( VIII məqalə)
Rəmişə qulaq asmaq üçün Laçın Turşsusuna getməyə dəyərdi.
Balaca qardaşımı göndərdim, gedib diplomat çantamı gətirdi, oturduq Əhməd həkimin maşınına, üz tutduq Laçına.
Bu səsgücləndiricini 1973-cü ildə elə Rəmişin xətrinə yığmışdım. Axşamlar maqnitofonu qoşurdum bu səsgücləndiriciyə və Rəmişin ecazkar musiqisi yayılırdı məhləyə.
1974-də dərs ili başa çatanda kəsirim olmadığına görə atam Hacıkəndə iki putyovka hədiyyə elədi mənə – 24 günlük. Dedi ki, bir dostunu da tap, qoşa gedin, tək buraxmıram. Gəldim Kinonun arxasındakı çayxanaya Eldar Kərimovu tapdım. Eldar qardaşım Kamillə bir yerdə işləyirdi, 2 nömrəli musiqi məktəbində tar müəllimiydi. Çox xoş, duzlu, zarafatcıl bir oğlanıydı, qeyri-adi gitara çalırdı. Rəmişin barmaqlarından nə tökülmüşdüsə hamısını bitdə-bitdə dənləmişdi. Xasiyyəti də Rəmişə oxşayırdı, bir az dəlixay idi. Qədir Rüstəmov da toylara yalnız onunla gedərdi. Bir də görərdin Qədir oxuduğu yerdə Eldar uydu və necə başladısa Qədir səsini kəsib ona qulaq asırdı. Eldar da cuşa gəlib elə çalırdı ki, toydakıların matı-qutu quruyurdu.
Sonda Qədir deyirdi:
- Vallah, bu, dəlidi.
Nə isə. Atam maşını verdi getdik Hacıkəndə.
Eldarın xahişiylə sanatoriya müdirinə görüm-baxım elədim, dağın başındakı sonuncu kotteci verdi bizə. Oturmuşuq sanatoriyanın həyətində, adam da çox və təbii ki, bizi vecinə alan da yoxdu. Eldar dedi ki, darıxma, səhərdən bu sanatoriya bizim olacaq.
Gecə saat 10-nu keçəndən sonra dedi ki, səsgücləndiricini quraşdır. Oturduq eyvanda və Eldar başladı, nə başladı. Heç iyirmi dəqiqə keçməmiş sanatoriyada nə qədər adam vardı yığışdılar eyvanın altındakı yamaca. Eldarsa uyub getmişdi. Bir də gördük ki, bir kapitan bir uşağın əlindən tutub gəlir. Dedim, yəqin gəlir ki, musiqini kəssin, camaata mane olursuz. Gəldi çatdı və dedi:
- Mən Hacıkəndin uçastkovısıyam. Kəndin aşağısında oluram, oğlum dedi ki, ata, deyəsən Rəmiş çalır. Durdum oğlumu da götürüb gəldim qulaq asmağa.
Təbii ki, çalan Rəmiş deyildi, Rəmişin şagirdi Eldar idi.
Bir azdan üç-dörd erməni də gəldi. Əlləri dolu gəldilər: çolpa soyutması, tut arağı, növbənöv şorabalar.
Beləliklə, harda otururduq, hamı bizim başımıza yığışırdı, təbii ki, Eldara görə. Sanatoriyanın həyətindəki çayxananı Nadir adlı bir gəncəli balası işlədirdi, on qardaşıydılar. Bir axşamçağı çayxanada çay içirdik, bir aşıq gəldi və başladı çalmağa. Eldar dedi ki, aşıq qardaş, o sazını beş dəqiqə mənə verə bilərsən?
- Buyur.
