Sabir Rüstəmxanlıdan ETİRAF  - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
283 | 2022-09-20 10:02

Bir sevginin işığı

Bu gün Azərbaycan ədəbi ictimaiyyəti  və bütövlükdə türk dünyası Sabir Rüstəmxanlı imzasını kifayət qədər tanıyır. O, həm bir şair, həm də ictimai xadim kimi öz həyat kredosunda milli təfəkkürü, vətən sevgisini və bütövlükdə azərbaycançılığı həmişə önə çıxarıb. Elə buna görə də istər gənclik illərinin, istərsə də bugünkü yaradıcılığının şah damarı olan Azərbaycan həmişə şairə bir sayqı, sevgi gətirib. Onun hələ gənclik illərində yazdığı «Gəncə qapısı» şeiri zamanında böyük əks-səda doğurmuşdu və mən həmin illərin şahidlərindən biri  kimi bu gün də Sabir Rüstəmxanlının həmin şeirinə olan marağı yaxşı xatırlayıram.

Təbii ki, «Bir şairin bir şeiri» layihəsində məqsədim heç də həmsöhbət olduğum söz adamının bütün yaradıcılığını araşdırmaq deyil. Ona görə də əvvəlki, yəni qəbul etdiyim mövqedə qalmaqla bu gün Sabir Rüstəmxanlının gənclik illərinin bir şeirinin işığında oxucularla fikir mübadiləsi aparıram. Şeirin məğzi, mahiyyəti hər birimizin, bütün yaradıcı insanların zaman-zaman üz tutduğu sevgidir. Bu sevgini hərə bir cür yaşayır və yaxud da sevgi hərəni bir cür yaşadır. Sizi deyə bilmərəm, mən bir Allah bəndəsi olaraq sevginin məni yaşatdığına əminəm. Bu mənim birbaşa əlim ürəyimin üstündə etdiyim etirafdır. Amma görünür təkcə mən yox, elə çoxlarımız, o cümlədən də xalq şairi Sabir Rüstəmxanlı da zamanında etirafını gecikdirməyib. Bunun birbaşa sübutu sizinlə bölüşdüyüm   şeirin  canında, qanında öz əksini tapıbdır. Şair həmin şeirdə yazır:

 

Saçına düzülən ağ izlər kimi,

Yoluna sərilən gen düzlər kimi,

Ay kimi, gün kimi, gündüzlər kimi,

Mən səninləyəm...

 

Əgər bu şeiri imzasız, necə deyərlər, heç üzünü görmədiyim bir adamın dilindən dinləyib və yaxud hansısa bir vərəqdən oxusan, səs sahibinin, yazı müəllifinin etirafı ilə qarşı-qarşıya dayanmış olarsan. Azacıq duyğularına sərbəstlik versən onu da görərsən ki, sözün, şeirin sahibi çox rahat, necə deyərlər ürək açıqlığı ilə hamıya səslənir ki, eşidin, bilin, mən onunlayam. Bax, budur etiraf və o etirafın qarşısında kimin ürəyindən nələr gəlib keçəcəyini təxmin etsəm də, amma mən öz ürəyimdən keçəni bax bu cür demişəm: 

 

hərdən dan ulduzu, yaz günəşi tək

ruhumu oxşayır ilıq təbəssüm...

gözüm gözlərində uyuyan çiçək,

şehinə batmağa yaman tələsdim.

 

Təbii ki, mənim etirafım bir az yumşaq desək, pıçıltılıdı,  həzindi, yəni onun damarında fikri işarə ilə, bənzətmə ilə çatdırmaq istəyi dayanıb. Xalq şairindən fərqli olaraq mən etirafımı qarşı tərəfə loru dildə desəm «him-cim»lə çatdırmağa çalışıram. Buna nə qədər nail olub-olmamağım artıq başqa bir mövzudur. Amma bütün hallarda mən bu etirafın qarşısında dayanmaqda qərarlıyam və ondan geri çəkilmək niyyətim yoxdu. Elə xalq şairi Sabir Rüstəmxanlı da hər kəs üçün səsləndiyi etirafından da geri çəkilmir. O da sevgisini saçlardakı ağ dənlə, düzənlərlə, yollarla etirafa başlayıb ardını bu məcrada davam etdirir və yazıb ki:

 

Göylər ulduzladı, zirvə qarladı,

Ana qayğıyladı, ağac barladı.

