bacılarının vurduğu iynələrlə ölən körpələr, məktəb və universitet məzunlarının öldürüb yandırdığı insanlar…Bu səbəbdən təhsilə şübhə duyuram. Sizlərdən istəyim budur: hər şeydən əvvəl, şagirdlərinizin insan olması üçün çalışın. Zəhmətinizin nəticəsi bilikli canavarlar və bacarıqlı psixlər olmasın. Oxuma, yazma, riyaziyyat uşaqlarınızın daha çox "insan” olmasına kömək edərsə, onda, həqiqətən, yararlı olar.

İstanbulda təhsil aldığım dövrdə azərbaycanlı siyasi və ictimai fəaliyyətlə məşğul olan uşaqlarla çay içirdik, tanınmış iki millət vəkili haqda müzakirə gedirdi, mətbuatda haqlarında yazılar çıxmışdı. Sakitcə qulaq asırdım, sonda nə düşündüyümü soruşdular. Cavabım belə oldu:"Buna inanmaq istəyirəm, onların hansı təriqət üzvü olması Azərbaycana olan münasibətlərini dəyişə bilməz, onlar Azərbaycana xəyanət etməzlər! Amma bütün insanlar kimi, onlar da səhv edə bilərlər, qorxulu olan onların səhv etməsidir. Ağıllı, bilikli insanların səhv yolu düz bilib illərlə bu yol uğrunda mübarizə aparmaları gələcəyimizi qaranlığa bürüyə bilər”.

Dünya güclərinin nurçuluqla ənənəvi məzhəbləri hədəf almaqda məqsədləri var. Yuxarıda vurğuladığımız kimi, bu, həm həqiqi tarixə olan baxışı dəyişmək üçündür, həm də tarixi coğrafiyanı. Tarixi olmayanların Tarixə yeni baxışı başqa adda yeni coğrafiya yaratmaq istəyidir.

Azərbaycan, bəlkə də, yeganə ölkədir ki, burada ənənəvi məzhəb daşıyıcıları həmişə Azərbaycanın maraqlarını üstün tutublar və dindarlar arasında azərbaycançılıq öndə olub, məzhəblərarası mübarizə düşmənçilik həddində olmayıb.

Ənənəvi şiəlik (Cəfəri) Azərbaycanda əsas məzhəblərdən biridir və ən çox daşıyıcısı olan məzhəbdir və bu, belə də davam etməlidir, çünki dörd ənənəvi sünni məzhəblərinin Azərbaycanda qorunması və inkişafi üçün ənənəvi şiəlik (Cəfəri) qarantdır.

Şiəliyi (Cəfəri) özünə rəsmi məzhəb seçən qonşu dövlətin keçmiş tarixini kənara qoyaq, yəni bunlar yazılıb, danışılıb. Qonşu dövlət son iki əsrdə şiəlik məzhəbi ilə yenidən dirçəldi, regionda güc mərkəzinə çevrildi, dünya ağalarına da hərdən meydan oxuyur.Amma gəlin, müasir dövrü götürək: Türkiyəni çıxmaq şərti ilə, elə bir ənənəvi və yaxud qeyri-ənənəvi sünni məzhəb daşıyıcısı olan müsəlman dövləti varmı ki, ağ gündədir, dünya güclərinin qulu deyil?! Olmaq istəməyənlər də xarici təsirlər nəticəsində vətəndaş müharibəsi yaşayırlar.

Qonşu dövlətin bu gün iqtisadi, hərbi, təhsil, mədəniyyət, səhiyyə səviyyəsi harada, sünni məzhəblərin çoxluq təşkil etdiyi müsəlman dövlətlərin səviyyəsi harada.Əgər şiəlik gerilikdirsə, onda qonşu dövlət rəsmi qəbul etdiyi şiəliklə bu inkişafa necə nail olub?

Bəli, qonşu dövlət milli maraqlarını həyata keçirmək üçün şiə (Cəfəri) məzhəbindən istifadə edir.Başqa hansı sünni məzhəbinə məxsus ölkə bunu etmir ki?!

Biz şiəliyə qarşı yox, şiəlik adı altında öz maraqlarını həyata keçirmək istəyən gücə qarşı çıxmaq istəyiriksə, bunun üçün şiəlikdən imtina etmək əvəzinə, şiəliyə qarşı çıxmaq əvəzinə, şiəliyi daha doğru-düzgün təbliğ etməliyik və güclü, Mübariz insanlar yetişdirməliyik. Necə ki, yetişdirmişik – düşmənə qan udduran – Mübarizi!