Eldar sazı aldı və saz havalarını necə ifa elədisə hamı yığışdı çayxanaya. Hamı da Eldarın önündəki stolun üstünə pul atırdı. Aşığın gözləri Eldarın ifasına bərələ qalmışdı. Sonra Eldar sazı qaytarıb verdi aşığa, stolun üstünə yığılmış pulları da sayıb-sahmanladı, 850 manatıydı və verdi aşığa:
- Bunu mən yox, sənin sazın qazanıb, halal xoşun olsun.
Eldar belə Eldarıydı. Heyf, çox cavan öldü. Şəkər xəstəsiydi, Kinonun qabağında Kəllə Mamed deyilən bir adamla sözü çəpləşdi, Kəllə Mamed də onu bıçaqladı. Ondan sonra yarası sağalmadı və rəhmətə getdi. Heyf.
İndi həmin səsgücləndiricini götürmüşdüm və Eldarın orijinalı Rəmişlə gedirdim üzü güləbədinə, Laçına.
Həmin səfərdən Laçından bir xoş xatirə qalıb məndə, bunu ona görə yazıram.
Şəhərə girəndə gördük ki, maşında bir qırmızı işıq yanır. Hamımız «atliçni» sürücü olduğumuza görə bilmədik bu nəyin göstəricisidi. Yanacaqdoldurma məntəqəsində saxlayıb işçilərdən soruşdum ki, bu nədi. Gəlib baxdılar, sonra kapotu açıb yağ şompulunu çıxartdılar və dedilər ki, ay qardaş, şompul yağa dəymir, maşını sürmək olmaz. Məlum oldu ki, yanacaqdoldurma məntəqəsində yağ satılmır. Maşını sürdüm bazar başına, ordakı «Jiquli»lərin sürücülərindən yağ soruşdum, bəlkə onlarda ola. Hamısı dedi ki, maşınım yağ yemir, ona görə də yağ gəzdirmirik.
Gördüm ki, boylu-buxunlu bir ağsaqqal gəlir, əlində də qəşəng bir çomağı var, yaxınlaşıb dedim:
- Ağsaqqal, hər vaxtınız xeyir. Biz qəribik, başımıza belə bir iş gəlib.
Ağsaqqal məsələni öyrənəndən sonra dedi:
- Siz gözləyin, mən bir azdan gəlirəm.
Rəmişə də yalvarmışam ki, maşından düşməsin, camaat yığışacaq başına.
Getdi, təxminən 25-30 dəqiqədən sonra bir UAZ-la qayıtdı. Və dedi ki, maşını elə buraxın ağzıaşağı, bizim arxamızca.
Gəlib çatdıq bir anbara. UAZ-dan cavan, yaraşıqlı, əynində kostyum, qalstuklu bir oğlan düşüb anbarın qapısını açdı. Sonra qayıdıb bizim maşını sürdü həyətə. Pencəyini, qalstukunu çıxarıb qoydu bir kənara və maşınımızın yağını dəyişdi.
Sonra məlum oldu ki, bura RTS-in anbarıdı, bu cavan oğlan da RTS-in müdiridi və toya gedirmiş.
Cavan oğlan dedi:
- Ağsaqqal, başqa bir qulluğun var?
- Yox, sənə yaxşı yol.
Ağsaqqal oturdu bizim maşına və dedi:
- İndi sür bizim həyətə. Həyətdə boğazı bıçaq gözləyən bir quzum var. Arvad da qonaq sevəndi.
Yalvardıq ki, dayı, vaxtımız yoxdu, uzaq yol gedəcəyik, sağ ol.
- Onda məni aparın bazarın başına, hardan götürmüsünüz, ora.
Bazarın başında maşını saxladım, ağsaqqal düşdü və bazara baxıb əlləri ilə nəsə dedi. Bir də gördük ki, gəlib maşının baqajını açdılar, yemiş, qarpız, üzüm, xiyar-pomidor, göy-göyərti doldurdular baqaja, sonra da bir cəmdək gətirdilər. Nə illah elədik ki, istəmirik, sağ olun.
Ağsaqqal:
- Cavan oğlanlarsınız, gedin bir bulağın başında yeyin-için, burda nə var ki?
