(IX məqalə)
Bu mənim 38 il əvvəl gördüyüm Laçın deyildi. İsveçrənin dağ qəsəbələrindən heç də geri qalmayan, dağ memarlığı üslubunda yüksək səviyyədə tikilmiş bir Laçın gördük.
Yəqin ki, rəhmətlik Süleyman Rüstəm sağ qalsaydı və bu Laçını görsəydi yazardı:
Cənnət görmək istəyən Laçına gəlsin!
Beləcə, varid olduq Laçına. Girişdə gözümə ilk sataşan küçənin adı oldu: «Xosrov bəy Sultanov» küçəsi.
Bu şəhəri salanlara eşq olsun ki, Laçın Xosrov bəy Sultanovla başlayır.
Gün o gün olsun ki, Ağdam da Xudu Məmmədov küçəsi ilə başlasın.
Xosrov bəy Sultanovu yəqin ki, tanımayan yoxdur. 1918-ci ildə yaradılan Azərbaycan Demokratik Respublikasının önündə gedən generallardan idi. Qarabağa general-qubernator təyin olunmuşdu. Bəy xəbər tutur ki, ermənilər səhərə yaxın müsəlman məhəllələrinə hücum edib yandıracaqlar. Elə təşkil edir ki, ermənilər hücuma başlayarkən güclü bir müqavimətlə rastlaşırlar və ağır itkilər verib geri çəkilirlər.
Generalın qardaşı Sultan bəy Sultanov xalq arasında daha geniş şöhrət qazanır. Onun belə şöhrət qazanmasına səbəb Qarabağa hücum edən Andronikin qoşunlarını darmadağın etməsi, sonadək daşnaklarla ölüm-dirim savaşına girməsi və erməni qoşunlarını Qarabağa buraxmaması olub.
Bir sözlə, Sultan bəy Andronikin general paqonlarını qoparıb və onun dalına yapışdırıb. Paşanı gədə edib.
Ruslar 1920-ci ildə Azərbaycanı işğal edəndə Sultan bəy meşələrə çəkilib, sonra İrana adlayıb, ordan da Türkiyəyə gedib. Atatürk onu hörmətlə qarşılayıb, ona və qohum-əqrəbalarına Qars vilayətində bir kənd bağışlayıb.
Bir dəfə Ağcabədidəki Taxtakörpüdə yerləşən Laçın qəsəbəsində İctimai Televiziyanın Sultan bəylə bağlı hazırladığı bir verilişin təqdimatı idi. Onda Laçının icra başçısı Ramiz müəllim idi. Tədbirə məni də dəvət etmişdi və çıxış da elədim. Çıxışımın sonunda laçınlılara vəd verdim ki, düz bir həftədən sonra Sultan bəyin məzarı üstündən onlara zəng edəcəm. Gəldim evə, İradəyə dedim ki, hazırlaş, səhər çıxırıq Naxçıvana, ordan da Qarsa. Gedək Vurğun Əyyubla da görüşək.
Vurğun Əyyub Azərbaycana test üsulunu gətirən bir ziyalıydı, bu gün də hörmətlə anılır. Qarsdakı Qafqaz Universitetində müəllim işləyirdi. İran ərazisinə keçməklə getdik Naxçıvana.
Naxçıvanda «Təbriz» otelində otaq götürmək istəyəndə maraqlı bir hadisə oldu. Uzun bir yol gəlmişəm, yorğun-arğın, ayağımda şəpit, əynimdə bir köhnə köynək, bir yol şalvarı, bir lüks otaq istədim.
Resepşndə işləyən oğlan məni diqqətlə başdan-ayağa süzüb dedi:
- Qardaş, bu otel çox bahalıdı ey.
Güldüm, amma sonra mənim diplomat pasportumu görəndə üzr istədi.
İki-üç gün Naxçıvandakı abidələri ziyarət edəndən sonra üz tutduq üzü güləbədinə, yəni Qarsa. Vurğun Əyyubu tapdıq, bizi görəndə elə sevindi ki, sevincdən gözləri yaşardı. Və bizi həmin universitetdə dərs deyən digər azərbaycanlı professorlarla da tanış elədi.