Əsrlər boyu şiəlik ölkəmizdə xarici təsirlərə müqavimət sistemi yaradıb, Sovet imperiyası Azərbaycanda tək şiəliyə qalib gələ bilmədi. Sovetə qarşı ən çox şiə olan bölgələrimiz müqavimət göstərdi.Bu gün bütün güclər ordulardan yox, qonşu dövlətin yetişdirdiyi idealist (şiə) insanlardan daha çox qorxur, həmin insanlar qonşu dövlətin qoruyucuları funksiyasını yerinə yetirirlər.

Qonşu dövlətin başqa qonşu dövlətlərdən güclü olmasının bir səbəbi də –"Şahnamə”dir, məişət qanunları ilə İslam dinini birləşdirib, müasir dövrə uyğunlaşdırıb, uyğun zamanda istifadə etməsidir!

Əgər bəzi dövlətlər ənənəvi məzhəbdən öz maraqları üçün istifadə edirsə, biz həmin ənənəvi məzhəbə qarşı çıxmaq, həmin məzhəbin daşıyıcılarına qarşı durmaq əvəzinə, gənclərimizə tarixi və müasir dövrdə baş verənləri necə qiymətləndirməyi öyrətməliyik.

Dövlətimiz zamanında "ixrac olunan” siyasi şiəliyin qarşısını ala bilmədiyi üçün başqa təriqəti önə verdi, onlara yaşıl işıq yandırıldı. Balans yarandı, təhlükə neytrallaşdırıldı.Amma artıq dünənki taktika bu gün üçün keçərli deyil.

Namazda olduğum vaxtlar, orucluqda, bir neçə fərqli məscidlərdə oldum, söhbət ancaq başqa məzhəb daşıyıcılarına nifrət yaratmaq, onları səhv çıxarmaq uğrunda idi. Söhbətləri "Allah yaddan çıxmış” kimi edirdilər. Allahlı və ya allahsız olmaq insanlara münasibətdə müəyyən edilir.

Azərbaycan, bəlkə də, yeganə ölkədir ki, ənənəvi məzhəb daşıyıcıları hər zaman Azərbaycanın milli və dövləti maraqlarını üstün tutublar və müxtəlif məzhəb daşıyıcıları arasında azərbaycançılıq öndə olub. Sünnilik məzhəbinin daşıyıcıları şiəlik məzhəbinin daşıyıcılarına görə Məhərrəm ayında xeyir işlər etməyiblər.Ölkəmizə sonradan başqa dövlətlər tərəfindən ixrac olunmuş yeni və ənənəvi məzhəblərin siyasiləşmiş qolları Azərbaycanın dövlət maraqlarına zərbə vurmaqla məşğul olublar və başqa dövlətlərin maraqlarını güdüblər.

Ölkəmizdə başqa din daşıyıcılarına təhlükə olmadığı halda, eyni din daşıyıcılarının başqa-başqa qollarının bir-birinə düşmən kəsilməsini arzulamaq artıq başqa oyundur, belə halda nə hakim, nə də top bizim deyil, futbolçular və meydan bizimdir, oyunu başqaları çıxarır, oyuna düşməməliyik.

Azərbaycanda dinlər və ənənəvi məzhəblərarası dava yoxdur və olmayıb, xaricdən ixrac olunan və siyasi mahiyyət daşıyan məzhəblər bunu etməyə çalışırlar, amma bir şeyin ki ocağı yoxdur, o, tez sönəcək və biz də alovlanmasına imkan verməməliyik.

Məzhəblərarası fərqlər neçə əsrlərdir var və bu fərqləri neçə illərdir aradan götürmək istəyənlər də var.İnancları dəyişmək olmaz, sadəcə bütün inanclardan insanlıq üçün faydalanmaq lazımdır, hansı yol (məzhəb) insanlığa daha çox xeyir verirsə, sonda qalib o olacaq, amma insanlar din mövzusunda qalib olmurlar, buna görə də, dini insanlararası mübarizəyə çevirmək, doğrunu Allah qatında yox, insanların üzərində qalib gəlməklə, onlarla mübarizə aparmaqla etmək – allahsızlıqdır. Müasir dövrdə belə düşüncələr terrora mənbədir.Allah insanları bir-birlərinə münasibətdə dəyərləndirir, insanlara qarşı yaxşı olana dəyər verir, öz qatında ona yer edir.

