Xalq nəyə önəm verir?
Geyimə, şouya, pul-paraya…
Əşşi, indi deyəcəksiniz, ağızdan çıxan sözə, mən də deyəcəyəm ki, kimlər bu xalqın üzünə nələr deməyib, xalq da unudub güzəranına davam edib, bu məqam bir kərəm də burda yabalaşacağıq. Bu səbəb, demirəm.
Onu deyirəm ki, Tural və Turan cütlüyünün sadəcə olaraq bir fiqur olduğunu ağlınıza birdəfəlik həkk etsəniz şad-xürrəm ömür sürərsiniz. Bu uşaqların arxasında böyük bir komanda işləyir. O komanda yaxşı bilir ki, Avropa nə istəyir, siz nə istəyirsiniz. Baş sındırmağa da gərək yoxdur ha. Xalqın gündəminə düşmək istəyirsənsə oranı-buranı aç, əndrəbadi geyin, əcaib tərzin olsun, hazırsan. Çək-çevir edib uzağı iki-üç günə unudacaqlar.
Mən o uşaqları görən kimi dedim, bıy, Hacı Nuranı ikiyə bölüb yarışmaya göndəriblər ki?! Bu sözümü də qər(i)bçiliyə saldınız. Gah Hacı Nuranın xeyriyyəçiliyindən dəm vurdunuz, gah da bu uşaqların ana-ata itkisindəm qəm vurdunuz. Yenə də bir nəticəyə varmadınız.
İndi geyib gül tumanı, anam vay, nənəm vay, Səkinə dayıqızı nay nay. Nay-nay demişkən, çox qəribə xalqsınız.
Qadın paltarı geyinən Rəfaellə Coşquna bir ayrı qəzəb püskürürsünüz, güllü paltar geyinən bu iki gəncə bir ayrı qaxmar durursunuz. Sizdən nə qavrayaq?
Dərdiniz mənə gəlsin, nə istəyirsiniz? Niyə özünüzü Azərbaycan bayrağı kimi yox, ingilis bayrağı kimi aparırsınız? Barmağınızı qatlayın, uzağı bir-iki barmaq qatlayarsınız ki, Eurovisiondakı çıxışlarımız milliliklə iç-içə olub. Əksərən avropoid kimi çıxmışıq o səhnəyə. Niyə? Onu əmr verənlər bilər. Amma bir şeyi yaxşı bilirik, saqqallı qızdan tutmuş ukraynalıya qədər, bu yarışma artıq öz sənət tərəfini başqa şeylərə təhvil verib. Arenadı, hansı mesajı vermək istəyirsən, çıx, ver. Öz seçimindi.
Bu iki gəncin musiqi nömrəsinin, tərzinin isə Azərbaycan mədəniyyətinə, musiqisinə heç bir dəxli yoxdur. Görünür daha bir dəxlisizliklə yenə qər(i)bçiliyə meyillənmişik. Olsun. Bizim get-gəllərimiz çox olur, axırda bir yerdə qərar tutacağıq da.
Dodaq dərbətmək üçün
Qəzet satıcısı qışqırırdı:
- “İkinci nəşr... 100 min lirə... ikinci nəşr... 100 min lirə...”
Biri pulu verib qəzeti götürüb gedir. Bir azdan geri qayıdıb satıcıya deyir:
- Niyə yalan danışırsan? 100 min lirəyə satdığın qəzetin üzərində “qiyməti 50 min lirədir” yazılıb.
Qəzet satıcısı cavab verir:
- "Ay dayı! Qəzetin hər yazdığına inanacaq qədər sadəlövhsən?"
P. S Qəzetə inanın, amma şoumenlərin fəndlərinə qəti düşməyin. Sadəlövh olmayın.