Sevdiyi Allah  olan... - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
168 | 2025-03-18 14:54

Mənə elə gəlir ki,(  daha doğrusu, bu fikrimdə bir əminlik də var – Ə.M)   hər bir yazı, indiki anda hər bir şeir insan kimidi. Yəni dünyaya fərqli ölçüdə, biçimdə, fərqli görünüşdə və ən vacibi fərqli özünütəqdimatda gəlir. Bir az da fikrimi sadələşdirsəm «Ol»la yaranan insan kimi şeir də «ol»la doğulur. Sadəcə, əvvəl ürəkdə, hislərdə, duyğularda süslənir, sonra dilə yol tapır, ordan da qələmin ucuna. İllərdir ki, sözün çəmənində, düzündə, səhrasında, dağında, dərəsində gün keçirirəm. Bəzən vaxt öldürürəm, bəzən eləcə özüm o vaxtın içində ölürəm. Amma  qarşılığında bir gerçəyi öyrənirəm, bir reallığın şahidi oluram. O da sözün necə yaranmasıdı. Səslə, zümzümə ilə, daxili püçültı ilə …  və axırda da qələmin ucunda tumurcuq kimi, çiçək kimi…

Bax, bu baxış bucağı altında yaşından, dünyagörüşündən, söz yazmaq, yaratmaq təcrübəsindən, qabiliyyətindən və ən vacibi kimliyindən asılı olmayaraq mən hər kitaba, hər misraya könül açıram, onunla gah tərəfmüqabili oluram, gah həmsöhbət oluram, gah çiyindaş, gah sirdaş, gah da elə o sözü, o şeiri yazanın özü. Bu məndən asılı deyil. Bir Allah bəndəsi olaraq mən də belə «xəstəyəm». Hətta məni sevməyən, görmək istəməyən, lap kölgəmi də qılınclayan birisinin içimi tərpədən sözünü görəndə, oxuyanda, ürəyim çiçək açır. Heç nə düşünmədən onu oxumaq, onu paylaşmaq və təqdir etmək üçün bacardığımı edirəm. Bu mənim sözə    fanatlığımdı, sözə vurğunluğumdu. Şəxslər isə  özləri bilərlər…

Bir neçə gündür ki, sosial şəbəkədə onun paylaşdığı şeirləri diqqətlə oxuyuram və düzünü deyim ki, o şeirlər məni düşündürür. Elə bil ki, bir tala yerdə saysız-hesabsız çiçək var. Amma onların içində biri daha çox diqqət çəkir. Qönçəsindəki  şehlə, ləçəyindəki parıltı ilə, ya da boynunu bükməyi ilə. Bu, obrazlı deyimin arxasında mən onun , diqqətimi çəkən şeirlərini görürəm. Bəzən bir misra, bəzən bir bənd, bəzən bütöv bir şeir otuzdurur məni qarşısında və danışır, göstərir. Mən də baxıram, dinləyirəm, görürəm və o hisləri özümə köçürürəm. Elə o təsirin içərisində də başlayıram onu kitab kimi oxumağa. Oxuduqca kəsişən yolların, paralel cığırların, bir də üfüqə əyilən şüaların yaratdığı assosiasiyanı izləmiş oluram. Bu izləmə açılmış əlimin beş barmağına gedən damarlar kimidir. Mən baxdıqca həm ovcumun içində, həm də əlimin üst tərəfindən o damarlardakı təkcə qanı yox, həm də yaşam izlərini tapmağa çalışıram. Bu baxıcılıq deyil. Mən kiminsə əllərinin və yaxud da özümün əlimin içini oxumuram. Sadəcə, oradan aldığım müsbət impulslar mənə pıçıldayır ki, bir anlıq diqqət yetir. Nəfəs dərmədən sus və oxu:

 

Yolçu deyil hər gedən,

Xeyir-dua diləmə.

Ömür töküldü dən-dən,

Nə gətirim dilə mən?

 

Ayrılığın köçündə,

Gözlərimə toz düşüb.

Bu qədər rəng içində,

Şəkillərim boz düşüb.

 

Yaş əllini adladı, -

Nə kəpənək, nə arı…

Gör nə vaxtsız partladı,

Vaxtın payız damarı.

 

Ömür tikanlıqda gül,

Lap ayaqüstü keçdi.

Ortada bir ovuc kül –

Od keçdi, tüstü keçdi.

 

Sökülür yavaş-yavaş,

Ruhumun tikiş yeri.

Kimsə bir ürəyi daş,

Saatı çəkir geri.