Bizim ölkədə din problem yaratmır, dini dərk etməkdə təhsilsizlik, bilgisizlik problem yaradır, burada məzhəbləri hədəf almaq yox, təhsildəki problemləri hədəfə almaq lazımdır və ənənəvi məzhəb daşıyıcıları birləşib dəyişən, İslamı dəyişmək istəyən, "yenilikçi” adı ilə təhsilimizdə təriqət siyasəti həyata keçirən məlum təriqət daşıyıcılarına qarşı mübarizə aparmalıdır.

Azərbaycanda qatı şiə olan bir çox bölgələrimiz var –Naxçıvan, Bakı kəndləri, Cənub zonası.Gəlin, başqa bölgələrimizdəki şiələr ilə bir başqa bölgəmizdə yaşayan şiələrin dünyaya baxışlarını, dövlətə, millətə olan münasibətlərini, siyasi təfəkkürlərini müqayisə edək. Eyni məzhəbin daşıyıcıları dövlətçilik və milli maraqlar məsələsində fərqli düşünürlər. Səbəb – bir başqa bölgəmizdə yaşayan şiələrin biliyi dünyada və regionda baş verən hadisələri doğru təhlil etməyə imkan yaradır və ayıq siyasi təfəkkür imkan vermir ki, xarici dövlətlər məzhəb məsələsi ilə onların məxsus olduqları dövlətdə aranı qatsınlar.

Deməli, burada söhbət kimin hansı məzhəb daşıyıcısı olması məsələsi deyil, təhsilsizlik məsələsidir, siyasi düşüncənin aşağı olması məsələsidir.Təhsili olmayan insan dini doğru-düzgün mənimsəyə bilməz. Hədəf hansısa ənənəvi məzhəb yox, təhsil və təhsildə kök atmış məlum təriqətçilərin yaratdığı anti-Azərbaycan təhsil sistemi olmalıdır!

Başqa bir məzhəbin daşıyıcısı kimi tanınan şəxsin fərqli məzhəb daşıyıcılarına qarşı fikirləri və tənqidi cəmiyyətdə normal qarşılanmır və qarşılanmayacaq da, çünki belə tənqidlər əks tərəfi öz mövqeyində daha israrlı edir, çünki tənqidi neytral adam deyil, öncədən mövqeyi (məzhəbi) olan adam edir.

Fərqli məzhəb daşıyıcısı olmağın şərti başqa bir məzhəb daşıyıcısına nifrət etməməkdir, onu "yolundan azan” saymamaqdır. Əksinə, fərqli din və məzhəb daşıyıcısına sevgi ilə yanaşılmalıdır. Fərqli məzhəb və təriqət daşıyıcısı olmaq fərdə rahatlıq gətirirsə, fərd o yolu seçməlidir. Hesab edirəm ki, məzhəblərin varlığı yox, məzhəblərarası mübarizə İslamı gözdən salmağa yönəlib.

Qəhrəmanların hamısı qəhrəmandır, amma onları da bir-birindən fərqləndirən cəhətlər var. Peyğəmbərlərin də fərqli tərəfləri var. İslam tarixində çox böyük şəxsiyyətlər olub, Peyğəmbərdən sonra kimin ilk xəlifə olması müsəlmanlar arasında fikir ayrılığı yaradıb. Guya, Peyğəmbər özündən sonra sələfini müəyyən etməyib. İnanılası deyil. Peyğəmbər (s.ə.s) sağlığında İslam dünyası üçün böyük şəxsiyyətlər yetişdirdi. Amma belə insanlar arasındaHəzrəti Əlinin yeri başqadır: həm özünün yaşantıları, həm də övladlarının tutduğu yol onu daha çox önə çıxarıb.

Tarixdə bu günə qədər baş verməyən və təkrarlanmayan hadisədirKərbəla!

Bu hadisə heç vaxt unudulmayacaq, heç vaxt kimsə tərəfindən bu hadisəni törədənlərə haqq qazandırıla bilməyəcək. Həzrəti Hüseyn dirənişi İslamın yenidən qurtuluşunu təmin etdi və yayılmasına səbəb oldu.Həzrəti Hüseyn müqaviməti bir daha göstərdi ki, İslamı məğlub etmək mümkün olmayacaq. Dünya gücləri nə qədər istəsələr də, tarixdə baş vermiş Kərbəla hadisəsindən və Həzrəti Hüseyn qəhrəmanlığından güc alan İslamı məğlub edə bilməyəcək.

