adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

SİZ AĞDAMLILAR PAXILSINIZ DANA… - Aqil ABBAS yazır

AQİL ABBAS
610 | 2022-09-08 19:20

«Qarabağ»ın ən ağır günləri idi. Rayon işğal altında, stadion yox, maliyyə dəstəyi yox, maaş yox. Az-çox  Ağdamın o vaxtkı icra başçısı Həsən Sarıyev kömək edirdi, bir də bəzi ağdamlılar. Qeyri-ağdamlı dostlardan da hərdən maliyyə  dəstəyi görürdük. Komandanı dağılmaqdan futbolçuları Ağdam təəssübü qoruyurdu.  Bütün  çətinliklərə, məhrumiyyətlərə  baxmayaraq  futbolçular  komandanı tərk etmirdi.

Belə bir vaxtda komandanın  direktoru Adil Nadirov üzünü mənə tutub dedi:

- Məllim, Ağcabədinin icra başçısını tanıyırsan?

- Hə, nədi ki?

- Ondan bir xahiş edərsən?

- Dostumdu, özü də yaxşı kişidi, niyə eləmirəm?

Həmin vaxt Ağcabədi Rayon İcra Hakimiyyətinin  başçısı Şamil Həsənov idi. Həm qonşu kənddən idik (Bayatla Kəhrizlinin arası heç 2 kilometr olmaz), həm də  dostuyduq. Sözü bütöv adamıydı, Qarabağın saytal kişilərindən, xətirli-hörmətli kişilərindən idi. Uzun illər  kolxoz sədri, Aqropromun sədri və rayonun İspalkomu işləmişdi.

Cəbhəçilər rayon Partiya Komitəsinin 1-ci katibi Aydın Alıyevi  şəhərə buraxmayıb, Partiya Komitəsinin binasını zəbt edəndə onu da zorla mitinqə gətirmişdilər ki, işdən gedən katibin  əleyhinə danışsın.

Amma bu dizibərk kişi nəinki katibin əleyhinə danışmışdı, əksinə, katibi tərifləmişdi. Ona görə onu da işə buraxmamışdılar. Gün döndü, Ulu Öndər Heydər Əliyev hakimiyyətə  qayıtdıqdan sonra hələ kolxoz sədri işləyən  vaxtdan tanıdığı  Şamil Həsənovu rayona icra başçısı  təyin etmişdi.

Adil Nadirovdan  soruşdum ki,  nə məsələdi?

- Bizim Səttarın valideynləri, qardaşı Ağcabədidə yerləşiblər. Qardaşının Ağdamda apteki vardı, başçıdan xahiş edərsən onun  qardaşına Ağcabədidə bir aptek yeri versin, qardaşı da həm öz ailəsini  dolandırsın, həm də arada Səttara  əl tutsun.

Səttar «Qarabağ» komandasının  kapitanı idi. Nə isə, getdim Ağcabədiyə. Şamil müəllimlə  görüşdük, vəziyyəti izah elədim. O da müavini çağırdı, tapşırıq verdi ki, Səttarın qardaşına bir aptek yeri verin. Sonra da dedi:

- Bu gün Ağcabədidə kəndlərarası futbol yarışı keçirilir, bəlkə gedək stadiona futbola baxaq? Ondan sonra gedək çörək yeməyə.

Gəldik stadiona. Onu da deyim ki, 1987-ci ildə Aydın Alıyev tikdirmişdi bu stadionu  və mən də bir fəhlə kimi bu stadionun ot örtüyünün  salınmasında iştirak etmişdim. Onda elə Aydın Alıyev də, Şamil Həsənov da stadionun tikintisində fəhləlik edirdi. 

İki kənd arasında oyun başladı. Bir də gördüm ki, kəndlərin birinin komandasında Səttar da oynayır, özü də ayaqyalın. Ayağının ölçüsünə idman aqaqqabısı tapılmamışdı.

Səttar peşəkar futbolçu, bir sağdan, bir soldan, bir zərbə, qol. Yenə  bir sağdan, bir soldan, yenə zərbə, yenə qol. Səttar od-alov olub.

Şamil Həsənov da ayaqüstə alqışlayır və birdən  çöndü  mənə tərəf  əsəbi halda:

- Siz ağdamlılar paxılsınız dana, özünüzdən başqa  heç kəsi sevmirsiz. Görürsən Ağcabədidə nə futbolçu  var, özü də hələ  ayaqyalın oynayır. Aparın da «Qarabağ»a, niyə aparmırsınız?  Ağcabədilidi deyin gözünüz götürmür?

Məni bir dəli gülmək tutdu.

- Şamil müəllim, bayaq  qardaşına  aptek yeri istədiyim oğlandı o. «Qarabağ»ın kapitanıdı.

Şamil müəllimi də  gülmək tutdu:

- Ə, nə aptek yeri, bütün Ağcabədi ona qurbandı. Hələ tapşıracam  apteki  tikəndə də kömək eləsinlər.

Belə kişilər  olub və var. Şamil  müəllim indi təqaüddədi, hərdən  telefonla danışırıq, ya da yolum Ağcabədiyə düşəndə görüşüb bir ötən günləri yad edirik.

TƏQVİM / ARXİV