Səhər həftə tamam olurdu. Vurğun Əyyuba dedim ki, Sultan bəyin məzarını ziyarət etmək istəyirəm, mənə tələbələrindən birini ver ki, bölgəni yaxşı tanısın.
Vurğun bəy ailəvi dost olduğu Aykut adlı bir tələbəni çağırdı və dedi ki, Aqil xocanın maşınını sür və onu apar Köçköy kəndinə, Sultan bəyin qəbrini ziyarət etsin.
Əslən Azərbaycan kökənli olan Aykut bəy yol boyu Bakıdan danışırdı, ən böyük arzusu idi Bakını görmək. Nə isə, gəldik çıxdıq kəndin başına. Kənd aşağıda yerləşirdi, gözümə ilk dəyən qəbiristanlıq oldu. Qəhərləndim və özümü çox pis hiss elədim. Aykut maşını saxladı, düşdük, su gətirdi ki, əl-üzümü yuyum. Niyə qəhərləndim, Sultan bəylə heç bir qohumluq əlaqələrim yox idi. Babam deyildi, əmim deyildi, dayım deyildi. Heç mən atamın qəbri üstə qəhərlənmirəm, birdən-birə mənə nə oldu, havam çatmadı.
Bu vaxt yoldan ötən jandarm maşını bizim avtomobili Azərbaycan nömrəli görüb saxladı və içindən iki nəfər ucaboylu jandarm düşdü. Bizə yaxınlaşdılar və mənim halımı görüb soruşdular:
- Arkadaş, sənə nə olub?
Dedim:
- Heç nə, maşın tutub, indi keçər.
Və onu da soruşdular ki, xeyirdimi? Qəbiristanlığı göstərib dedim ki:
- Heç, babamın qəbrini ziyarətə gəlmişəm.
- Baban kim?
- Sultan bəy Sultanov.
- Atatürkün arkadaşımı? Onun məzarı gördüyün qəbiristanlıqda deyil, bu köydə iki qəbiristanlıq var, o, yolun altındakı qəbiristanlıqda yatır. Gedək, bizim ofisdə bir qəhvə iç, özünə gəl, sonra yenərsən aşağı.
Dedim ki, yox, yaxşıyam, sağ olun. Vidalaşıb getdilər.
Yendik kəndə. Jandarmın dediyi qəbiristanlığı tapdım. İndi ha axtarıram Sultan bəyin məzarını tapa bilmirəm. Çox qəribə mənzərə idi, qəbiristanlıqdakı başdaşılarının əksəriyyətinin arxasına kiril əlifbası ilə «Laçın» yazılmışdı. Həmin məzarların hamısına baxdım, heç biri Sultan bəyin deyildi. Yoldan keçənlər iki naməlum adamın qəbiristanlığı ələk-vələk elədiyini görüb yaxınlaşdılar ki, nə axtarırsız?
- Sultan bəyin qəbrini.
Bir anda kəndə xəbər yayıldı ki, Bakıdan kimsə gəlib Sultan bəyin məzarını axtarır. Uşaqlı-böyüklü tökülüb gəldilər. Məlum oldu ki, gələnlərin çoxu Sultan bəyin qohum-əqrəbalarıdı.
Bizi gətirdilər bir torpaq məzarın üstünə. Kənarlarına daş düzmüşdülər ki, torpaq dağılmasın. Başdaşı yerində də bir kubik vardı.
Səməd Vurğun demiş:
Burda bir qəbir gördüm,
Nə başdaşı, nə adı var,
Nə doğması, nə yadı var,
Nə üstünə gəlib-gedən.
İndi Sultan bəyin də nə başdaşı vardı, nə də adı. Bəlkə üstünə gəlib-gedəni də yoxuydu. Nəsil getdikcə yadıcalaşır. İndi kənddəki qohum-əqrəbaları da Sultan bəyə yadıcalaşmışdılar.
Kənd camaatı əvvəl-əvvəl bizə tərəddüdlə baxırdılar. Soruşdular ki, Sultan bəyin nəyisən?