Şiəlik bütün anlarda tərəfini tutduğun, tərəfdarı olduğun Allahın və Allah adamının yanında olmaqdır. Şəraitə uyğun olaraq gizlənmək, fürsət gözləmək, cildini dəyişmək yox, meydana çıxıb, liderinin tutduğu Allah yolunda canını fəda etməkdir.

Həzrəti Hüseyn Allah yolunda ilk özünü və ailəsini qurban verdi, kimsəyə qaçmağa, özünə haqq qazandırmağa yol qoymadı. Yoldan çıxanlara deyəcək söz qalmadı, tarix onları həmişə lənətlədi.

İslamın yenidən doğuluşu, Allahın yaratdığı son yolun qarşısını kimsənin kəsə bilməyəcəyinin məzmunu Kərbəlada möhürləndi.

Bu qanlı möhür günü-gündən daha da dərinləşdi, daha dərin məzmununu və mahiyyətini baş verən və verəcək hadisələrin fonunda qazandı və qazanır.

Ha istəyirəm yazmayam, amma olmur, xristian Rusiya ilə mübarizə aparan böyük dövlətlərin çoxu xristian dövlətləridir. Rusiya tarixən özünü məzhəb ayrılığı ilə qorudu, daxili gücü birləşdirə bildi, məzhəb ayrılığı həm də dövlət maraqlarını qorumaqdır, deməli, dövlətçilik məsələsi olan halda eyni din daşıyıcısı olmaq rol oynamır, daha çox dövlət maraqları rol oynayır.Dövlət maraqları isə məzhəbin varlığını labüd edir, qoruyucusuna çevrilir.Belə olan halda isə son zamanlarŞAH İSMAYILhaqda çoxlu fikirlər yazılır, hərə ağzına "qoyulanı” danışır.

Birinci – "tarix kontekst” anlamıdır, müasir tələblər, maraqlar tarixə baxışı dəyişir. Bu barədə uzun-uzadı yazmayacağam, amma bir məsələni nəzərinizə çatdırıram: bu gün Rusiyada ən çox təbliğ olunan, haqqında kitab, məqalə yazılan adam keçmiş SSRİ dövlət başçılarından biri olmuşStalindir.Stalini Rusiyanın hazırki dövlət başçısı Putin təbliğ edir.Bunu Putin niyə edir?!Çünki heç bir dövlət başçısının zamanında rus torpaqlarının coğrafiyası Stalin başçı olduğu dövrdəki qədər böyük olmayıb.Stalin təbliğ olunmaqla Rusiya gənclərinə keçmiş SSRİ-nin ərazisi təbliğ olunur.

Şah haqqında danışılan doğru-səhv olanları kənara qoyuram, heç bunların təftişinə ehtiyac da duymuram.

Şah İsmayıl bu gün Azərbaycanlıların "əlində” olmayan keçmiş torpaqlarının coğrafiyasının GÖSTƏRİCİSİDİR!

Şah İsmayıl keçmiş torpaqlarımızın xəritəsidir!

Şah İsmayıl bütöv, böyük Azərbaycanın sərhədləridir!

Şah İsmayıla ayna tutanda aynada böyük, bütöv, vahid Azərbaycan görünür! Bu ayna həmişə gözümüzün önündə olmalıdır!

Özünün heç bir məzhəbin daşıyıcısı olmadığını deyənlər, hansı oyuna düşürlər?! Məzhəbsizlik yaratmaq istəyənlər kimlərdir?!

Məzhəblər Peyğəmbərin dünyasını dəyişməsindən sonra yaranıb və əsasları var. İslamın coğrafiyası genişləndikcə fərqliliklər özünü göstərdi, coğrafiyadan doğan yerli fərqlər məzhəblərin yaranmasını labüd etdi.

Məzhəbsiz "məzhəb” yaratmaq istəyənlər özlərini haqlı çıxarmaq üçün deyirlər ki, "Peyğəmbərin məzhəbi olmayıb”.Yanlış əsasdır, Peyğəmbərin məzhəbi Qurandır, Quran isə Allahın sözləridir, Allahın göstərdiyi yoldur, Peyğəmbərdən başqa Quranı düzgün başa düşən, şərh edən kimsə yoxdur.

Məzhəblər yol yox, yolun (Quranın) yolunu göstərəndir.

