Reklamın reklam olduğu vaxtlar - Eminquey yazır

EMİNQUEY AKİF
992 | 2023-12-05 15:14

Reklamın reklam olduğunu bilmədiyimiz vaxtlar nə şirin idi. Baxırdın, inanırdın ki, həqiqətən kafelin içindən adam çıxıb "Mister Muskul həll edər" deyə bilər.

Baxırdın, inanırdın ki, həqiqətən də unitazın içində yaşayan qəribə varlıqlar var və onu ancaq bu təmizləyici tozla öldürmək olar.

Baxırdın, inanırdın ki, tualet kağızı çevrilib fil ola bilər və suyu xortumu ilə çəkə bilər.

Baxırdın, inanırdın ki, həqiqətən də bir zavodda 1200 toyuğu aparatlar kəsəndə halal olur. Hətta elə bilirdin ki, orada bir işçi var, hər toyuğun başı kəsiləndə "Allahu Əkbər" deyir halallıq üçün.

Baxırdın, inanırdın ki, hansısa soku içəndə qəfil başqa dünyaya düşürsən. Qolundakı zəncirləri qırıb azad da ola bilirsən.

Baxırdın, inanırdın ki, bir şokoladla bütün aclığın gedə bilər.

Baxırdın, inanırdın ki, həyat xoşbəxtliyi reklamlarıdakı məhsullarla təmin etmək olar.

Böyüyəndə nəinki inanırsan, heç baxmırsan da.

İndi bilirsən ki, bütün reklamlar saxtadır, bütün reklamlar tələdir, hətta reklamlara inana-inana böyüyən birinin özü içmədiyi enerji içkisinin reklamında çəkilməyi kimi...

TƏQVİM / ARXİV