Dedim:
- Nəticəsi.
Belə bir kişinin nəticəsi olmaq, əlbəttə, xoşbəxtlik idi, təəssüf ki, mən o xoşbəxtlərdən deyildim.
Bundan sonra hamı məni bağrına basıb öpdü. Kövrələnlər də oldu.
Məzarın başından Laçının başçısı Ramiz müəllimə zəng etdim, özü də salamsız-kəlamsız, dedim:
- Ramiz müəllim, sənə Sultan bəyin qəbrinin üstündən zəng edirəm.
- Sən həzrət Abbas, düz deyirsən?
- Həzrət Abbasın qələm olmuş qolları haqqı, düz deyirəm.
- Onda yarım saat sonra zəng elə. Qoy o günki iclasdakıları yığım icra hakimiyyətinə.
Yarım saatdan sonra yenidən zəng elədim. Qoşdu mikrofona və camaata dedim ki, mən vədimi yerinə yetirdim.
Qəbiristanlığa toplaşanlar soruşdular ki, kimlə danışırsan?
- Laçınlılarla.
Sevincək telefonu əlimdən aldılar. Hamısı Laçında qalan qohum-əqrəbalarını soruşurdu. Bir sözlə, Köçköy kəndi ilə Taxtakörpüdəki laçınlılarla birbaşa əlaqə yaratmışdım. Gərək gözlə görəydiz insanların ağlamağını.
Nə qədər evlərinə dəvət etsələr də getmədim. Və vidalaşıb çıxdım.
İndi gələk Sultan bəyin qəbrinə ki, niyə o gündədi, götürulməyib?
Türkiyənin öz qanunları var. Bir qəbrin üstünü götürmək istəyirsənsə gərək Daxili İşlər Nazirliyindən icazə alasan, hələ sonra Mədəniyyət Nazirliyi də qarışır işə. Yəni heç bir məzar bir-birindən fərqlənməməlidir. Nə isə, uzun bir prosesdir.
Bir zamanlar Qarsda Azərbaycanın baş konsulu olan Həsən Zeynalov Kərbəlayı İsmayılın Iqdırdakı məzarını onun adına layiq götürmək istəyəndə uzun zaman mübarizə aparmışdı. Bildirmişdilər ki, məzarın üstə büst qoydurmaq olmaz. Nəhayət, Azərbaycan hökuməti də işə qarışandan sonra bir şərtlə icazə vermişdilər ki, bütün qəbiristanlığı abadlaşdıraq. Və elə də olmuşdu.
Səhərisi günü Qarsdakı baş konsulumuz Ayxan Süleymanlıyla görüşəndə bu məsələ ilə maraqlandım. Bildirdi ki, dəfələrlə Türkiyənin Daxili İşlər Nazirliyinə müraciət edib, hələ ki icazə ala bilməyib.
Bilmirəm, indi Sultan bəy Sultanovun, Atatürkün arkadaşının məzarı yenə o gündədi, yoxsa götürülüb. Hərçənd ki götürüləcəyinə inanmıram. Götürülməyibsə, bu işə də Azərbaycan hökuməti qarışmalıdır.
Rəşad Məcidlə Laçının küçələrini gəzirik. Soruşur ki, nə axtarırsan?
- Sultan bəy küçəsini.
Həmən küçəni tapırıq
Və inanıram ki, bir gün Laçında Sultan bəyin abidəsi də qoyulacaq.
Onu da qeyd edim ki, Qarabağda Xosrov bəy məclislərə girəndə hamı deyirmiş ki, Sultan bəyin qardaşı gəldi. Bu da Xosrov bəyin xətrinə dəymirmiş, əksinə, fəxr edirmiş. Və onu da bilmək lazımdır ki, Sultan bəyi Sultan bəy edən də elə Xosrov bəy idi.
28 il mən Laçın üçün necə darıxmışamsa, qoy bir az da laçınlılar, eləcə də oxucular da mənim daha nə yazacaqlarım haqda darıxsınlar.
(Ardı var)