Məzhəblər Peyğəmbərdən sonra Quranın anlaşılmasını və doğru-düzgün başa düşülməsini və tətbiqini əsaslandırmaq üçün zəruri olub.Çünki Peyğəmbər sağlığında baş verən yeni hadisələrin timsalında qarşıya çıxan sualların və yaranan problemlərin həlli üçün nəyin doğru olub-olmadığını müəyyən edirdi.

Din alimlərindən bəziləri deyir ki,"Peyğəmbərin həyatı İslamda Qurandan öncə gəlir, biz Peyğəmbərin həyatını və yaşamını bilmədən Quranı anlaya bilmərik. Çünki Quran kitabdır, bizə xitab edir, Peyğəmbər isə Quranda yazılanları həyatda tətbiq edib”.

Quranı şərh edən və yaxud hədisləri toplayan, yazan elə bir din alimi yoxdur ki, məzhəbi olmasın. Hamısında da öncədən mövqe olub. Məzhəbsiz mümkün deyil. Bu prosesi geriyə döndərmək mümkün deyil, İslam əsrlərdir məzhəblər ilə özünü qoruya bilib.

Müsəlman ümumi addır – mövcud məzhəb daşıyıcılarını ifadə edən."Mənim məzhəbim yoxdur”, "Müsəlmanam” deyənlər, məzhəbsiz (yeni) "məzhəb” yaratmaq istəyənlərdir.Məqsədləri – sayı milyonları keçən müxtəlif məzhəb daşıyıcısı olan müsəlmanlara qarşı çıxmaqdır, İslamı məhv etməyə yönəlmiş addımdır. Dünyada günü-gündən artan müsəlman çoxluğunun qarşısını almaq, yeni müsəlman( məzhəbsiz) azlığı yaratmaq istəyidir.

"Məzhəb tanımıram”- demək artıq hər kəsin kəllə sayı qədər məzhəbini ortaya çıxarar. Heç kim öz ağlına və başına görə Quranı anlaya bilməz və hökm verə bilməz. Buna görə də, hər kəs məcburi bir məzhəb daşıyıcısı olmalı, özünə yol seçməlidir.

Ənənəvi məzhəblər niyə olmalıdır?

Məzhəblər olmasaydı, dəyişiklik Quranda olacaqdı.Məzhəblərin varlığı və aralarındakı fərqlər bu günə qədər İslamın yayılmasının və Quranın dəyişilməz qalmasının səbəbidir.

Hansısa məzhəb daşıyıcısı olmaq normaldır, amma məzhəbçilik etmək normal deyil.Məzhəbləri din səviyyəsinə qaldırmaq, Qurandan üstün tutmaq, əsas kimi məzhəbi bilmək yanlışdır, qorxuludur.Ənənəvi məzhəblər əsası (Quranı) fərqli coğrafiya şərtlərinə uyğun əsaslandıran əsasdır.

Dində şəxsi münasibət ola bilməz, əsaslanmaq və istinad lazımdır, bu da məzhəbləri vacib edir. Qurana birbaşa yol yoxdur, bu, mümkün deyil.Qurana açar Peyğəmbərin (s.ə.s.) həyatı, ənənəvi məzhəblər və Kərbəla məktəbidir.Məzhəblərin yoxluğu hər kəsin öz başına görə Quranı anlamasına və yozmasına gətirib çıxarar.

Dində fərdin şəxsi hökmləri qəbul olunmur, dində daha çox buyurulmuş vacib əməllər vardır ki, yerinə yetirilməlidir, yəni vacib olan sütunlar var və ənənəvi məzhəblərdəki fərqlər vacib olanları qoruyur.

Bu məqaləni yazarkən araşdırdığım və oxuduğum din alimlərinin ənənəvi məzhəblərin varlığı və vacib olması haqqında fikirlərini, əsaslarını sizinlə bölüşürəm:

"- ənənəvi məzhəblər – sabitlərin dəyişkənlər tərəfindən yox olmasını önləyir;

-ənənəvi məzhəblər – dəyişkənlərin sabitlərin önünə keçməsinə sədd çəkir;

– (Həzrəti Mövlananın pərgar metaforu əsas götürülür.)

Ənənəvi məzhəblərin varlığı – sürəkli dəyişən şərtlərdə sabitlərin dəyişkənləri və dəyişən vəziyyətləri şərh etmək imkanlarını artırır, burada sabit əsasdır, pərgarın sabit ayağı sabitdir, pərgar sabit ayağını ana qaynağa basar, hərəkətli ayağı dünyaya açılar.”


TƏQVİM / ARXİV