 

Axıra kimi dinləyirəm. Sözlər o qədər həlim, o qədər damara işləyəndi ki, onu eşitməmək, onu özününküləşdirməmək mümkünsüzdür. Sanki o sözləri kimsə sənin daxilində, ürəyinin, ruhunun özünə sahiblik edərək, ordan sənə çatdırır. Axı insan kimin kim olduğunu bilmək üçün nələrdən keçməlidi…   Ömrü sünbül-sünbül yox, dən-dən nə qədər xərcləməlidi… Və bir də gözlədiyin, qovuşmağa can atdığın yerə qədər olan məsafə, zaman kəsiyi nə qədər hüdudsuz olacaqdır  ... Kimdir saatı geri çəkən, kimdi vaxtın payızını irəli atan?  Cəmi iki sual dilə gətirdim. Amma o iki sualın iki mindən artıq şaxəsi  var. Deməli, o qədər də cavabı və o cavabdan doğan da sualları var. Bunun hamısında cavabdeh olan bəndə məlumdu. O da ürəyi daş olandı, hisslərə, duyğulara laqeydlik, sayqısızlıq göstərəndi. İndiki halda səni sevməyən, sevgini ayağa atandı. O sevgini ki, sən onu heç kimin qarşısında süfrə kimi sərmirsən. Onu çiçək kimi hər adama bağışlamırsan. Onu hər adamın boynundan boyunbağı kimi asmırsan. O sevgi sənə və bir də sevdiyinə aiddi. İnanmırsan? Onda dinlə, gör ürək nə deyir:

 

Dəyər verdim, dəyərimi bilmədin,

Mən güləndə, sən gətirdin zar mənə.

Yol göstərdim, bir yol yola gəlmədin,

Gəlir daha söz deməyim ar mənə.

 

Ağlayanda, güldün, dedin, - çeşmədi,

Hansı sözün ürəyimi deşmədi?

İllər keçdi bircə dəfə düşmədi,

Sevgimizin ağacından bar mənə.

 

Hər söz üstə vuruşmağın nə xeyri,

Bilmədinsə soruşmağın nə xeyri.

Qaynamasan qarışmağın nə xeyri,

Qalacaqsa utanc mənə, xar mənə.

 

Düşünəydin tək bircə yol, kaş, anıb,

Eh…adamı hansı qəlbi daş, anıb?

Bura kimi nə yaşanıb yaşanıb,

Ta eləmə bu dünyanı dar mənə.

 

Adiləyəm, yaşadıqca doymaram,

Üstünə heç toz da qona, qoymaram.

Mən sevgimi kimə gəldi qıymaram,

İndən belə Allahımdı yar mənə.

 

Bu şeirin sonuna gəlib çatanda ilk ağlıma gələn Şeyx Füzulinin şah misralarından biri oldu. Mehrabı uca göylər olan  EŞQİ   mən başqa bir səmtdən baxıb  görünən özünü, kölgəsini gördüm, hiss etdim və bir daha əmin oldum ki, həqiqətən şeir də insan kimi bəxtli doğulur və Allah hamıya – yaratdığı bəndələrin hamısına sevgi hüceyrəsi, toxumu bağışlayır. Lakin hamıda o EŞQ səviyyəsinə qalxmır. Elə ki, EŞQ səviyyəsinə qalxdı, bax onda bilirsən ki, sevgin və sevdiyin kimdi, kimin yanındasan. Deməli, bu fikirə – yəni «İndən belə Allahımdı yar mənə» deyən şairin sözünə şübhə yeri qalmır, inamdan başqa! Bu, həm etirafdı, həm təsdiqdi, həm də bəyanatdı. Car  çəkirsən ki,    mən SEVİRƏM və sevdiyim də Allahdır!

Bu qərarı qəbul etdiyin ana gedən yolda isə sən sevgini söz-söz, necə deyərlər, qəlpə-qəlpə incəliyirsən. Ona  hər kəsə, çevrəndə olan insandan tutmuş, içində olan sevgi ünvanına qədər çatdırmağa, inandırmağa çalışırsan. Sözün zərifini seçirsən, kövrəyini seçirsən. Onu ürəyinə büküb, elə ürəyinlə birlikdə də sevdiyinin önünə çıxarırsan. Amma…Amma…

Ona görə «Amma»nı xüsusi vurğulayıram ki, sənin, mənim sevgim sevdiyimizin telinə də toxunmur, kipriyinin ucuna nəm də gətirmir. Çünki o, ürəyinə daş bağlayıb və bir də çünki o, sevgi hissindən çox-çox uzaqdı. Onun üçün sevgi həzzdi, bir az da kobud ifadə etsəm, intimdi. Biz isə sevgimizi ən uca göylərə qaldırmışıq. Orda Allahın yanında oturtmuşuq onu. Və birmənalı olaraq bilirik ki, kimik, hara gedirik, niyə və kimin üçün gedirik. Bunu şeir dilində eşitmək, oxumaq, məncə daha xoşdur:

 

Üzümdə təbəssüm, ürəyimdə qəm,

Eşqin dərgahına gedən yoldayam.

