adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

«Ruhumuzun yaz havası» - Əbülfət  Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
528 | 2023-02-03 10:42

Bu gün ədəbi sözün meydanı və imkanları da kifayət qədər böyükdür. Ona görə də məmləkətin istənilən guşəsində yaranan, kağıza köçürülən hər bir yeni söz qısa bir zaman kəsiyində öz oxucusuna, öz izləyicisinə gəlib çatır. Bu mənada Azərbaycanın bölgələrində fəaliyyət göstərən ədəbi birlikləri, o cümlədən də AYB-nin bölmələrinin fəaliyyəti təqdirəlayiqdir. Çünki onlar yeni istedadların üzə çıxmasında, oxucusuna qovuşmasında birmənalı şəkildə müəyyən missiyanı reallaşdıra bilirlər.

AYB-nin Mingəçevir bölməsi bu sahədə daha fəal və necə deyərlər, daha çox ictimaiyyətin diqqət mərkəzində olub bir Söz Ocağıdır. Bu bölməyə tanınmış şair, dəyərli ziyalımız İsmayıl İmanzadə rəhbərlik edir. Məhz onun bölməyə rəhbərlik etdiyi son illər ərzində bölmə üzvlərinin imzası daha çox tanınmış, daha çox oxucu diqqətini özünə çəkmişdi. İstər bölmənin davamlı olaraq tədbirlər keçirilməsi, müzakirələr aparması, istər onun nəşr etdiyi almanax və dərginin davamlı olaraq yayılması, bu işdə müsbət rol oynayıbdır. Yəni yaradıcı qüvvələr çap məhsullarını gördükcə, izlədikcə, daha böyük həvəslə, istəklə bu ünvana üz tutublar.

Ötən ilin sonlarında AYB-nin Mingəçevir bölməsi özünün sayca 4-cü almanaxını oxuculara təqdim edib. Bundan öncə  «Aranın söz sovqatı» (2014), «Uzaqdan gələn səs» (2016) və «Bir ocağın şöləsiyik» (2018)-ci illərdə işıq üzü görübdür.

Bu almanaxlarda Mingəçevirdə və ona yaxın ərazilərimizdə yaşayıb, yazıb-yaradan söz adamlarının şeir və hekayələri, publisist düşüncələri işıq üzü görübdür.  Sayca 4-cü olan «Ruhumuzun ya havası» almanaxı həmin ənənəyə sadiq qalaraq yenə oxucularla bir-birindən fərqli imzaların söz çələngini təqdim edibdir. Şair AYB-nin Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadənin giriş sözü ilə açılan bu almanaxda birlik üzvlərinin şeir və hekayələri yer alıb. Təqdim olunan imzaların bir çoxu artıq respublika oxucularına da tanışdı. Çünki onlar dövri mətbuatda da öz sözlərini deməyi bacarırlar.

Düşünürəm ki, şair dostum İsmayıl İmanzadənin rəhbəri olduğu Mingəçevir bölməsinin təmsilçiləri bundan sonra da öz uğurları ilə oxucuları sevindirəcəklər.

TƏQVİM / ARXİV