Ürək nəğməylədi, dağ vüqarladı,

Mən səninləyəm...

 

Zənnimcə bu məqamda susmaq və yenə susub, sonra ürəyinlə etdiyin söhbətin səsini sakin bir şəkildə dinləmək lazımdı. Onda xalq şairi müqayisəli, həm də hər kəs üçün bəlli olan, lakin qatlarını həm də sevənlərin gördüyü bu bənzətmələrin sonda sevilənə, şairin qarşısında etiraf etdiyi şəxsə nə qədər yaraşdığını, hətta onu tamamladığını anlamaq mümkündür. Bu fikirlər ola bilsin ki, bir az qarmaqarışıq alındı, amma bütövlükdə «Mən səninləyəm!» etirafı burda özünü kifayət qədər ifadə edibdi. Ona görə də mən bu məqamda necə deyərlər, dinc dayana bilmirəm. Və mən də pıçıldayıram:

 

unudub özümü, adımı hətta,

yer-göy arasında dolaşıb qaldım.

hər addım başında təzə bir xəta –

mən halal haqqımı dalaşıb atdım.

 

Yəqin ki, bu pıçıltımın mənim üçün həm də keçdiyim mübarizə yolunun (söhbət sevgim uğrunda apardığım mübarizədən gedir- Ə.M.) nə qədər çətin və bir az da ağrılı, acılı olmasından bir görüntüdür. Onu görməklə siz mənim də etirafımın şahidinə çevrilirsiniz və beləcə halal haqqım olan sevgimin mənə yaşatdığının sizlərə edəcəyi təsiri də artıq nəzərə almaq imkanımız olacaqdır.  Bütün bunlar da özü-özlüyündə yox, həm də yaşanan hislərin, saf duyğuların bir çələngi kimi görünəcəkdir. Həmin məqamda xalq şairinin şeirinin son bəndi yaşananlara  möhür vuracaq. Çünki bu bənddə xalq şairi Sabir Rüstəmxanlı etirafı öz kulminasiya nöqtəsində qərar tutacaq:

 

Sənsiz hər nəfəsim dərdə boyansın,

Qəmdən qisasım var –

hələ dayansın!

Yollar ha uzansın, həsrət ha yansın...

Mən səninləyəm...

 

Həqiqətən bu sonluq böyük sevgimin sözlə çəkilmiş portretidir. Dağlarda əks-səda verən səsidi. Və bir də bütün sevənlərin bir sıraya düzülməsinə çağırışdı. Bilmirəm, mənim çıxartdığım bu yekun qərar, bilgisayara diktə etdiyim bu fikirlər sizlər üçün qəbulediləndi yoxsa yox, amma mən öz fikrimdə israr edirəm. Özü də birmənalı şəkildə. O israr isə şair etirafının özündən qaynaqlanır. Deməli, mayası, havası, suyu, bütövlüyü sevgi olan etiraf öz işığını hər tərəfə yaya bilir. O işığı görmək isə hər adama nəsib olmur. Mən də həmin işığın açdığı yolla sevgi yolçuluğuna çıxanda bu etirafın əlindən tutacağına şübhə etmədim. Necə deyərlər:

 

bildim ki, inamım qalib gələcək

Tanrı kölgəsində açdım könlümü.

ürəyim yanında hər an görəcək –

varlığım sevinci olan gülümü.

 

Bəli, indi siz də əmin oldunuz ki, Sabir Rüstəmxanlı etiraf edib. Özü də MƏN SƏNİNLƏYƏM! - deyəndə.  Mən də o etirafın şahidi kimi sənə öz etirafımı etmişəm və demişəm ki, «ürəyim yanında hər an görəcək – varlığım sevinci olan gülümü». İndi bu etiraflardan sonra sevgiyə yaşanan və bir də bu sevginin bizə yaşatdıqlarına münasibət bildirmək, dəyər vermək hər kəsin ixtiyarındadı. Mən xalq şairinin etirafını alqışlarla qarşıladım. Çünki o etirafın bütün çalarlarını  yaşamışam və yaşayıram.

 

TƏQVİM / ARXİV