Odur son məqamda könlümə həmdəm…

Ruhdan aralanır bədən, yoldayam.

 

Gözüm gördüyünə gətirmir ki, tab,

Elədim ən gözəl sözlərə xitab.

Bir əlimdə mey var, birində kitab,

Qurtulur zülmətdən bu tən, yoldayam.

 

Hərə bir tor atar, bir qarmaq salar,

Kimi könül çalar, kimi can çalar.

Məndə bu gedişlə ayaqmı qalar,

Mən ömür boyunca nədən yoldayam?

 

Baxıb soruşdunmu bir, bu qız hanı,

Qapına gəlməyə məndə üz hanı.

İlahi, bu görüş yaman uzanır,

Bilinmir bir vaxtın-vədən, yoldayam.

 

Mən də dönəcəyəm ovuna, dünya,

Adilə çətin ki, ovuna, dünya.

Qurtarsın sənin də xofun, a dünya,

Kəsilsin sənin də hədən, yoldayam.

 

Bu bir həqiqətdir ki, bütün yollar «Ol»dan «Öl»ə gedir. Yəni başlanğıcdan sona  və bütün yol boyu yaşamaq da var, yaşatmaq da. Ölmək də var, öldürmək də. Bu apardığım  paralel artıq yəqin ki, sizə ipucu verdi. Siz də bildiniz ki, mən daşı hardan götürmüşəm və hara atmaq istəyirəm. Bilmədinizsə, yadınıza salım. Bütün yazı adamları öz sözünün yolunu tutub gedir. O yolda sözdən söz yaratmaq, sözü şaxələndirmək, çiçəkləndirmək də var, öldürmək də. Xoşbəxt o söz adamıdı ki, sözü yaradır və yaşadır. Deməli söz də onu yaradanı yaşadır. Hansı ovqatda yaranır yaransın, söz onu yaradanın içinin ifadəsidir, içinin mənzərəsidi. Deməli, harda və nə vaxt qarşına çıxsa, sən o söz sahibinin içini, ovqatını, dünyasını görəcəksən, onunla təmasda olacaqsan. Və , onu yaşadacaqsan. ..

Mən bir-birinin davamı kimi sizə təqdim etdiyim üç şeirin aurasında bir yazarın özəl dünyasının müsafiri oldum. Onun söz çəmənində çiçəklərin düzümünü də gördüm, ətrini də duydum və bildim ki, bu qələmin sahibi sözü süstləyir, sözə ömür bağışlayır. Özü də öz ömründən könüllü olaraq. Ona görə də dipdiri sözlər adama nəsihət kimi də, xitab kimi də, nəğmə kimi də, hekayə kimi də, nəhayət reallığın özü kimi də dərs keçir – həyat dərsi, öyrənmək dərsi, bilgilənmək dərsi. Və nəhayət…

Bəli, mən yazımın əvvəlində kiminsə saatı geri çəkdiyini, kiminsə məsafəni uzatmaq istədiyini, eləcə də hər kəsin sevgiyə bir cür yanaşdığını, amma mənim sevgimin Tanrı dərgahına yüksəldiyini və elə sevdiyimin də Allah olduğunu söyləməyim, diqqətə təqdim etməyim yazı xatirinə deyildi. Bu, müəllifin mənə yaşatdıqları və özümün də yaşadıqlarımın indiki anımla, ovqatımla bir masa arxasında oturmasının diktəsi idi. Baxmayaraq ki, hamımız bu dünyanın namərdliyini bilirik. Yəni dünya bizi sevməsə də, bizə problemlər yaşatsa da, biz öz yolumuzdayıq - sözümüzün yolunda. Sizə də, mənə də uğurlar olsun!..

P.S. Bu yazının dünyaya gəlişinə səbəbkar isə çox dəyərli ruh doğmam, istedadlı şair, yazıçı-publisist, alim Adilə Nəzər idi. Dəstəyinizə görə var olun, Adilə xanım. Novruz bayramınız mübarək!

 

TƏQVİM / ARXİV