Soruşdum:
- Dayı, adın nədi?
Ağsaqqal tərs-tərs mənə baxıb dedi:
- Adımı neynirsən, nə vaxtsa əvəzini qaytarmaq istəyirsən? Mənə dediyini Laçında kimə desən, bəlkə o məndən beşqat artığını edərdi. Özün də prezidentə oxşayırsan.
Gülmək məni tutdu, onda «prezident» sözü dəb deyildi, bu söz onun ağlına hardan gəldi.
Nə isə, biz getdik Laçın Turşsusuna. Yeməkxanada oturmağa yer yoxuydu. Birdən müdir Rəmişi gördü, qucaqlayıb öpdü və çıxartdı bir az yuxarı:
- Xoş gəlmisən, buralar sənə qurbandı. Bu besetka Cabbarovundu, heç kəsi bura buraxmırıq, buyurun, oturun. Cabbarov eşitsə ona da xoş olar.
Rəmiş dedi ki, diplomatı aç quraşdır və gitaranı götürdü.
Bir az keçməmiş Laçına səs yayıldı ki, Rəmiş Laçın Turşsusundadı, özü də çalır. Camaat maşınlardan töküldü. Duranda hesab da almadılar, dedilər qonaqsınız. Ağsaqqalın maşına qoydurduğu cəmdəyi də qayıdanda İsa bulağında oturub yedik.
Bakıya qayıdanda Laçının simvollarından biri olan şair Malik Fərruxa hadisəni danışdım və həmin ağsaqqalı təsvir edib kimliyini soruşdum.
Dedi:
- O, Məhəmməd kişi olacaq. Əvvəllər bazarın müdiri idi, indi təqaüdə çıxıb.
Altıncı, ya yeddinci dolamaya çatanda dedim:
- İradə, Ağdamda məktəb direktoru vardı Süleyman müəllim, sonra Xankəndində Pedaqoji İnstitutda dekan işləyirdi, onun oğlu bu dolamadan düz sürmüşdü, uçmuşdu dərəyə. Maşında da dörd nəfər. Maşın ilk yerə dəyəndə qapılar açılmışdı, dördünü də tullamışdı, özü isə gedib dərənin dibində çaya düşmüşdü. Sonra Süleyman müəllimi məcbur elədilər ki, maşını dərədən çıxarsın. Ora vertolyot da yenə bilməzdi. Məcbur olub bir maşının pulunu xərclədi traktorlarla yol çəkdirdi, maşını çıxartdırdı və verdi utilloma.
- Hələ çox xatirən qalıb?
- O qədər. Hələ geri qayıdanda da danışacam. İndi mən başdan-ayağa xatirəyəm də.
Gəlib çatdıq sonuncu dolamaya və qarşımızda Laçının gözəl mənzərəsi açıldı.
Musa Urudun gözəl bir şeiri yadıma düşdü:
Laçının qaşında qar çiçəklədi,
Heyva çiçəklədi, nar çiçəklədi.
Yaxası düyməli yar çiçəklədi…
Amma indi qar çiçəkləmirdi, bütün dağ-dərə çiçəkləmişdi, şair.
Bu mənim 38 il əvvəl gördüyüm Laçın deyildi. İsveçrənin dağ qəsəbələrindən heç də geri qalmayan, dağ memarlığı üslubunda yüksək səviyyədə tikilmiş bir Laçın gördük.
Yəqin ki, rəhmətlik Süleyman Rüstəm sağ qalsaydı və bu Laçını görsəydi yazardı:
Cənnət görmək istəyən Laçına gəlsin!
Beləcə, varid olduq Laçına. Girişdə gözümə ilk sataşan küçənin adı oldu: «Xosrov bəy Sultanov» küçəsi.
Əziz oxucu, bağışlayın də, sizi də yordum, özüm də yoruldum. Qalanı da qalsın 4-cü günə Allah qoysa.